Hazırda Azərbaycanın solçu icması olduqca marginaldır, mütəşəkkil bir hərəkatı təmsil etmir və heç bir siyasi çəkiyə malik deyil. Buna baxmayaraq bu icma mövcuddur, yavaş və xaotik şəkildə olsa da inkişaf etməkdədir. 2020-ci ilin sonlarında, Qarabağ münaqişəsinin yenidən alovlandığı dövrə Azərbaycan solu müharibəyə qarşı mövqeyi sayəsində qismən "kölgədən çıxmağı" bacardı – onlar, ənənəvi müxalifətin militarist entuziazmını paylaşmadan və hakimiyyətin ritorikası “ətrafında birləşmədən” hərbi əməliyyatlara qəti şəkildə qarşı çıxdılar. Beləliklə, bəlkə də onlara daha yaxından baxmağın, potensialları və perspektivləri haqqında düşünməyin zamanı gəldi. Bu məqalə Azərbaycanın sol icmasının nisbətən təcrübəli və fəal üzvlərindən bir neçəsinin müsahibələri əsasında qələmə alınmışdır.
Azərbaycanda sol ideologiyası bütün postsovet məkanında olduğu kimi, mənfi şöhrətə malikdir. Çünki əksəriyyət bu ideologiyanı unutmağı, yenidən yazmağı və ya tamamilə silməyi üstün tutduqları Sovet keçmişi ilə əlaqələndirir. SSRİ-nin mövcudluğunun son illəri Azərbaycan üçün ermənilərlə çoxdan bəri davam edən qarşıdurmanın kəskinləşməsi və Sovet hakimiyyətinin Bakıda güc tətbiq etməsi nəticəsində yüzdən çox mülki şəxsin öldürüldüyü 1990-cı il 20 Yanvar faciəsi ilə əlamətdar olmuşdur. O illərdə kommunizm/sosializm azərbaycanlıların gözündə özünü tamamilə nüfuzdan salmış və insanlar nümayişkaranə şəkildə partiya biletlərini yandırmışdılar. Cəmiyyətdə millətçi hisslər alovlanmışdı. Eyni təmayüllər, əvvəlki qədər kəskin olmasa da hələ də davam etməkdədir.
Rəsmi səviyyədə (məktəb dərsliklərində, siyasətçilərin çıxışlarında və s.) Sovet dövrü Rusiya müstəmləkəçiliyinin, hüquqlarının pozulmasının və milli maraqların tapdalanmasının qaranlıq dövrü kimi təqdim olunur. Sovet tarixinin yalnız müəyyən hissələri "yenidən işlənməyib". Məsələn, Azərbaycan Böyük Vətən Müharibəsinə hələ də hörmətlə yanaşır və ona verdiyi "neft töhfəsi" ilə çox öyünür. Doğrudur, bu terminin özü artıq dərsliklərdə istifadə olunmur və müvafiq paraqraf "İkinci Dünya Müharibəsi dövründə Azərbaycan SSR" adlanır.
Eyni zamanda, antisovet ritorikası solçu ideologiyanın əsaslı tənqidinə əsaslanmır. Formul olduqca sadədir: solçular kommunistlərdir, kommunistlər isə ruslardır. Beləliklə, solçular 1920-ci ildə Azərbaycanı müstəqilliyindən məhrum edən və 70 il ərzində bizi hər cür təhqirə məruz qoyan rus kommunistləridir.
Ölkədə formal olaraq Sosial Demokrat və Kommunist Partiyaları mövcuddur. Lakin bu partiyaların siyasi həyatda aktivlikləri heç bir şəkildə müşahidə olunmur və demək olar ki, varlıqları qətiyyən hiss olunmur. Müəyyən qədər aktiv fəaliyyət göstərməkdə olan müxalifət isə sola zərrə qədər rəğbət bəsləməyən millətçi-demokratlardan və milllətçi-liberallardan ibarətdir.
Xalqın SSRİ-yə münasibəti müəyyən qədər müxtəliflik sərgiləyir. Yaşlı və orta nəsil arasında həm alovlu antisovetlər, həm də çox saylı çatışmazlıqlar ilə yanaşı, o dövrdə indi olmayan müəyyən müsbət cəhətlərin (məsələn, pulsuz səhiyyə xiddməti) mövcud olduğunu etiraf edənlər var. Gənclərə gəlincə, böyük əksəriyyət ya bu mövzuda heç bir aydın fikrə malik deyil, ya da dərsliklərdən və digər təbliğat platformalarından irəli gələn səbəblərlə Birliklə əlaqəli kəskin mənfi fikrə sahibdirlər. Hərçənd, praktiki olaraq SSRİ-nin mahiyyəti barədə heç bir anlayışları yoxdur... Yalnız bəzilərinin SSRİ-yə yanaşmalarında birbaşa mənfi münasibət müşahidə olunmur. Onlar SSRİ-ni təkrarlanmamalı olan uğursuz bir təcrübə hesab etsələr də, o dövrə, sovet mədəniyyətinə, estetikasına və s. maraq göstərirlər. Bu kiçik kateqoriyaya solçular da daxildir.
