Azərbaycan Demokratik Respublikası (1918-1920): Yaranması, əsas mərhələlər və irsi

Azərbaycan Demokratik Respublikasının (ADR) meydana gəlməsi şübhəsiz Qafqazda və onun ətrafında gedən geniş miqyaslı proseslərin məhsulu idi. Çar Rusiyasında və onun Qafqazdakı ərazilərinin qonşuluğunda - Osmanlı İmperiyası və İranda baş verən dəyişikliklərin də ciddi təsiri var idi. ADR elitasının həm müsəlman, həm də qeyri-müsəlman çevrələri Romanovların hamiyyətinin son dövründə təşəkkül tapmışdı. English

1870-80-ci illərdə dünyaya gəlmiş bu elita əsasən Rusiyanın məkəblərində və universitetlərində təhsil almış və onun xeyli hissəsi barışmaz sosialist kimi yetişmişdi. İlkin mərhələdə sosializm ideyalarına rəğbət göstərən Azərbaycan intelligensiyası sonradan həm də çar hökumətinin ruslaşdırma siyasətini tənqid etməyə və Azərbaycan dili üçün istifadə olunan əski əlifbanın latın qrafikalı əlifba ilə əvəz olunmasını tələb etməyə başladı. 1905-ci il inqilabından sonra Rusiya imperiyasındakı məhdud liberallaşma proseslərindən faydalanan Azərbaycan ziyalıları əsasən Bakı və Tiflis şəhərlərində cəmlənmiş və burada öz ideyalarının təbliği üçün Azərbaycan və rus dillərində qəzet və jurnal nəşrinə nail olmuşdular. 1918-ci il mayında ADR-in elan olunması ərəfəsindəki hadisələri incələyərkən üç mühüm amili qeyd etmək lazımdır:

  1. Həm şiə, həm də sünni təriqətindən olan Azəybaycan ziyalıları millət, dil və sosial mövzuları ciddi müzakirə edirdi. Onların nümayəndələri Qafqazın müxtəlif bölgələrinə, İstanbula və İranın müxtəlif şəhərlərinə səfərlər edir, müasirləşmə, sosial islahatlar, qadınların emansipasiyası və daha geniş məsələlər haqqında fikir mübadiləsi aparırdılar. Bakı, Tifli və Şuşada yaşayan ziyalılar gürcü və xüsusən də erməni milli qüvvələrinin istəklərini, siyasi emansipasiya və digər prosesləri müşahidə etmək imkanından faydalanırdılar. ADR-in dövlət başçısı Məhəmməd Əmin Rəsulzadə (1884-1955) bir neçə il Tehran və İstanbulda yaşamışdı. Yazıçı və ADR-in Osmanlı imperiyasındakı səfiri Yusif Vəzir Çəmənzəminli (1887-1943) ali təhsilini Kievdə almışdı. ADR-in xarici işlər naziri Əlimərdan bəy Topçubaşov (1865-1934) Sankt-Peterburq Universitetinin məzunu idi. Çar imperiyasının qürubunda mümkün olan mobillik Azərbaycan ziyalılarına fəal siyasi həyatın cərəyan etdiyi urban mərkəzlərə yol açmışdı.
  2. Bütövlükdə Qafqaz, xüsusən də Azərbaycan Rusiya, Osmanlı Türkiyəsi və İran arasında vacib sərhəd olmaqla yanaşı Böyük Britaniya, Rusiya, Osmanlılar və Almaniya arasında da rəqabət məkanı idi. Bakı nefti bu baxımdan həlledici rol oynayırdı. ADR-in 23 aylıq dövlətçiliyi dövründə Bakı həm Osmanlı, həm Böyük Britaniya qoşunlarının, sonda isə  Qızıl ordunun ölkəyə daxil olmasının şahidi oldu.
  3. 1917-ci ildə Rusiyadakı inqilablar dövründə Azərbaycan siyasi elitası siyasi muxtariyyət istəyini təbliğ edirdi. Milli və dövlət müstəqlliyi ideyası daha sonra, 1918-ildə ortaya çıxsa da, sürətlə populyarlaşırdı. Gürcüstandan iki gün sonra həm Ermənistan, həm də Azərbaycan öz müstəqilliklərini elan etdilər. ADR Tiflisdə elan olundu və Azərbaycan hökuməti Gəncəyə köçənədək oradan fəaliyyət göstərdi.

