AZƏRBAYCANLA ŞƏRQ TƏRƏFDAŞLIĞININ 10 İLİ: QARŞIDAKI UZUN YOL

Əməkdaşlığın on ili: Hara gəlib çatmışıq?

2019-cu il altı keçmiş sovet respublikası – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə Şərq Tərəfdaşlığı təşəbbüsünün imzalanmasının onuncu ildönümüdür. Ermənistan və Belarus üçün inkişafın istiqaməti aydındır: bu ölkələrin siyasi rəhbərliyi Avropa İttifaqı ilə sıx əməkdaşlığa baxmayaraq öz siyasətlərini Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə uyğunlaşdırmağa qərar verib. Gürcüstan, Moldova və Ukraynanın siyasi elitaları isə niyyətlərinin gələcəkdə Avropa İttifaqı və NATO-ya üzvlük olduğunu bildiriblər və Baltikyanı ölkələrin nümunəsinə istinad ediblər. Azərbaycanın gələcək istiqaməti isə birmənalı aydın deyil. Avropa İttifaqı ilə enerji və ticarət sahəsində əməkdaşlıq Azərbaycanın siyasi prioritetləri sırasında qalır. Azərbaycan Avropa İttifaqına öz məhsullarınn bazarı kimi baxır və ümid edir ki, Aİ nə vaxtsa Qarabağ münaqışəsinin həllində Rusiyanı tarazlayacaq qüvvəyə çevriləcək.

Azərbaycanlılar arasında 2017 və 2018-ci illərdə keçirilmiş sorğuların nəticələrinə görə rəyi soruşulanların 40-47%-I Avropa İttifaqına etibar edir, 41%-in isə Aİ haqqında qavrayışı sülh, təhlükəsizlik və sabitlik ilə bağlıdır. Respondentlər Aİ ilə bağlı digər dəyərlər arasında düzgünlük (38%) və itisadi rifahı (26%) qeyd edir.[1] Bundan başqa, Azərbaycanın siyasi rəhbərliyi Aİ-nın Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstəyindən razı olduğunu daim dilə gətirir. Aİ Şurasının prezidenti Donald Tuskun 2019-cu iyulun 9-da Bakıda verdiyi son bəyanatda “Aİ-nın Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini”[2] bildirməsi Azərbaycanlılar üçün daha bir sübut oldu ki, digər regional oyunçularla müqayisədə ən qərəzsizi Aİ-dır. Bundan başqa, ötən 25 ilə ərzində Aİ Azərbaycan üçün vacib tərəfdaş olub və texniki, humanitar, fövqəladə hallar və qida sahələrinə 333 milyon avro ayırıb. 35 milyard avro yatırım ilə Aİ Azərbaycanda ən böyük sərmayəçidir. Aİ ölkələrinin Azərbaycanın xarici ticarətində payı 47% təşkil edib, bu isə MDB ölklərinin və ya Türkiyənin payından xeyli artıqdır. Eyni zamanda, Aİ-da son siyasi dəyişikliklər, xüsusən də Brexit və ifrat sağ və millətçi partiyaların böyüyərək Avropa Parlamentində yer alması Azərbaycanda Aİ-nın dayanaqlı gələcəyinə olan inamı azaldıb.

Brexitin sonrası və miqrasiya böhranı: Yolumuz haradır?

