Ekstractivizm Zonasidna Qadinlar
Geniş mənada ekstraktivizm iqtisadi mənfəət məqsədilə təbii ehtiyatların genişmiqyaslı
hasilatı prosesinə deyilir. Bu proses təbii sistemlərin özünübərpa gücünü zədələyən ağır
sosial və ekoloji təsirlərlə xarakterizə olunur. (Akosta, 2013; Qudinas, 2013). Gürcüstanda
sənayeləşdirilmiş xammal hasilatının bir əsrlik tarixə malik olmasına və son illərdə bu sektorla
bağlı bir sıra sosial etirazlara baxmayaraq (Keburia & Çubabria, 2017), ekstraktivizmin yerli
təzahürləri nisbətən yeni tədqiqat predmetidir. Mis filizləri və konsentratları – mineral hasilatı
məhsulları – Gürcüstanın ixracat siyahısında aparıcı yer tutur (Gürcüstan Statistika Xidməti,
2022). Lakin ölkənin ümumi iqtisadiyyatına və məşğulluq bazarına verdiyi töhfə baxımından
mədən sənayesinin payı o qədər də böyük deyildir (Çivadze, 2020). Bunun fonunda isə
təbii ehtiyatların intensiv çıxarıldığı ərazilərdə yerli icmalar və ekosistemlər yüksək ekoloji və
sosial fəsadların əziyyətini çəkirlər (Aroşvili, 2020; Urçuxişvili, 2021; Tsintsadze, 2020).
Çiatura, Zestafoni və Kazreti monoindustrial (təksənayeli) şəhərlərinin nümunəsində
həyata keçirilən son tədqiqat ekstraktivizmin ekoloji, sosial, iqtisadi və gender aspektlərinin
kəsişməsindəki təsirlərini müzakirə edir (Sosial Ədalət Mərkəzi, 2020; Urçuxişvili, 2021).
Ekstraktivizm üzərinə xüsusən gender bucağından fokuslanan bu tədqiqat monosənaye
tipli yaşayış yerlərindən qadınların əmək miqrasiyasını və onların iqtisadi iştirak imkanlarının
olmamasını nəzərdən keçirir. Bu isə az maaşlı və mədən sənayesindəki təhlükəli iş şəraitindən
başqa məşğulluq alternativlərinin olmaması ilə əlaqəlidir (Aroşvili, 2020; Urçuxişvili, 2021).
Bununla belə, Gürcüstanın etnik azlıq qruplarına mənsub olan və hasilat zonalarında
yaşayan, lakin ordan köçüb gedə bilməyən kənd qadınları haqqında çox az məlumat var.
Onlar hasilat fəaliyyətinin birbaşa və zərərli təsiri altında yaşamağa məcbur olurlar.
Gürcüstanda kənd yerlərində yaşayan qadınlar ayrı-seçkiliyin müxtəlif formaları ilə
qarşılaşır və çoxsaylı problemlərlə üzləşirlər. Bura istər iqtisadi, tibbi, hüquqi, sosial və
psixoloji sağlamlıq xidmətlərinə çıxışın olmaması, istərsə də ictimai və siyasi həyata
qoşulmaq imkanlarının məhdudluğu daxildir. Bütün bu sadalananlara kənd təsərrüfatı
sahəsində maliyyə və torpaq resurslarına əlçatımlılıq baxımından gender bərabərsizliyi də
əlavə olunur (Qomelak Pauel və başqaları, 2020). Bu isə kənddə yaşayan və etnik azlıq
icmasından olan qadınları xüsusilə həssas vəziyyətə salır. Çünki onlar dil baryeri səbəbilə
kənd təsərrüfatı sahəsindəki qadınlar üçün ayrılan dəstək proqramlarında iştirak etmək
imkanından məhrumdurlar (Məmmədli, 2022). Ölkənin kənd təsərrüfatı üzrə işçi qüvvəsinin
gender tərkibi əməyin bölgüsündə də asimmetriyalardan xəbər verir. Gürcüstanın Raça-
Leçxumi və Svaneti bölgələrini çıxmaqla, kənd təsərrüfatında qadın işçilərin, xüsusən də
qeyri-rəsmi işləyənlərin sayı kişilərə nisbətən daha çoxdur. Bu cəhətdən ən yüksək göstərici
ilə (2019-cu ildə 60%) Kvemo Kartli bölgəsi fərqlənir (Qomelak Pauel və başqaları, 2020);
orda əhalinin 42%-ni Gürcüstan azərbaycanlıları təşkil edir.