Azərbaycandakı müasir sol icması 2000-ci illərin sonlarında, solçu fikirlərin bütün dünyada "ikinci nəfəs"lə dirçəlməyə başladığı dövrdə ortaya çıxmışdır. O zamana qədər travmatik bir Sovet təcrübəsi olmayan, lakin mövcud siyasi sistemə qarşı bir çox iradla çıxış edən müasir milleniallar nəsli yetkinləşmişdi. Müasir Azərbaycanın sol icması, əsasən, 20-35 yaş aralığındakı gənclərdən ibarətdir. Bu icmanın sayca nə qədər insanı əhatə etdiyini təxmin etmək çətin olsa da söhbətin, yəqin ki, minlərlə deyil, yüzlərlə insandan getdiyini iddia etmək mümkündür. Bu saya ölkə sərhədlərindən kənarda yaşayanlar da daxildir.
Bu icma özünü qlobal sol hərəkatın tərkib hissəsi kimi liberallara qarşı qoyur və mənsublarının bir çoxu özlərini "libertarian sosialistlər" adlandırmağa üstünlük verir. Bununla onlar, ilk növbədə, avtoritar ideologiyalarla öz aralarına sərhəd qoyurlar. Onlar üçün əsas fərqləndirici xüsusiyyət özəl mülkiyyətə və kapitala münasibətdir. Onların dünyagörüşlərinin təməlində (dünyada baş verən dəyişikliklər və müasir reallıqlar nəzərə alınmaqla) marksizm dayanır. Marksizm "onu tarixin dərinliklərində basdırdıqlarına əmin olan despotların və akademik divarlar içərisində həbs etdiklərinə sevinən liberalların cəhdlərinə baxmayaraq" yenidən dirçəlmişdir. (1)
“Hər şey romantika ilə başlayır…”
Araz Nərimanov [təxəllüs – redaksiyanın qeydi] – 42 yaşında, Azərbaycan "sol çevrəsi"nin ən yaşlı üzüvlərindən biridir:
“Beşinci sinfə qədər rus məktəbində oxumuşam. Sonra ailəmiz Türkiyəyə köçdü və sovet təhsil sisteminə, onun humanist mesajlarına, qızlar və oğlanların birlikdə təhsil almalarına, mollaların satirik hekayələrdə ələ salınmalarına öyrəşmiş mən bir də gözümü açıb özümü qapalı, dini təmayüllü bir oğlan məktəbində gördüm. Bu, tamamilə fərqli bir təcrübə idi. Əvvəlcə, hətta, dinə yönəldim, namaz qıldım ... Ancaq sonra "əks reaksiya" baş verdi və məncə, təməlləri hələ uşaqlığımda atılmış sol ideologiyaya qapıldım. "
Karl Lebt [təxəllüs -redaksiyanın qeydi] Ukraynada doğulub və böyüyüb, artıq 15 yaşında özünü sosialist hesab edirdi:
“Əvvəlcə siyasətin nadir hallarda yan keçdiyi təbiət elmləri, ateizm və klassik rus ədəbiyyatı ilə maraqlanırdım, yalnız bundan sonra marksist fəlsəfəyə yönəldim. Eyni dövrdə müxtəlif tendensiyalara sahib sol internet forumları artıq çiçəklənməkdə idi, mən məhz bu platformalarda ilk dəfə Moskva, Peterburq və Kiyevdən olan solçu fəallarla tanış oldum. "
Toğrul Vəliyev nümunəsinə "varlığın şüuru təyin etməsi" deyə bilərik:
“Mən kifayət qədər kasıb ailədə böyümüşəm. Atam alim idi və beləliklə az qazanırdı. 90-cı illərdə Azərbaycanda elm heç kimə lazım deyildi. Elə indi də heç kimin ona ehtiyacı yoxdur. Beləliklə, yoxsulluq içində yaşayaraq bu vəziyyəti təhlil etdim, fəlsəfə və iqtisadiyyata dair kitablar oxudum, müşahidə etdim, mühakimə yürütdüm... Nəticə etibarilə, tədricən solçu oldum. "
Çox vaxt Azərbaycan gəncliyi türk mədəniyyəti sayəsində sola yönəlir. Bu, ilk növbədə dil amili ilə əlaqədardır. Əsasən, rus deyil, azərbaycan dilində təhsil alan gənclər sol ideologiyaya meyllənirlər. Onlar türk dilində səlis danışırlar və gəncliklərində, bir qayda olaraq, daha çox türk informasiya məkanı ilə əlaqəli olurlar. Bildiyiniz kimi Türkiyədə olduqca güclü sol ənənə mövcuddur. Ancaq türk təsiri yalnız "böyük / Qərb sol dünyasına" keçid üçün bir növ başlanğıc nöqtəsi və bələdçi rolunu oynayır. Araz Bağırov və Samirə Ələkbərli nümunəsində də məhz bu baş verib.
Araz Bağırov
“Tələbəlik illərində türk solçu yazıçı və şairlərinin əsərlərindən çox təsirlənmişdim. Xüsusilə, Nazim Hikmətin "Günəşi İçənlərin Türküsü" şeirinin mənə çox təsir etdiyini xatırlayıram:
“…Biz topraktan, ateşten, sudan, demirden doğduk!
Güneşi emziriyor çocuklarımıza karımız,
toprak kokuyor bakır sakallarımız!