Maliyyə problemləri, miqrasiya böhranı, eləcə də Avropada sağçı partiyaların böyük dəstək alması bütün regionda həyacan siqnalı kimi qəbul edildi. Böyük Britaniyada Brexit referendumunun gözlənilməz nəticələri də azərbaycanlıların Aİ ilə gələcək əməkdaşlığa dair qavrayışlarına təsir etdi. Britaniya Azərbaycanda xüsusən enerji sektorunda əsas investordur və Bakıda Aİ-nın aparıcı qüvvəsi kimi açar rol oynayıb. London rəsmi Bakının Aİ-da təşəbbüslərinin əsas dəstəkçisi olub, eləcə də Azərbaycanla beynəlxalq enerji şirkətləri ilə müqavilənin imzalanmasını, Bakı-Ceyhan neft kəmərini və Xəzər dənizindən Avropaya gedəcək Cənub Qaz Koridorunu təbliğ edib. Britaniyanın Azərbaycandakı enerji maraqları Bakıya imkan yaradırdı ki, Aİ üzvləri ilə münasibətlərdə öz maraqlarını daha yaxşı təmsil edə bilsin və Aİ-dan Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edən bəyanatlara nail olsun. Əlbəttə, Britaniyanın Aİ-nı tərk etmək haqqında qərarı Bakının Brüssel ilə əməkdaşlığını dayandıracağı anlamına gəlmir. Amma Londonun əsas oyunçular cərgəsindən çıxması Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Tansxəzər qaz kəməri kimi bir sıra layihələrdə Azərbaycanın əvvəlki səviyyədə dəstək almasını çətinləşdirəcək.[3] Avroskeptisizmin gücləndiyini nəzərə alan Bakı ona iqtisadi, maliyyə və siyasi probləmlərin həllində kömək edə biləcək digər regional ittifaqlarla əməkdaşlıq etməyə başlayıb. Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqı (Aİİ) alternativ güc və cazibə mərkəzi kimi qəbul olunur. Moskvanın nüfuz dairəsində olan digər bir birlik – Müstəqil Dövlətlər Birliyində 25 illik üzvlük Bakıya heç bir ziyan vurmadan Rusiyanın Azərbaycanın qərbə meylindən narazılığını yatırmağa kömək etdi. Bu birlik zəif bir ittifaq olmasına baxmayaraq 1990-cı illərin əvvələrində gərginləşmiş Rusiya-Azərbaycan münasibətlərini yaxşılaşdırdı və vizasız rejim sayəsində Rusiyaya əmək miqrasiyasına imkan yaratmaqla Azərbaycanda yüksək işsizlik problemini yungülləşdirməyə kömək etdi. Bundan əlavə, Rusiyada işləyən azərbaycanlıların ailələrinə etidyi ödənişlər ölkədəki yoxsulluq problemini də yumşaltmağa kömək etdi. Yerli mətbuat bir müddət Azərbaycanın Aİİ-na üzv olmasını da müzakirə edirdi. Amma bu addım Azərbaycanın ixrac potensialını artırmayacaqdı, belə ki ölkənin ixracatında əsas yer tutan neft və qaz Aİİ ölkələrində çatışmayan məhsul deyil. Üstəlik, enerji ehtiyatlarının böyük hissəsi Avropa Birliyi ölkələrinə ixrac olunur. Azərbaycan əhalisinin və onun siyasi rəhbərliyinin ən böyük ümidi nə vaxtsa Rusiyanın Qarabağ münaqişəsini Azərbaycanın şərtləri ilə həllinə kömək edəcəyidir. Amma bu ümidlər indiyə qədər doğrulmamışdır.

Aİ Azərbaycana münasibətdə hansı strategiyanı yürütməlidir?

