Bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da indi sovet keçmişini nostalgiya ilə xatırlamaq, yumşaq desək, dəbdən düşüb. Geriyə boylanmaq sizi Əhdi-ətiq əfsanəsində olduğu kimi, duzdan sütuna çevirməsə belə, xoş olmayan baxışların hədəfinə çevrilməyinizə səbəb ola bilir. Amma bəziləri israrla geriyə boylanırlar. Bu yazıda onları bunu etməyə nəyin vadar etdiyini öyrənməyə çalışmışıq.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Vladimr Putinin imperial ambisiyalarını açıqca bəyan etməsi fonunda dekolonial diskurs yeni aktuallıq qazanıb. Hərçənd, Putinin dirçəltməyə çalışdığı (əgər o, həqiqətəndə nəyisə dirçəltməyə çalışırsa) Sovet İttifaqı deyil, daha çox Rusiya İmperiyasıdır: Ən azı, özünü Böyük Pyotrla müqayisə etməsi və Lenini “Ukraynanı ixtira etməkdə” “ittiham etməsi” nəzərə alındıqda, bu aydın olur. Lakin de- və post-kolonial kontekstdə müzakirə olunan hələ də SSRİ-dir. İndilərdə, sovet keçmişindən qurtulmağın, keçmiş sovet respublikalarını bir-biriləri və Rusiya ilə bağlayan göbək ciyələrini nəhayət və birdəfəlik kəsib atmağın zəruruiliyindən danışılmaqdadır.
Bu şərtlər altında sovet nostalgiyası yersiz hiss kimi görülür və Azərbaycanda bu cür hisslərə sahib olduğunu açıq şəkildə etiraf edənlərin sayı çox deyil. Ölkədə sovet dövrünə rəsmi səviyyədə mənfi və bir qədər laqeyd münasibət bəslənilir: bu dövr qaranlıq rus işğalı və total hüquqsuzluq erası kimi nəzərdən keçirilir. Bu mənada, yalnız Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edilməsindən sonrakı dövrə, müəyyən qədər, istisna kimi baxılır.
Metodologiya
Bu kiçik araşdırmanın məqsədi Azərbaycandakı sovet nostalgiyasının miqyasını (kəmiyyətini) deyil xarakterini (keyfiyyətini) müəyyən etməkdir. Araşdırma çərçivəsində ümumilikdə sovet keçmişinə nostalgiya ilə baxdığını açıqca qəbul edən iyirmidən çox insandan müsahibə alınmışdır (yazının miqyasını nəzərə alaraq, həmsöhbətlərimizin verdikləri cavabların yalnız kiçik bir hissəsi sitat şəklində oxucuya təqdim olunur, lakin yazının ümumi müddəaları bütün respondentlərin cavablarına əsaslanır.) Özünü solçu adlandıran, sol baxışlara sadiq qalan və məhz buna görə ölkənin sovet keçmişini öyrənən (və ya romantikləşdirən) insanlar əvvəlcədən, məqsədli şəkildə potensial respondentlər siyahısından istisna edilmişdir.
Burada, müsahiblərin adları yarana biləcək hər hansı etik və ya təhlükəsizliklə bağlı problemin qarşısını almaq məqsədilə, uydurma adlarla əvəz edilmişdir. Araşdırmada yarı-strukturlaşdırılmış müsahibə metodundan istifadə edilmişdir: sadəcə bəzi, olduqca ümumi və giriş mahiyyətindəki suallar (“Sovet dövründə nə indikindən yaxşı idi”? “Sovet dövrü deyəndə ilk olaraq ağlınıza nə gəlir?” və s.) əvvəlcədən hazırlanmışdır. Ünvanlanacaq digər sualları isə müsahibənin gedişi və müsahibin ilkin cavabları müəyyənləşdirmişdir.
Müsahibələr zamanı birbaşa qiymətləndirmə tələb edən və həmsöhbətlərimizin fikirlərini istiqamətləndirmək təhlükəsi daşıyan suallar verməkdən yayınmağa çalışmışıq. Məhz buna görə, məsələn, Stalin repressiyaları kimi mövzular barədə suallar araşdırmaya daxil edilməyib (həmçinin, həmsöhbətlərimiz də söhbəti bu istiqamətə çəkməyə cəhd etməyiblər). Yeri gəlmişkən, repressiyalar mövzusu Azərbaycanda bir tərəfdən həmişə gündəmdə saxlanılsa və şüar kimi istifadə olunsa da, heç də dərindən araşdırılmış mövzu deyil. Geniş ictimaiyyət yalnız ən məhşur reppressiya qurbanlarının, bir sıra məşhur ictimai xadimlərin, yazıçı və şairlərin (Mikayıl Müşfiq və Hüseyn Cavid kimi) adları ilə tanışdır. Hərçənd, 2019-cu ildə Bakıda Siyasi Repressiya Qurbanları Muzeyi açılıb və sosial şəbəkələrdə bu mövzu hər növbəti siyasi motivli həbsdən sonra gündəmə gəlir: bəzi müxaliflər #davamedir37 həştəqindən istifadə etməklə, Stalin repressiyaları ilə hazırkı iqtidarın siyasi təqibləri arasındə paralellər qururlar.