Neşemiz sıcak!
kan kadar sıcak
delikanlıların rüyalarında yanan
o "an"
kadar sıcak!
Merdivenlerimizin çengelini yıldızlara asarak
ölülerimizin başlarına basarak
yükseliyoruz
güneşe doğru!.."(2)
Ümumiyyətlə, mənə elə gəlir ki, əksər gənclər bu ideologiyaya xas spesifik romantikanın təsiri altında solçu olurlar. Hər şey romantikadan başlayır. Ancaq bunun ardından həmin məsələlər haqqında ciddi şəkildə düşünmək mərhələsi gəlir. "
Samirə Ələkbərli:
“Mənim üçün hər şey hələ yeddinci-səkkizinci siniflərdə oxuyarkən, “Hatırla Sevgili” adlı türk serialını izlədikdən sonra başladı. Bu serialda 60-cı illərdəki radikal sol hərəkatına, Vyetnam müharibəsinə və ona qarşı yönəldilmiş etirazlara, Kuba inqilabına, tələbə hərəkatlarına xeyli istinad var idi ... Marksizm və sol ideologiya məndə maraq oyatmışdı və mən müəyyən dərəcədə ona heyran olmuşdum. Ancaq o dövrdə bu, kino, ədəbiyyat və yeniyetmə romantikası çərivəsindən kənara çıxmamışdı. Həqiqi mənada marksist olmağım isə universitetin tarix fakultəsində baş vermişdi. Məhz orada mən marksizm təlimi ilə həqiqətən tanış olmuş və məktəbdə mənə aşılanan millətçi, anti-kommunist stereotiplərdən qurtulmağı bacarmışdım.”
26 yaşlı Qiyas İbrahimovun hekayəsi isə daha dramatikdir. O, özünü anarxist hesab edib, jurnalistika fakültəsində təhsil alıb və siyasi aktivist olub. 2016-cı ilin mayında dostu Bayram Məmmədovla birlikdə keçmiş prezident Heydər Əliyevin abidəsinin postamentinə etiraz qrafitisi çəkib. Bu hadisə H. Əliyevin ad günü və uzun illər ölkədə “Gül bayramı” kimi qeyd edilən 10 mayın ərəfəsində baş vermişdi. Qiyas və Bayram postamentə “Qul bayramınız mübarək!” sözlərini yazaraq, bu yazıya anarxizmin simvolunu da əlavə etmişdilər.
Hadisədən qısa müddət sonra hər iki gənc narkotik alverində ittiham edilərək həbs edildilər və 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildilər. Hüquq müdafiəsi təşkilatı Amnesty International Qiyas və Bayramı siyasi məhbus olaraq tanıdı. Cəmiyyətdə, gənclərin hərəkətləri müxtəlif şəkildə qəbul edildi: bəziləri onları cəsurlar, bəziləri - vandallar və xuliqanlar, bəziləri isə - siyasi şou düzəldənlər hesab edirdilər. Ancaq demək olar ki, hamı onlara qarşı irəli sürülən ittihamın uydurma olduğu və verilən cəzanın həddindən artıq sərt olduğu barədə həmfikir idi.
Üç il sonra isə Qiyas bir çox siyasi məhbusla birlikdə əfv olundu və artıq inamlı bir radikal solçu olaraq azadlığa çıxdı.
Qiyas İbrahimov:
“Həbsxana mövcud siyasi sistemi, onun əsaslarını və prinsiplərini daha yaxşı anlamağa kömək etdiyi üçün məni daha da radikallaşdırdı. Hətta, həbsxanaya bu sistemin miniatür versiyası da demək olar."
Yeri gəlmişkən, bu heç də Bakı küçələrindəki ilk "sol qrafiti" nümunəsi deyildi. Hələ 2010-cu ildə gənc solçular gecə ilə şəhəri “Revolution – connecting people!”, “Neft xalqa məxsusdur!”, “Susma! Hüquqlarını tələb et! " kimi şüarlar ilə bəzəmişdilər. Ancaq o zaman məsələ şəhər rəhbərliyinin dan söküləndə bu yazıları silməsi, onlara xüsusi əhəmiyyət verməməsi və müəlliflərini tapmağa çalışmaması ilə bağlanmışdı (3).
Elə həmin 2016-cı ildə isə qrafiti rəssamı Rbitsec, şəhərin mərkəzindəki divarlara Marks, Lenin və Çe Gevaranın portretlərini çəkmiş və onları portretlərə uyğun şüarlar ilə təqdim etmişdi (4). Bu rəsmlərdən bəziləri bu günə də qalmaqdadır. Bunların arasında geri qayıtdığını: "Məni çağırmasanız da gəldim" şüarı ilə elan edən ağ-qara Marks portreti xüsusilə diqqət çəkir.
Hərəkat deyil, icma
“Hərəkat” yerinə, “icma” anlayışından istifadə etməyimin səbəbi Azərbaycanda hələ ki ,tam mənasıyla bir sol hərəkatın mövcud olmamasıdır. Bu o deməkdir ki, hələ nə konkret proqramdan, nə də qarşıya qoyulan hər hansı ciddi tapşırıqdan söhbət getmir. Hazırda solun əsas məqsədi insanları maarifləndirmək və ideologiyalarının ətrafını bürüyən məşum haləni dağıtmaqdır. Onlar, son 10-15 ildə də, əsasən, elə məhz bununla məşğul olublar.