Gürcüstanda etnik azlıq nümayəndəsi olan kənd qadınlarının üzləşdiyi çoxsaylı
bərabərsizlikləri nəzərə alaraq, bu tədqiqat ümumi əhalinin 6%-ni təşkil etməklə ölkənin ən
çoxsaylı etnik qrupu olan azərbaycanlı icmasından (GeoStat, 2016) olan qadınların, daha da
konkretləşdirsək, Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsi ərazisində yaşayan qadınların
təcrübəsinin öyrənilməsinə həsr edilir. Bu bölgədə bir çox ekstraktivist fəaliyyət mövcuddur
və müxtəlif təbii resursların kommersiya məqsədilə hasilatı işləri aparılır. Nəzərə alsaq ki, Bolnisi bələdiyyəsinin əsas gəlir mənbəyi kənd təsərrüfatıdır, (Darsavelidze və başqaları,
2018) Bolnisi regionunun, xüsusilə Gürcüstan azərbaycanlıları icmasının ekoloji şəraitdən
və təbii sərvətlərə çatımlılıqdan xeyli asılı olduğunu görmək çətin deyil. Bolnisidə gedən
nəzarətsiz hasilat fəaliyyətləri isə onları təhlükə altında qoyur.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu tədqiqat ekstraktivizmi Bolnisidəki müxtəlif
tipli hasilat əməliyyatları kontekstində təhlil edir və bu prosesdə konsepsiyanın daha
geniş anlayışına söykənir (Akosta, 2017). Nəzəri olaraq, tədqiqat feminist siyasi ekologiya
perspektivindən istifadə edərək, ekstraktivist fəaliyyətlərin Bolnisidə yaşayan azərbaycanlı
qadınlara necə təsir etdiyini, onların əməyi, gündəlik təcrübələri, təbii sərvətlərə çıxış və
ətraf-mühitdə baş verən dəyişikliklər arasındakı əlaqəni üzə çıxarır.
Product details
Table of contents
Giriş 3
Üzə çıxan əsas faktlar 5
1. Metodologiya 7
1.1. Nəzəri çərçivə: Feminist siyasi ekologiya 7
1.2. Ekstraktivizm 7
1.3. Ekstraktivizmin gender cəhətdən tənqidi 8
1.4. Məlumatların toplanması və təhlili 9
2. Bolnisinin kənd təsərrüfatı və Gürcüstanın azərbaycanlı icması 12
2.1. Gürcüstan azərbaycanlıları icmasının qadınları 12
3. Bolnisidə təbii sərvətlərin çıxarılması 14
3.1. Qızıl və əlvan metallar mədəni 15
3.1.1. Qızıl və əlvan metal hasilatı nəticəsində çayların çirklənməsi və Bolnisinin
azərbaycanlılar yaşayan kəndlərinə ekoloji təsiri 15
3.1.2. Qızıl və əlvan metal hasilatının Bolnisidəki azərbaycanıl qadınlar üzərində təsiri 17
3.2. Suvarma suyu 18
3.2.1. Bolnisi azərbaycanlı icmasında suyun qeyri-bərabər paylanmasının xüsusiyyətləri 18
3.2.2. Bolnisi azərbaycanlı icmasında suvarma suyunun qeyri‑bərabər
paylanmasının gender aspekti 20
3.3. Qum-çınqıl hasilatı 21
3.3.1. Zemo və Kvemo Arkevani kəndlərində qum-çınqıl hasilatının ekoloji,
sosial və gender təsirləri 21
Tövsiyələr 25
Biblioqrafiya 27