Təhlükəsizlik təşəbbüsləri

Aİ-nın Şərq Tərəfdaşlığı ölkələrini intergrasiya etmək səylərinə nəzər saldıqda, selektiv yanaşmanın əsas zəif cəhət olduğunu görürük. Məsələn, altı ölkədən dördünün ərazi bütövlüyü pozulmuşdur (Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) və buna münasibət bildirilməlidir. Gürcüstan, Moldova və Ukraynaya tam dəstək verən Aİ Rusiyanın təcavüzkar hərəkətlər etdiyini tanıdığını bildirir, amma Azərbaycana münasibətdə eyni siyasət yürüdülmür. Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistanı təcavüzkar kimi tanımaq mövqeyindən geri çəkilmişdir. Bu gün Cənubi Qafqazda nə ABŞ,-nın, nə də Aİ-nın Rusiya kimi təsir vasitələri var. Moskvanın Ermənistanda hərbi varlığı (Gümrüdəki hərbi baza), Ermənistanda və Gürcüstanda güclü iqtisadi mövqeyi, habelə Azərbaycana nüfuz edən geniş yumşaq gücü var (məsələn, media, mədəniyyət, rus dilində məktəblərin və universitetin olması). Üstəlik, Rusiyanın yüksək vəzifəli siyasətçiləri tez-tez Bakıya səfər edirlər və Rusiya siyasi rəhbərliyi Azərbaycanı özünün təsir dairəsinə  cəlb etməyi nəzərdə tutan gələcək planlarını gizlətmir. Bakı ilə Moskva arasında hərbi əməkdaşlıq da nəzərə çarpacaq dərəcədə genişlənib. Son altı ildə Azərbaycan təxminən 3,35 milyard dollarlıq silah idxal edib ki, bunun da 80 %-i Rusiyadan alınmış silahların, o cümlədən iki S-300 raket sistemi, 94 T-90S tankı, 20 Mi-35M helikopteri və 100 BMP-3 kimi zirehli texnikanın payına düşür. Bundan başqa, Azərbaycan Rusiyanın müttəfiqi olan Belarusiyadan 25 ədəd Su-25 təyyarəsi və 93 ədəd T-72M1 tankı alıb[4]. 2016-cı ilin aprel məğlubiyyətin şokundan sonra Ermənistan tərəfi güc tarazlığını dəyişdirmək və ya gələcəkdə Azərbaycanın oxşar hərəkətlərini qarşısını almaq üçün Rusiyadan külli miqdarda hərbi texnika almağa başladı. 2016-cı ilin sentyabrında Ermənistan müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş hərbi paradda Yerevan Rusiya istehsalı olan İskəndər qısa mənzilli ballistik raketlərini nümayiş etdirdi. Rusiya İskəndərlərinin Ermənistanda görünməsi Cənubi Qafqazda yeni bir silahlanma yarışına təkan verə və təhlükəsizlik üçün yeni problemlər yarada bilər. Ümumiyyətlə Aİ-nın Azərbaycanın təhlükəsizlik məsələlərinə passiv yanaşması və Qarabağ münaqişəsinin həllində fəal mövqe göstərə bilməməsi Azərbaycanı Rusiyadan kömək istəməyə sövq edir. Moskva isə əlbəttə münaqişənin uzadılmasında və hər iki tərəfi silahlandırmağa davam edərək onları özündən asılılıqda saxlamaqda maraqlıdır. Aİ özünün yumşaq və iqtisadi gücü ilə Azərbaycana yenidənqurma işlərində kömək edə bilər; hər iki ölkəyə böyük sərmayə, iqtisadi fayda vəd edə və münaqişənin sülh yolu ilə həllinə təhrik edə bilər.