Eləcə də, müasir Azərbaycanın tarixində heç vaxt rəsmi sol təşkilatlar olmayıb - yalnız ayrı-ayrı qruplar və çevrələr mövcud olub ki, onlar da az sayda insanı əhatə edib və ömürləri qısa olub. Bütün qısa müddətli cəhdlər, nəticə etibarilə, parçalanma və uzaqlaşma ilə nəticələnib. Bir tərəfdən vaxt və resurs çatışmazlığı buna səbəb olarkən, digər səbəb, ümumiyyətlə, Azərbaycan şəraitində real siyasi fəaliyyətlə məşğul olmağın çətinliyidir.
Digərləri ilə müqayisədə daha uzun müddət yaşayan təşkilat marksist və anarxistlərin 2009-cu ildə qurduğu “Solfront” olub (5). “Solfront” fəalları, 2009-cu ilin yazında Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktından sonra təşkil olunan nümayişlərin təşkilatçılarından biri olmuş (6), eləcə də, 2010-2015-ci illərdə sosial və müharibə əleyhinə tələblərlə aksiyalara qatılmışlar. "Solfront", eyni zamanda, qərbli sol intellektualların əsərlərini Azərbaycan dilinə tərcümə edərək yaymış, həmçinin, "11-ci Tezis" jurnalını ["11-ci tezis" adı Karl Marksın "Feyrbax haqqında Tezislər" əsərinə işarədir] nəşr etdirmişdir. 2015-ci ildən sonra təşkilatın fəaliyyəti zəifləməyə başlamış, keçən ilin əvvəllərində isə, əvvəlki kimi aktiv olmasa da, qismən bərpa olunmuşdur.
2021-ci ilin əvvəllərində “Solfront”un bir neçə üzvü, bədii və elmi sol ədəbiyyatı azərbaycan dilində nəşr etdirmək məqsədilə müstəqil “Egalite” nəşriyyatını yaratmışlar. Nəşriyatın oxuculara təqdim etdiyi ilk kitab Ursula le Quinin “Mülksüzlər” romanı olmuşdur.
Fərqli dövrlərdə müxtəlif solçu gənclərdən ibarət digər qruplaşmalar da meydana gəlmişdir və bu proses davam etməkdədir. Onlar sosial şəbəkələrdə müxtəlif problemləri qaldırmış, 2013-cü ildə 1 May aksiyası təşkil etmiş, mühazirələr və görüşlər keçirmiş, eləcə də ali məktəb tələbələrini təşkilatlandırmağa çalışmışlar. 2020-ci ilin sentyabrında, solçular feministlərlə birlikdə müxalifətçi Tofiq Yaqublunun ədalətsiz həbsinə qarşı aksiya keçirmişlər.
Ancaq istər real, istər virtual olsun, demək olar ki, bütün bu fəaliyyətlər ya az nəzərə çarpmış, ya da ümumiyyətlə solla əlaqələndirilməyərək hansısa mücərrəd gənc fəalların ayağına yazılmışdır.
“No war” və ya biz necə xain olduq
2020-ci ilin sentyabrında Qarabağ münaqişəsinin yenidən alovlanması ilk günlərdən (xaricdə yaşayan azərbaycanlılar da daxil olmaqla) Azərbaycan cəmiyyətini iki qeyri-bərabər və barışmaz düşərgəyə böldü.
Mütləq əksəriyyət problemin hərbi yolla həll edilməsini bu və ya digər dərəcədə dəstəklədi. Hətta müxalifət, müvəqqəti olaraq hakimiyyətlə mütləq həmrəylik içərisində olacağını bəyan etdi. Solçuların əhəmiyyətli bir hissəsi də daxil olmaqla azlıq isə, hərbi əməliyyatların bərpasının yaxşı fikir olmadığına, heç nəyin insan qurbanlarına haqq qazandırmadığına və bölgədə sülhün bu şəkildə bərpa oluna bilməyəcəyinə əmin idi.
1 oktyabr 2020-ci ildə bir neçə solçu gəncdən ibarət qrup müharibəyə qarşı ortaq bəyanat yayımladılar (7). Bəyanat azərbaycanlı və erməni gəncləri millətçi təbliğata uymamağa, münaqişənin həllinin sivil yollarını axtarmağa çağırırdı. Onlar əsl düşmənin “təsadüfi bir erməni” deyil “məhz iyirmi ildən çoxdur ki, iqtidarı öz şəxsi maraqları üçün zəbt edən, ölkəni talayan və həm sadə xalqı, həm də ölkənin qaynaqlarını istismar edən” şəxslər olduğunu irəli sürürdülər.