Müasirlik və inkişaf niyyətli mübarizə

ADR-in azərbaycanlı elitası Şərqi Qafqazın çoxmilli və çoxdinli əhali sturkturunun güzgüsü idi. Şiələr təfəfindən idarə olunan parlamentdə sünnilər, polyak katoliklər, ermənilər və ruslar təmsil olunurdu. ADR dünyəvi parlamentli demokratiya idi və 1918-ci ildə qadınların seçki hüququnu tanımışdı. 1918-ci ilin payızında Bakıya köçən ADR-in gənc hökuməti universitet yaradılması təşəbbüsünü həyata keçirdi.

Qonşu Gürcüstan və Ermənistanla müqayisədə dövlət quruculuğuna ən az hazır olan toplum Azərbaycanda idi. Burada yaşayan müsəlmanlar və yəhudilər çar ordusunda hərbi xidmətə buraxılmırdı. İxtisaslı hərbi heyət olmadığından ADR hökuməti Osmanlı zabitlərini və polyak tatarlarını dəvət etməyə məcbur qalmışdı. Yüksək rütbəli, tatar mənşəli polyak hərbi eksperti Maçey (Süleyman) Sulkeviç (1865-1920) keçmiş imperiya daxilində bu cür transferlərə nümunədir. Qısaömürlü Krım dövləti ruslar tərəfindən alındıqdan sonra Sulkeviç Bakıya köçmüş və ADR-da ordu qurulmasında yaxından iştirak etmişdi. Qısa ömürlü Respublika ümumiyyətlə kadr çatışmazlığından əziyyət çəkirdi. Dövlət qurumları və nazirliklər üçün işləyən bir sıra kadrlar isə hətta bolşevik Rusiyasına rəğbət göstərirdilər. Azərbaycanın xüsusi xidmət orqanlarında vəziyyət lap acınacaqlı idi. Bakıdakı hökumət ölkənin bolşeviklər tərəfindən infiltrasiyası və gizli xidmətlərinin qarşısını almaqda aciz idi.

ADR-in siyasi rəhbərliyi, xüsusən də 1911-ci ildə yaranmış Müsavat (bərabərlik) partiyasında toplaşan şəxslər ölkədaxili məsələlərdən daha çox xarici siyasətə və ADR-in xarici dövlətlər tərəfindən tanınmasına diqqət ayırırdılar. Bakı Topçubaşovun rəhbərlik etdiyi deleqasiyanı 1919-cu ildə Parisdə keçirilən sülh konfransına ezam etmişdi. ADR xaricdə, əsasən qonşu ölkələrdə bir neçə diplomatik nümayəndəlik yarada bilmiş və ölkədə xarici səfirliklər qəbul etmişdi. ADR-in xarici siyasəti qismən öz məqsədinə çatdı. 1920-ci ilin əvvəlində ADR de-fakto tanındı. Antanta dövlətləri bolşeviklərin ağqvardiyaçı rəqiblərini müdafiə edir və Azərbaycan milli dövlətinin de-yure tanınmasından imtina edirdilər. Bu isə Azərbycanın xaricdəki diplomatik fəaliyyətini çətinləşdirirdi. Yüksək təhsilli, fransızca sərbəst danışan Topçubaşovun və onun həmkarı Ceyhun Hacıbəylinin (1891-1962) diplomatlarla çoxsaylı görüşlər keçirməsinə və Azərbaycanın iqtisadi potensialına dair bukletlər çap edib paylamasına ramən onlar Parisdəki beynəlxalq ictimaiyyəti Azərbaycanın tam tanınmasına dəstək qazana bilmədilər. Gürcü menşeviklərlə müqayisədə Müsavat siyasətçiləri o dövrdə Avropanın siyasi çevrələrində daha az tanınırdılar.

Diplomatik çəkişmələrin fonunda ADR-in ən böyük uğuru Bakı Universitetinin yaradılması oldu. 1919-cu ilin payızında bir neçə fakültədə dərslər başlandı. Tədris dili rus dili idi. İlk rektor Vasili I. Razumovski (1857-1935) Saratov Universitetindən dəvət olunmuşdu. Rəsulzadə və onun tərəfdaşları universitet yaradılması ideyasını artıq uzun müddət təbliğ edirdilər. Onlar Mərkəzi Rusiyadan professorları cəlb etmək və elmi ədəbiyyat sifarişi ilə universitetə dəstək verə bildilər.