Bakı hökuməti Qarabağ münaqişəsinin yaxın gələcəkdə Azərbaycan üçün böyük problem olaraq qalacağını anlayır. Münaqişə həm demokratik, həm də iqtisadi inkişaf baxımından ölkənin gələcəyinə ciddi mənfi təsir göstərəcəkdir. Uzun illər boyu Qərbin bölgədən uzaqlaşması getdikcə daha da təcavüzkar bir Rusiyanın daxil olması üçün bir boşluq yaratdı. Münaqişənin sülh yolu ilə həllini tapmaq əvəzinə, Moskva münaqişədən silah satışını artırmaq və hər iki ölkənin xarici siyasətinə qarışmaq məqsədilə istifadə etdi. Eyni zamanda, Azərbaycan münaqişənin hərbi yolla həllinin bölgənin inkişafına vuracağı zərəri anlayır və bunun bölgəyə öz sülhməramlılarını yerləşdirmək üçün Moskvanın əlində bəhanə olacağını bilir. Odur ki, Azərbaycan üçün Aİ-nın Şərq Tərəfdaşlığı Qarabağ münaqişəsinin dinc təşəbbüslər yolu ilə həll olunacağına və artan Rusiya təsirinin tarazlanacağına ümid yaradan nadir siyasi platformalardan biri idi. Aİ uzanmış Qarabağ münaqişəsinin həllində daha fəal iştiraka köklənməli və təhlükəsizlik sektorunda islahatlara səbəb ola biləcək problemlərinin həllində Azərbaycana kömək etməlidir. Təəssüf ki NATO Azərbaycanla əməkdaşlıq etdiyi illərdə bu hədəflərə çata bilmədi. Bundan əlavə, NATO-nun iştirakı bu təşkilatı təhlükə hesab edən İran və Rusiyanı dərhal qıcıqlandıra bilər. Beləliklə, münaqişənin təsirini aradan qaldırmaqda Aİ-nın Azərbaycana siyasi və iqtisadi dəstəyi və ərazi bütövlüyünün bərpasına edə biləcəyi kömək keçmişdə Gürcüstan, Moldova və Ukraynada olduğu kimi, bu ölkənin də ictimaiyyətinin qəlbinə və zehninə yol tapmağa ciddi bir töfhə olardı.

Aİ başa düşməlidir ki, Azərbaycan gərgin bir bölgədə yerləşir və Rusiya, İran və Türkiyə kimi regional güclər tərəfindən yaxından izlənilir. Azərbaycan bu ölkələrin əsas təhlükəsizlik maraqlarına hədə kimi qəbul olnacaq hər hansı bir addım ata bilməz. Rusiya və ya İranın mövqeyindən baxdıqda NATO ilə hər hansı bir yaxınlaşma təhdid kimi qiymətləndiriləcəkdir. Beləliklə, Aİ-nın 1990-2000-ci illərdə Baltikyanı ölkələrdə və ya Mərkəzi Avropa ölkələrində tətbiq etdiyi (və NATO ilə əlaqəlndirilmiş) strategiya Azərbaycan üçün keçərli ola bilməz. Aİ-nın bölgəyə nüfuz etməsi ABŞ və ya NATO-dan tam ayrı həyata keçirilməlidir. Onu da qeyd etməyə dəyər ki, Azərbaycanda NATO-ya güvən, insanların Aİ-na olan münasibəti ilə eynidir. 2017-ci ilin fevral ayında keçirilən Qallup sorğusunda iştirak edənlərin təxminən 21% -i ölkənin müdafiəsini NATO ilə əlaqələndirildi. Respondentlərin cəmi 16%-i NATO-ya təhdid kimi baxır, 44% isə ittifaqdan nə bir təhlükə, nə də müdafiə gözləyirdi. Maraqlıdır ki, Azərbaycan keçmiş sovet ölkələri arasında NATO-nu təhlükə sayanların sayının az olmasına görə ikinci yerdə gəlir. Yalnız Gürcüstanda bu say daha aşağıdır (8%). NATO-ya neytral münasibət bəsləyən əhali faizinə görə Azərbaycan birinci yeri tutur, ardınca isə Moldova gəlir (38%)[5]. Bu rəqəmlər göstərir ki, Azərbaycan əhalisinin xeyli hissəsi ölkənin prioritetləri barədə bir mövqe müəyyən edə bilmir, belə ki, son 5 ildə hökumətin Aİ-na yanaşması sərt tənqid və az qala isti münasibətlər arasında dəfələrlə dəyişib. Aİ-nin gələcək siyasətinin hədəfi bu qərarsız insanların etibar və dəstəyini qazanmaq olmalıdır. Bu qrup insanlar asanlıqla Aİİ və ya Rusiya kimi digər qütblərin cazibəsinə düşə bilər. Lakin yuxarıda göstərilən təşəbbüslərdən başqa Aİ ümumilikdə Azərbaycana qarşı strategiyasını dəyişməlidir. Türkiyə ilə Qərb, Aİ ilə ABŞ arasında davam edən soyuqluq, Brexit, eləcə də Rusiya-Qərb qarşıdurması dünyanın siyasi mənzərəsini dəyişdirib. Avroatlantik birliyi əvvəlki kimi yekdil və bütöv deyil. Böyük Britaniyanın yolu tezlikkə ayrılacaq, qalan Aİ üzvlərindən bəzilərinin bölgədə maraqları digərlərindən daha güclüdür. Aİ sırf siyasi yanaşmadan çox iqtisadi, institusional, mədəni və ya münaqişə vasitəçiliyi məsələlərinə üstünlük verməlidir.