O andan etibarən sosial şəbəkələrdə müharibə əleyhinə fərdi bəyanatlar "No war!" şüarı ətrafında birləşmiş vahid bir hərəkət xarakteri qazanmış və iştirakçılara "nowar-çılar" ləqəbi verilmişdi. Bu kortəbii hərəkata müxtəlif siyasi baxışlara sahib və fərqli sosial təbəqələrdən olan insanlar qoşulmuşdu. "Həyatın naxışına bax - mən solçularla eyni tərəfdəyəm!" Gender fəalının bu istehzalı paylaşımı, dünən bir-birinin xirtdəyinə yapışmağa hazır olanların virtual “barrikada”nın eyni tərəfində dayanmasına səbəb olan o qəribə vəziyyəti olduqca dəqiq təsvir edir. Bütün bunların baş verməsinə sol tərəfin bəyanatınınmı təkan verdiyini, yoxsa hadisələrin sadəcə üst-üstəmi düşdüyünü qəti şəkildə söyləmək çətindir, amma ümumi təəssürata görə, dağınıq etiraz səslərini ortaq bir kanala yönəldən məhz solçular olmuşdu.
Cəmiyyətin nəzərində "nowar-çılar" xain, xalq düşməni, eqoist qrant yeyənlər və ya ən yaxşı halda, sadəlövh əbləhlər idilər. Müharibə əleyhinə ən azı bir yazı yazan hər kəs (istər solçu olsun, istər liberal, hətta eskapist olsun) ittiham və təhqirdən öz payına düşəni alırdı. Bəziləri - məsələn, o günlərdə ifadələrində xüsusilə sərt olan Qiyas İbrahimov - kiminsə şikayətinə görə prokurorluğa belə çağrılmışdı.
Hərçənd, bu günə qədər özlərini solçu adlandıranların heç də hamısı “No war” hərəkatına qoşulmamışdı.
Araz Bağırov:
“Bəziləri geniş kütlələrdə güclü muharibə əhval ruhiyyəsi olduğu üçün, solun, populyarlıq naminə, müharibəni dəstəkləməli olduğunu önə sürürdülər. Ancaq, əlbəttə ki, hər məsələdə kütlənin arxasınca getmək və beləcə onun rəğbətinə ümid etmək doğru deyil. Üstəlik militarizm və millətçilik sol düşüncənin mahiyyətinə ziddir.”
Müharibə əleyhinə sərgilədikləri mövqe solu zərbə altında qoymasına və onun daha da marginallaşmasına səbəb olmasına baxmayaraq, son nəticədə, zərərdən çox fayda vermiş oldu.
Birincisi; demək olar ki, mövcud olduğu bütün dövr ərzində ilk dəfə bu icma öz varlığını yüksək səslə və ciddi şəkildə elan etdi və səsi yalnız ölkədə deyil, onun sərhədlərindən kənarda da eşidildi.
İkincisi, sola pasifistlər və anti-militaristlər arasında rəğbət qazanmağa kömək etdi - hətta əvvəllər onlara "bu axmaqlardan" başqa bir şey deməyənlər də sola daha yaxşı münasibət göstərməyə başladılar.
Samirə Ələkbərli:
“Siyasi qüvvələrin əksəriyyətinin özlərini aqressiv millətçi tərəfdən göstərmələrinin fonunda solçuların mövqeyi müsbət mənada fərqləndi. Məncə, bu açıq şəkildə göstərdi ki, Azərbaycanda mütərəqqi ideyaları ancaq solçulardan gözləmək lazımdır.”
Və üçüncüsü, daxili ziddiyyətlər solu, bir çox mənada “sağlamlaşdırdı”.
Toğrul Vəliyev:
“Həqiqi vəziyyət aydınlaşdı. Kimin həqiqətən solçu olduğu, kiminsə bu gün özünü solçu kimi göstərdiyi, sabah isə millətçi mövqedən çıxış edəcəyi və ya hakimiyyət tərəfdarı olacağı bəlli oldu.”
“Nowar-çılar” hərəkatının heç bir real nəticə əldə etməməsinə baxmayaraq, uzunmüddətli prespektivdə təsirlərinin olması mümkündür.
Karl Lebt:
“Eyforiya və millətçilik tozanağı gec-tez yatışacaq. Bu gün Azərbaycanda və Ermənistanda marginal fikirlər olaraq kənara atılan düşüncələrə başqa cür yanaşılacaq.”
“Nə təqib edirlər, nə də satın almağa çalışırlar”
Müxalifətə və hər hansı fərqli fikrə qarşı dözümsüzlüyü ilə tanınan Azərbaycan hakimiyyəti bu günə qədər sola qarşı biganə qalıb. Solçuların repressiyaya məruz qaldığı (Qiyas və Bayram kimi) və ya mitinqlərdə həbs olunduğu hallarda belə, bu, onların “siyasi təmayülləri”nə görə baş verməyib.
Araz Bağırov:
“Hakimiyyət solçuları ciddi qəbul eləmir, nə bizə təzyiq göstəriblər, nə də satın almağa cəhd ediblər. Heç o da məlum deyil ki, bizim varlığımızdan xəbərdardırlar ya yox.”