Təhsil və mədəniyyət layihələrində bir sıra uğurlar olsa da, Bakının iqtisadi siyasəti məhvə məhkum idi. Bakı nefti dolu çənlərdə qalıb öz müştərisinə çata bilmirdi. Ölkədə eyni vaxtda bir neçə valyuta dövriyyədə idi. Dövlət sərhədləri məsələsi də həll olunmamış qalırdı: ADR hökuməti əhalisinin çox hissəsi azərbaycanlı olan Dərbənd uğrunda Rusiya ilə rəqabət aparırdı. Azərbaycan-Gürcüstan sərhədi 1918-ci ildən bəri bir sıra ikitərəfli görüşlərdə müzakirə olunduğu halda, Ermənistan və ADR arasındakı çox da intensiv olmayan müharibə Azərbaycanın Qızıl Ordu tərəfindən işğalına qədər davam etdi. Azərbaycan hərbi hissələrinin Rusiya ilə sərhəddə deyil, Qarabağ regionunda yerləşməsi isə 1920-ci il aprelin 27-də bolşeviklərin ölkəyə daxil olmasını sürətləndirdi. Aprelin 20-də ADR süqut etdi. Qızıl Ordu Bakını ələ keçirdi. Azərbaycan rəhbərliyinin bir sıra təmsilçisi, eləcə də müsavatçı elitanın nümayəndələri qonşu Gürcüstana, Osmanlı İmperiyasına və İrana köçdülər. Rəsulzadə özü isə siyasətdən gedərək Azərbaycanın şimalında dağlıq ərazidə yerləşən Lahıc kəndinə sığındı. O, bolşeviklərin təklifini qəbul edərək Petroqraddakı Şərqşünaslıq İnstitutunda işləməyə başladı.

ADR-in süqutu

ADR-in işğalından sonra bolşeviklər ideoloji təmizləmə işlərinə başladılar. 1920-ci ilin yayında Müsavat üzvlərini bir qrupu və Azərbaycan hərbçiləri Gəncədə bolşeviklərə qarşı üsyana qalxdılar. Bolşeviklər üsyanı boğaraq təşkilatçıları cəzalandırdılar. Üsyanın məğlub olması və bolşevik repressiyaları sovet Azərbaycanından yeni mühacir dalğasına təkan verdi.

Rəsulzadə 1922-ci ildə sovet Rusiyasından mühacirət etməyə qərar verərək Sovet Rusiya-Finlandiya sərhədini keçdi və həmin ilin payızında öz qürubunu yaşayan Osmanlı imperiyasına gəlib çıxdı. Parisdəki mühacir diplomatlar Topçubaşev və Hacıbəyli ilə yanaşı Rəsulzadənin İstanbuldakı fəaliyyəti sayəsində azərbaycanlıların xaricdəki antibolşevik fəaliyyətinin ən mühüm mərkəzi yarandı. İki dünya müharibəsi arasındakı dövrdə Azərbaycan siyasi mühacirəti Paris, Varşava, İstanbul və İranın bəzi şəhərlərinə səpələndilər. İkinci dünya müharibəsindən sonra Azərbaycan siyasi mühacirətinin əsas mərkəzi olan İstanbuldakı birliklər ADR-i xüsusi olaraq xatırlayırdılar. Sovetləşmiş Azərbaycanda 28 aprel bolşevik müdaxiləsi günü “Sovet hakimiyyətinin bərqərar olması günü” adı ilə dövlət bayramı kimi qeyd olundurdu. ADR-in elan olunduğu 28 may isə unudulurdu. Yalnız tarixçilərə məlum olan bu gün burjuaziyanın dəstəklədiyi çevriliş kimi təqdim olunurdu. Bakıda metro stansiyalarından birinə 28 Aprel adı verilmişdi. ADR-in əsas ziyalıları və siyasətçiləri “imperialist dövlətlərin, agenti, satqın və istismarçı” adlandırılırdılar.