İqtisadi təşəbbüslər     

Aİ ölkədə daha çox iqtisadi təşəbbüslərə başlamalıdır. Azərbaycan Avrasiyanın əsas quru və hava nəqliyyatı dəhlizlərinin kəsişməsində yerləşir. Müstəqillik qazandıqdan bəri Azərbaycan hökuməti ölkənin Avropa ilə Asiya arasında körpü rolu oynamasına fəal səy göstərmişdir. Sovet İttifaqının dağılmasından sonra Avropa İttifaqı postsovet dövlətlərini Avropa və Asiya bazarları ilə yenidən birləşdirmək üçün layihələr həyata keçirməyə başladı. 1993-cü ildə Aİ intermodal nəqliyyat təşəbbüslərinə təkan verən bir vasitə kimi Avropa, Qafqaz və Asiya Nəqliyyat Dəhlizi (TRACECA) proqramını işə saldı. O vaxtdan bəri Aİ infrastruktur layihələrinə və TRACECA dəhlizi boyunca limanların, dəmir yollarının və yolların yenilənməsinə 800 milyon dollara yaxın sərmayə qoymuşdur. 2007-ci ilə qədər TRACECA -nın iştirakçı dövlətləri arasındakı ticarət dövriyyəsi 40 milyard dolları keçmiş, Aİ ilə toplu ticarət isə 290 milyard dollara çatmışdı. Bununla belə, 2015-2016-cı illərdən başlayaraq Avropanı Asiya ilə birləşdirmək təşəbbüsü Çinin “Bir kəmər, bir yol” layihəsinın inhisarına keçdi, Aİ-nın iştirakı isə məhdudlaşdı. Brüsselin sərmayələri və nəqliyyat dəhlizinə dəstəyi demək olar ki, əhəmiyyətsiz rəqəmlər səviyyəsinə düşdü. Aİ Xəzərin Azərbaycan sahillərində yeni qurulmuş beynəlxalq Ələt limanına lap az maraq nümayiş etdirmiş və Türkmənistandan Azərbaycan vasitəsilə Avropaya uzanan Transxəzər qaz kəmərinin çəkilməsinə də ciddi səy göstərməmişdir. Əslində Aİ limanların inkişafında iştirak etməklə bir tərəfdən Rusiyaya alternativ yollar bərpa etmək, digər tərəfdən isə Çin və Hindistandan idxal-ixrac əməliyyatlarını asanlaşdırmaq üçün nəqliyyat yollarının inkişafı kimi maraqlarına xidmət etmiş olardı.