Sol icmanın heç bir real siyasi gücü təmsil etmədiyi və heç bir ictimai dəstəyə malik olmadığı nəzərə alındıqda bu, o qədər də təəccüblü deyil. Hərçənd, 2020-ci ilin fevralında bu cür dəstəyin qazanılması istiqamətində bir cəhd göstərilmişdi – Toğrul Vəliyev növbədənkənar parament seçkilərində millət vəkilliyinə namizədliyini irəli sürmüşdü. O, formal olaraq müstəqil namizəd olsa da, əslində namizədliyini bir qrup solçu adından irəli sürmüşdü və uğur qazanılacağı halda məhz onları təmsil edəcəkdi. Seçki kompaniyası dövründə onun komandası diqqətini pulsuz ali təhsil, pensiyaların qaldırılması, pensiya yaşının aşağı çəkilməsi kimi sosial məsələlərə yönəltmişdi. Onlar seçicilərin marağını ideoloji komponentlər vasitəsi ilə deyil, məhz bu yolla çəkə biləcəklərinə inanırdılar. Amma bu onların yerinə yetirməyi düşünmədikləri vədləri verdikləri mənasına gəlməməlidir. Hərçənd, onu da qeyd etmək lazımdır ki, xalq bu tip sosial tələbləri solçulardan deyil, millətçilərdən eşitməyə alışmışdır.
Azərbaycan sosial problemlər baxımından heç də “korluq çəkmir” və cəmiyyətdə bu cür tələblərin səsləndirilməsinə dərin ehtiyac var. Millətçi təmayüllü partiyalar da özlərinə xalq maraqlarının müdafiəçiləri imicini yaratmaqla məhz bu yeri zəbt ediblər. Sol qruplar və platformalar da eyni problemləri (əmək hüquqları kimi) işıqlandırmağa çalışsalar da səsləri daha az eşidilir.
Beləliklə, nəzəri olaraq, solun parlamentdə yer alması sosial problemlərin daha yüksək səslə gündəmə gətirilməsinə səbəb ola bilərdi. Ancaq seçkilər, həmişəki kimi, yeni parlamentin ,əsasən, hakim partiyanın nümayəndələrindən və iqtidaryönümlü namizədlərdən formalaşması ilə sona çatdı.
Toğrul Vəliyev:
“Ən azından bir müddət rəsmi olaraq təşviqatla məşğul ola bildik. İndi heç olmasa mənim seçki dairəmin – Bakının bir rayonunun sakinləri bizim varlığımızdan xəbərdardırlar.”
Ancaq görünür, hakimiyyətin solu ümumiyyətlə təhlükə olaraq görmədiyini iddia etmək olmaz. “No war”dan sonra belə bir iddia, ümumiyyətlə, əsassız olardı. Üstəlik, Qiyas İbrahimova görə, hələ müharibədən xeyli öncə, 2020-ci ilin əvvəllərində universitet tələbələri arasında hansı siyasi qruplara mənsub olduqlarını öyrənmək üçün bir sorğu keçirilibmiş və həmin sorğuda solla bağlı sual da yer alırmış.
Eyni zamanda, sol ilə digər müxalif qruplar arasında çoxdan bəri davam edən və həll olunmayan ziddiyyətləri var. Daha yaxından nəzər yetirdikdə aydın olur ki, bu ziddiyyətlər təkcə ideoloji deyil, həm də qismən tarixi xarakter daşıyır: müxalifətin əksər hissəsi özünü 1918-ci ildə yaradılan və iki il sonra bolşeviklərin "yardımı ilə" mövcudluğuna sov verilən Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir. Beləliklə, tərəflərin qarşılıqlı düşmənçiliyi miras aldıqlarını söyləyə bilərik. Üstəlik, 2020-ci il müharibəsindən sonra solçularla müxalifət arasındakı qarşıdurma daha da kəskinləşmişdir.
Feministlərlə sol arasındakı münasibətlər nisbətən yaxşıdır. Ən azı qadın və LGBT+ hüquqları mövzuzunda fikirləri üst-üstə düşür. Nəzərə alaq ki, patriarxal Azərbaycan cəmiyyətində bu mövzuda görüləcək olduqca çox iş var. Ancaq Azərbaycan feminizmində liberal fikirlər daha çox hakimdir, beləliklə solçu və feministlər arasında qarşılıqlı anlaşma yoxdur. Ancaq bir-birilrini səhv yanaşmada ittiham etmlərinə və mübahislərə baxmayaraq əməkdaşlıq etdiklərini söyləmək mümkündür. Azərbaycanda müstəqil bir hərəkat şəklində sol feminizim isə yoxdur. Sol icma da əsasən kişilərdən ibarətdir və qadınlar bu icma daxilində azlıqda qalırlar – solçuların, təqribən 1/3-i qadınlardan ibarətdir və onlar da aktiv feminist fəaliyyətlə məşğul olmurlar.
Güc birlikdədir?
Həmsöhbətlərimizdən bəziləri fəaliyyətlərinin məna qazana bilməsi üçün bu və ya digər şəkildə Cənubi Qafqaz, Rusiya və/və ya Türkiyənin sol icmaları ilə birləşərək bir növ internasional yaratmağa ehtiyac olduğuna əmindirlər. Sosializm mahiyyəti etibarilə internasional və fövqəlmilli ideologiya olduğu üçün onu tək bir ölkə miqyasında həyata keçirməyə çalışmaq mənasızdır. Xüsusilə söhbət güclü kapitalist qonşularına - Rusiyaya və Türkiyəyə bağlı olan kiçik, avtoritar bir periferik ölkədən gedirsə. Bu qonşu dövlətlərdəki siyasi dəyişikliklər qaçılmaz olaraq Azərbaycandakı vəziyyətə təsir göstərəcəkdir. Bu da Azərbaycan solunun, məsələn, rus/türk yoldaşlarının dəstəyini qazanmasının əhəmiyyətli olduğunu göstərir. Həmçinin, - bir çox oxşar problemdən əziyyət çəkən Gürcüstan və Ermənistandan olan solçularla münasibət qurmaq və atılacaq addımları əlaqələndirmək də məqsəduyğun görünür.