1934-cü ildə mühacirətdə vəfat edən Topçubaşovdan fərqli olaraq sovet Azərbaycanına qayıtmağa qərar verən Çəmənzəminli əmək düşərgəsinə sürgün edildi və 1943-cü ildə orada həlak oldu. Rəsulzadə isə 1955-ci ildə Ankarada dünyasını dəyişdi və oradakı azərbaycanlı mühacirlərin köməyi ilə dəfn olundu. Təqribən otuz il sonra sovet Azərbaycanında vəziyyət dəyişdi. Qorbaçovun yenidənqurma siyasəti müəyyən liberallaşmaya şərai yaratdı və Bakıdakı tarixçilər Azərbaycan tarixini yazarkən rəsmi ideoloji çərçivədən kənara çıxa bildilər. Cəmi iyirmi üç ay mövcud olmuş ADR, onun yaranması, daxili və xarici siyasəti, eləcə də əsas dövlət xadimləri haqqında nəşrlər Bakının kitab dükanlarının rəflərinə “qayıtdılar” və yerli qəzet və jurnalların səhifələrinə onlara geniş yer verilməyə başlandı. Yazıçı Əzizǝ Cǝfǝrzadǝ (1921-2003), Cəmil Həsənli, Vilayət Quliyev, Nəsib Nəsibli, Nəsiman Yaqublu kimi gənc tarixçilər, jurnalistlər və dilçi alimlər ADR-i yenidən kəşf etməyə başldılar və ADR tarixinin əsas mərhələləri haqqında əhalinin geniş təbəqələrinin marağını oyadan məlumatları bərpa etməyə çalışırdılar.

Yaddaşın qayıtması?

1990-cı illərin əvvələrində ADR mövzusu məktəblərin və universitetlərin tədris proqramına daxil edildi. Azərbaycanın milli valyutası manatın üzərində Rəsulzadənin şəkli çap olundu. Bakı yaxınlığındakı Novxanı qəsəbəsində onun heykəli qoyuldu və Kirovun adını daşıyan Azərbaycan Dövlət Universitetinə Rəsulzadənin adı verildi. Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin 1992-1993-cü ilədək bir illik prezidentliyi dövründə ADR postsovet dövlət quruculuğunun ilham mənbəyinə çevrildi. Sovet İttifaqının süqutundan sonra Xalq Cəbhəsi Azərbaycanın suverenliyinin bərpa olunmasına israr etdi. 1980-ci illər və 1990-cı illərin əvvəllərində antikommunist qüvvələrin aparıcı fəallarından olan Zərdüşt Əlizadə öz memuarlarını “Ikinci Respublikanın süqutu” adı ilə dərc etdirdi. 

1993-cü ildə Heydər Əliyevin (1923-2003) hakimiyyətə qayıtmasından, xüsusən də on il sonra hakimiyyəti oğlu İlham Əliyevə ötürməsindən bu günədək keçən dövr ərzində ADR-ə münasibət radikal şəkildə dəyişdi. Bir sıra alimlər və jurnalistlər ADR-in iki illik tarixini öyrənməyə davam etdiyi halda Azərbaycan rəsmi qurumları ADR-in əsas dövlət şəxsiyyətlərinin xatırlanmasına həvəs göstərmədi. Bakıda Rəsulzadənin heç bir heykəli, onun adını daşıyan heç ir metro stansiyası və ya böyük park yoxdur. Bakı Dövlət Universiteti də artıq Rəsulzadənin adını daşımır və onun şəkli yeni manatda daha görünmür. Bir neçə il əvvəl Bakıda ADR-ə həsr olunmuş obelisk ucaldıldı, lakin nə bu istiqlal abidəsi, nə də Rəsulzadənin Novxanıdakı heykəli keçmiş prezident Heydər Əliyevin dövlət səviyyəsində xatırlanması ilə müqayisə oluna bilməz.

ADR və Müsavat paritiyasının tarixi Azərbaycanın iyirminci əsrdəki tarixi haqqında hekayənin ayrılmaz hissəsinə çevrildiyi halda müasir dövrdəki Müsavat partiyası bir sıra səbəblərdən kiçik bir ziyalılar klubu olaraq hakimiyyətə müxalifətliklə məhdudlaşır və siyasi partiya kimi fəaliyyət göstərə bilmir. Müsavat bir sıra qrupların ondan ayrılmas ilə nəticələnən fraqmentləşməyə və daimi təqiblərə məruz qalaraq üzvlərinin xeyli hissəsindən məhrum oldu. Bununla belə, Müsavat və ona yaxın tarixçilər ən azı ADR-in xatırlanması mövzusunda mühüm rol oynayırlar, axı Müsavat özünün ən uzun hakimiyyət dövrünü 1918-1920-ci illərdə yaşamışdı…