Bu gün Azərbaycan üç böyük inteqrasiya təşəbbüsünün / platformasının mərkəzindədir - Avropa İttifaqı, Avrasiya İqtisadi Birliyi və Çinin irəli sürdüyü yeni BRI (Bir kəmər, bir yol təşəbbüsü). Hər üç təşəbbüs Azərbaycana yönəlib. Bakı isə Aİ ilə yaxınlaşmaq üçün Şərq-Qərb dəhlizinə çox ümid bağlayır. Odur ki, Bakı öz nəqliyyat təşəbbüsləri üçün daha çox dəstəyə və iqtisadi layihələrdə Avropanın daha yaxından iştirakına ehtiyac duyacaqdır. Azərbaycan hazırda "Xəzərin incisi" sayılan Ələtdə  dəniz limanı, beynəlxalq logistika mərkəzi və azad iqtisadi zonasından ibarət bir liman inşa edir. Bütün layihənin təqribən 870 milyon dollara başa gələcəyi təxmin edilir və ildə 10 milyon ton yük və 40 min konteyner (ötürmə qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olmaqla) daşımalarının buradan keçəcəyi gözlənilir. Amma layihənin canlandırılması və davamlı olması üçün ölkənin Aİ-dan sərmayə qoyuluşuna ehtiyacı var. Aİ bu nəqliyyat dəhlizini prioritetə çevirərək bölgəyə və Azərbaycana kömək edə bilər (1990-cı illərdə Aİ-nın TRACECA layihəsində etdiyi kimi); Azərbaycanı bir mərkəz halına gətirmək üçün sərmayə qoya və daha yaxşı infrastrukturun yaradılması üçün kreditləri artıra bilər. Bu yardım Azərbaycana və Gürcüstana davamlı nəqliyyat dəhlizi qurmağa və Çin ilə Aİ arasında ixrac-idxal mallarının bir hissəsinin nəqlini cəlb etməyə çox kömək edə bilər. Qara dəniz-Xəzər dənizi dəhlizi də canlandırıla bilər.

Davamlı islahatlara dəstək  

Nəhayət, Azərbaycan üçün ən çox əməkdaşlığa ehtiyac duyulan sahə dövlət idarəçiliyində islahatların davam etdirilməsi, daha hesabatlı və şəffaf idarəetmənin qurulması, həmçinin mövcud institutların inkişafına dəstəkdir. Bəzi sahələrə isə təcili olaraq diqqət ayrılmalıdır və bu sahələrdə Aİ-nın köməyi həlledici ola bilər. Dövlət idarəçilərinin yeni nəslinin yetişdirilməsi Azərbaycan üçün ən vacib vəzifələrdən biridir. Dövlət idarəetmə islahatında uğurun açarı təhsildir. Odur ki, Aİ daha çox vəsait ayırmalı və dövlət qulluqçularının yeni nəslini yetişdirməyə və dövlət qulluqçularını təkmilləşdirməyə kömək etməlidir. Aİ bu sahədə artıq xeyli fəaliyyət göstərib, lakin daha çox iş görə bilər. Aİ-nın (Erasmus) və bəzi Aİ ölkələrinin milli proqramları (DAAD, Visby) vasitəsilə Avropa ali məktəblərində təhsil alan tələbələrin sayı artır, lakin ölkədə əhəmiyyətli dərəcədə dəyişiklik edə bilmək üçün bu kifayət etmir. Beləliklə, Aİ bir neçə vacib hədəfi prioritet elan edə bilər və 2024-2025-ci ilə qədər bu hədəflərə çatmaq üçün bəzi proqramlar həyata keçirə bilər. Bu hədəflərdən biri gender bərabərliyi və siyasətdə, iqtisadiyyatda və ictimai sahədə qadınların rolunun artıtılması ola bilər. Eyni zamanda ölkədə hüquq sisteminin gücləndirilməsi və məhkəmə islahatlarına kömək ölkənin hüquq sistemini yaxşılaşdırar. Bütün bu hədəflər Davamlı İnkişaf Məqsədləri (SDG) və Agenda 2030 hədəfləri ilə həmahəng müəyyən edilə bilər və Aİ Azərbaycanın 2030 məqsədlərinə çatmasına dəstək ola bilər. Azərbaycanda dövlət qulluğu idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində kifayət qədər işlər görülüb. Məsələn, ölkədə bir pəncərə xidməti tətbiq edilib, xırda korrupsiya demək olar ki, tamamilə aradan qaldırılıb və əhaliyə xidmətin göstərilməsi asanlaşıb. Üstəlik, Dövlət Qulluğu üzrə Dövlət Komissiyasının yaradılması dövlət qulluğuna mütəxəssislərin cəlb edilməsi işini yaxşılaşdırıb. Bununla belə, daha çox kömək və nou-hau tələb olunur və bu məsələdə Aİ-nın köməyi həlledici ola bilər.