Araz Nərimanov:
“Cənubi Qafqaz solçularının çox yaxşı əlaqələri, ortaq strategiyaları və taktikaları olmalıdır. Dəyişikliklər Bakıda və ya Qafqazın başqa bir yerində deyil, mərkəzdə - Moskvada, İstanbulda və ya bəlkə, Berlində başlayacaq və hətta, artıq başlamaqdadır. Dəyişiklik dalğası bu torpaqlara gələndə Cənubi Qafqaz solu hazır olmalıdır. Ümid edirəm ki, bu dalğa çox da uzaqda deyil."
2020-ci ilin payızında müharibə əleyhinə yönəlmiş etirazların digər bir “qazancı” da Azərbaycan və Ermənistan solunun müəyyən qədər yaxınlaşması oldu. Azərbaycan solçularının açıqlamasının ardından Ermənistandan olan solçular da bənzər bəyanatla çıxış etdilər. Bəyanatda deyilirdi:
“Hamımız kapital və onun müqəddəsləşmiş burjua ideologiyasının inkarolunmaz gücü qarşısında məğlubiyyətə düçar olduq.” (8)
Bu gün sülh carçılığı bölgədə solun möhkəmlənməsinin lehinə ən güclü arqument kimi görünür. Digər məsələlərə gəlincə, ortaq keçmişə və bu günün oxşarlıqlarına baxmayaraq, hər ölkənin öz problemləri, öz təcrübələri və özünəməxsus ictimai-siyasi vəziyyəti var.
Karl Lebt:
“Buna görə də, əgər nəzərdə tutulan tək bir təşkilata çevrilməkdirsə, “birləşmə”nin tərəfdarı deyiləm. Müəyyən bir ölkədə mütərəqqi dəyişikliklərin baş verməsi üçün heç kim kənardan əlverişli şərait yaratmayacaq. Beynəlxalq əməkdaşlıq və sol koordinasiyanın əhəmiyyəti danılmazdır. Bu həm qlobal məsələlər, həm də tamamilə regional məsələlər üçün keçərlidir. Ancaq geniş bir hərəkət yaratmaq üçün “uğur formulu”nun məhz bu olduğuna şübhə edirəm."
Əlbəttə, ideal şərtlərdə region ilə məhdudlaşmamaq, Qərbi Avropa solçuları ilə qarşılıqlı əlaqədə olmaq, onlardan bir növ dəstək almaq, özünü daha böyük bir hərəkatın parçası kimi hiss etmək, beləliklə, qlobal miqyaslı fəaliyyətin bir parçasına çevrilmək və keyfiyyətcə yeni mərhələyə keçmək arzuolunan olardı.
Nəticə: Əlvan dumanlı prespektivlər
Əlverişsiz şəraitə baxmayaraq, son 15 ildə Azərbaycandakı solçu icma nəinki ortaya çıxdı, hətta sağ qala bildi, müəyyən qədər genişlənərək yeni tərəfdarlar qazanmağa davam etdi və demək olar ki, köhnə üzvlərini itirmədi. Hərçənd, bu icma hələ passivdir, dəqiq müəyyənləşdirilmiş hərəkət istiqamətlərinə malik deyil və ilkin mərhələdə - nəzəriyyə və "özfəaliyyət" səviyyəsində qalmağa davam edir. Beləliklə, tam təşəkküllü bir hərəkata çevrilməyib və geniş xalq kütlələrinin dəstəyindən məhrumdur. Onu da nəzərə alınmaq lazımdır ki, hazırda, Azərbaycanda hakim partiyadan başqa, ümumiyyətlə, heç bir real siyasi qüvvə və kütləni öz arxasınca çəkə biləcək, onun üçün maraqlı olacaq alternativ siyasi kurs yoxdur. Üstəlik, müharibədən sonra, hakimiyyət cəmiyyət qarşısında daha çox xal qazanmış, müxalifət isə, əksinə, malik olduğu dayaqları da itirmişdir. Beləliklə, görünən odur ki, yaxın gələcəkdə heç bir şey dəyişməyəcək və ölkədə hakim olan siyasi durğunluq (o sevimli adı ilə - sabitlik) vəziyyəti davam edəcəkdir. Bu isə o deməkdir ki, solun nəhayət, təşkilatlanmış bir hərəkət yaratmaq, hətta, bir proqram hazırlamaq və fürsət gəldikdə onu xalqa təklif etmək üçün kifayət qədər vaxtı var. Belə bir imkanın, gez və ya tez, ortaya çıxacağına isə onların əksəriyyəti şübhə etmir.
Samirə Ələkbərli:
“Mühafizəkar və millətçi ideyalar öz yararsızlıqlarını sübuta yetirdikcə, solçular bu müddət ərzində yeni qaynaqlar axtararaq və nüfuzlarını möhkəmləndirərək təsir güclərini artıra bilərlər.”
Karl Lebt:
“Ölkədəki hər solçunun əsas məqsədi geniş bir hərəkat yaratmaq olmalıdır. Bunun üçün çoxşaxəli və genişmiqyaslı bir fəallıq, araşdırma və yaradıcılıq lazımdır. Eyni zamanda, solçular "analoqsuz" bataqlıqdan çıxmaq üçün alternativ proqramlar hazırlamalıdırlar.
Qiyas İbrahimovun fikrincə, solda “ən azı bir neçə həqiqi intellektual və eyni zamanda cəsur radikallar” olacağı təqdirdə, hətta geniş miqyaslı bir hərəkat da zəruri olmaya bilər.
Bu hadisələrin mümkün inkişaf ssenarilərindən biri və ən nikbinidir.
İkinci seçim kimi bütün bölgədə, xüsusən, Rusiya və Türkiyədə sol hərəkatının güclənməsinin Azərbaycan solunun əlinə oynamasını gözləmək olar. Yəni, 20-ci əsrin əvvəlindəki ssenari praktik olaraq özünü təkrarlayacaq (lakin bu dəfə, çox güman ki, inqilab olmadan).
Üçüncü seçim: Azərbaycanda sol hərəkatı nə vaxtsa ortaya çıxsa, bu intellektuallar deyil, həmkarlar ittifaqları sayəsində olacaqdır.
Toğrul Vəliyev:
“Ölkədə mövcud olan istismar artaraq davam etməkdədir və bəlkə də hansısa bir anda buna qarşı çıxacaq həmkarlar təşkilatları formalaşacaqdır.”
Bu seçimlərin hər biri, bu və ya digər şəkildə, ideologiyanın inkişafını, təşkilatlanmanı və kobud desək, cəmiyyəti öz tərəfinə çəkməyi ehtiva edir. Buna görə, təşkilatlanma və təşviqatla məşğul olmaq üçün təhsilli, ideoloji olaraq hazırlıqlı və enerjili kadrlara ehtiyac var. Bu işə qoşulacaq insanlar unutmamalıdırlar ki, hər hansı konkret nəticənin əldə edilməsi üçün uzun illər çalışmaq lazım olacaqdır. Üstəlik, bu prosesə qatılacaq kadrların qaynaqları, ən bəsiti, kifayət qədər boş vaxtları olmalıdır. Məhz bu qəbildən olan resurs çatışmazlıqları Azərbaycanda hələ də sol hərəkatın olmamasının və bütün cəhdlərin süqutla nəticələnməsinin səbəblərindən biridir. Bundan əlavə, ölkədə özləri üçün heç bir perspektiv görməyən bir çox solçu fəal (və ümumiyyətlə gənclər) oxumaq və ya işləmək üçün ölkəni tərk edərək dünyanın dört bir yanına dağılışmaqdadırlar. Hərçənd, hazırkı vəziyyətdə Azərbaycanda hər hansı bir siyasi fəaliyyətlə məşğul olmaq - aksiyalar, mitinqlər təşkil etmək, müəssisələrin işçiləri ilə ünsiyyət qurmaq və s. - demək olar ki, mümkün deyil. Bu cür cəhdlərin qarşısı dərhal alınacaqdır. Onlayn təbliğat və maarifləndirmə isə hər yerdən - olduqca təsirli şəkildə və təhlükəyə məruz qalmadan – həyata keçirilə bilir. Ancaq bəzi solçular mühacirətin, bütün hallarda, ölkələrindəki vəziyyəti dəyişdirmək uğrunda aparılan mübarizə ilə uyğun gəlmədiyini düşünürlər. Yeri gəlmişkən, çoxsaylı azərbaycanlı siyasi mühacirlərin sırasında solçular yoxdur.
Azərbaycanda solçu icmasının başqa bir (bəlkə də mübahisəli) üstünlüyü onun "yaxşı unudulmuş köhnə" ritorikasının gələcəkdə uğur qazanma şansı əldə edəcək qədər yeni olmasıdır. Halbuki, ənənəvi müxalifətin ritorikası və taktikası artıq insanları yormağı və məyus etməyi bacarmışdır. Bu baxımdan, sol onların fonunda, xüsusilə, ideoloji cəhətdən ac olan və işlərin mövcud gedişatından narazı olan gənclərin gözündə olduqca üstün görünməkdədir. Üstəlik, kim nə deyir desin, bu ideologiya həqiqətən də romantikdir.
İstinadlar:
1. «11-ci Tezis» jurnalı, 1-ci say, 2014;
2. http://www.anl.az/down/meqale/adalet/2010/dekabr/150571.htm
3. https://www.meydan.tv/ru/article/10-let-za-graffiti-delo-uznikov-pamyatnika-v-azerbajdzhane/
4. https://www.facebook.com/RbiTsec-1536737683297974/photos/?ref=page_internal
5. https://www.facebook.com/Solfront-1684749438455586
6. https://en.wikipedia.org/wiki/Azerbaijan_State_Oil_Academy_shooting
7. https://lefteast.org/anti-war-statement-of-azerbaijani-leftist-youth/
Məqalədə ifadə edilən fikirlər müəllifə məxsusdur və Heinrich Boell Fondunun Cənubi Qafqaz Regionu - Tbilisi Ofisinin görüşlərini əks etdirməyə bilər.