Nəticə və tövsiyələr

Aİ həm də başa düşməlidir ki, uzunmüddətli perspektivdə həm əhali, həm də siyasi rəhbərlik ölkənin gələcəyini Avropa ilə (birləşmiş və ya ayrı) görür. Azərbaycana dair strategiyasını qurarkən Aİ Avroatlantik məkanın əvvəlki strategiyalarını də nəzərdən keçirməlidir. 1990-cı illərdə ABŞ və Aİ bölgədə regional əməkdaşlığı qurmağa çalışdı. Bakı-Tbilisi-Ceyhan boru kəməri təkcə neftin Xəzər sahillərindən Aralıq dənizi limanlarına çatdırılmasına deyil, həm də Azərbaycanla Gürcüstan arasında iqtisadi və siyasi əməkdaşlığın qurulmasına və möhkəmlənməsinə xidmət etdi. Bu gün Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq bunun doğru qərar olduğunu təsdiq edir. Azərbaycanın ictimai fikri və siyasi rəhbərliyi üçün regional əməkdaşlıq Avropaya qoşulmaq ambisiyalarına təhlükə deyil. Əksinə, Aİ ilə bütöv region olaraq inteqrasiya etmək şansının daha yaxşı olduğunu bilirlər. Eyni zamanda etiraf etmək lazımdır ki, Azərbaycan Aİ və beynəlxalq ictimaiyyət ilə yaxınlaşmaq üçün növbəti addımlar atmalıdır. ÜTT-yə qoşulma prosesini sürətləndirmək, institusional islahatları davam etdirmək və daha strateji əməkdaşlıq qurmaq bura aiddir. Ancaq həm Aİ, həm də Azərbaycan passiv və hərəkətsiz bir rol oynamağa davam etsələr, bu imkan itirilə və Azərbaycan bölgədəki digər siyasi mərkəzlərin cazibəsinə düşə bilər.

 

[1]EU Neighborhood East. Annual Survey Report – Azerbaijan, 2018. (Avropanın Şərq qonşuluğu. İllik sorğu hesabatı) iyun, 2018 https://www.euneighbours.eu/sites/default/files/publications/2018-07/EU%20NEIGBOURS%20east_AnnualSurvey2018report_AZERBAIJAN.pdf Son baxış: 01.08.2019

[2] Radio Free Europe. Tusk: 'Political Settlement' Only Solution To Karabakh Conflict. July 9, 2019,https://www.rferl.org/a/tusk-tells-aliyev-political-settlement-is-only-solution-to-nagorno-karabakh-conflict/30045822.html

 Son baxış: 01.08.2019

[3]Valiyev, Anar (2017). ''Brexit and its Impact on Azerbaijan: Will East-West Integration be Harmed?'' PONARS Eurasia Policy Memo (461). http://www.ponarseurasia.org/memo/brexit-and-its-impact-azerbaijan-will-east-west-integration-be-harmed Son baxış: 01.08.2019

[4]Valiyev, Anar (2017). ''Azerbaijan's Foreign Policy: What Role for the West in South Caucasus'', Working Paper Series, Eastern Voices: Europe's East Faces and Unsettled West. Center for Transatlantic Relations, Johns Hopkins University, Washington, DC

https://dgap.org/sites/default/files/article_downloads/2017-easternvoices_ch08.valiyev.pdf

Son baxış: 01.08.2019

[5]Smith, Michael. (2017) Most NATO Members in Eastern Europe See It as Protection. Gallup News, https://news.gallup.com/poll/203819/nato-members-eastern-europe-protection.aspx Retrieved on August 1 2019, Son baxış: 01.08.2019