“Elə bilirdik yaxşı olacaq, daha da pis oldu”
Beləliklə, bizim müsahiblərimiz, əsasən, cəmiyyətin, adətən, “obıvatellər”, ya da “adi insanlar” adlandırılan qrupuna mənsubdurlar. Bu adlandırmalar isə onların “ siyasətə qarışmadıqları”, ictima-siyasi proseslərdə aktiv şəkildə iştirak etmədikləri, nə indi nə də daha əvvəl heç vaxt xüsusi imtiyazlara malik olmadıqları mənasına gəlir. Onların arasında həm yetkin həyatlarının bir hissəsini SSRİ-də yaşamağa müvəffəq olmuş yuxarı yaş qrupunun (50+) nümayəndələri, həm də ancaq uşaqlıqları sovet dövrünə düşən və beləliklə, o dövrü heç əməlli-başlı xatırlamayan, yaxud hətta, İttifaqın dağılmasından sonra doğulan gənc nəslin üzvləri var. Araşdırmanın nəticələrinə söykənərək, bəri başdan bir neçə əsas iddia ilə çıxış etməyimiz üçün əsas var: hər iki yaş qrupuna aid olanların sovet nostalgiyası, əvvəla, bütün əsas məqamlarda, demək olar ki, üst-üstə düşür və digər tərəfdən bu nostalgiya mahiyyət etibarilə hər hansı romantik, (sözün dar mənasında) siyasi və ideoloji məzmundan məhrum olmaqla, tamamilə sosial-iqtisadi xarakter daşıyır.
Bütün bunlar sadə bir iddiaya dayanmaqdadır: “Sovet dövründə həyat indikindən yaxşı idi.” Müsahiblərimiz üçün məsələ heç də sovet dövrünün özü-özlüyündə mükəmməl olmasında deyil, onun indiki dövrlə müqayisədə daha yaxşı olmasındadır və bu xırdalıq kimi görünən məqam sovet nostalgiyasının mahiyyətini anlamaq üçün olduqca vacibdir.
“Bilirsiz, ən pisi nədir? Biz elə bilirdik ki, müstəqil olandan sonra hər şey daha yaxşı olacaq. Bizə deyirdilər ki, ruslar neftimizi bizdən alır, bu pul özümüzə qalsa hamı varlanar. Biz də inanırdıq, deyirdik ki, bircə müstəqillik qazansaq hər şey yaxşı olacaq... Amma daha da pis oldu. İndi də uşaqlarımıza o dövrün nə qədər yaxşı olduğundan danışırıq.” (Firuzə, 62 yaş, müəllimə)
Yuxarı yaş qrupuna aid respondentlərin sovet dövrünün indiki dövrlə müqayisədə üstünlüyünü müzakirə edərkən müraciət etdikləri əsas kateqoriyalardan biri sosial ədalət anlayışıdır. Müsahiblərimizin fikrincə, sovet dövründə, heç olmasa bir az sosial ədalət var idisə, indi o yerli-dibli mövcud deyil. Burada söhbət resursların və maddi sərvətlərin az-çox ədalətli paylanmasından, sosial siniflər arasında indiki kimi kəskin fərqin olmamasından, səhiyyə və təhsilin əlçatan olmasından (və hətta, ümumiyyətlə varlığından), habelə, sosial liftin mövcudluğundan gedir.
“Xəstələnəndə xəstəxanada pulsuz müalicə olunurdun. İndi isə xəstəxanalar ancaq kağız üstündə pulsuzdur, əslində isə hər yerdə rüşvət verməlisən. Hələ mən dövlət xəstəxanalarından danışıram. Düz-əməlli müalicə isə özəl xəstəxanalarda var.” (Kamal, 57 yaş, müəllim-repetitor)
Həmsöhbətlərimiz SSRİ-də də korrupsiyanın var olduğunun fərqindədirlər. Lakin onların fikrincə, sovet dövründəki korrupsiya daha “məqbul” və “nəzarət edilən” çərçivədə olmuşdur.
“Demirəm ki, o vaxt rüşvət yox idi. Mütləq kimsə əl altından rüşvət alırdı, amma şikayət edirdinsə, cəzasını da çəkirdi. Mərkəzi hökümət var idi, yerli rəhbərlər də kiminsə onlar haqda mərkəzə yazmasından qorxurdular.” (Aydın, 61 yaş, ixtisasca aqronom, 91-ci ildən sonra ixtisası üzrə işləməyib)
Bəzi həmsöhbətlərimiz olduqca maraqlı nəzər nöqtəsindən çıxış edərək, ölkədəki sinfi fərqlərin təkcə insanların sağlığında deyil, ölümlərindən sonra da özünü göstərdiyinə diqqət çəkirlər.
“İndi lap ölülərin də varlısı, kasıbı var. Qəbristanlığa getsəniz, görəcəksiniz. Daşların bəziləri balaca, sadədir, bəzisi firon qəbrinə oxşayır. Əvvəllər bu qədər deyildi, belə eləmirdilər. Məncə, varlı ilə kasıb arasındakı fərq ən çox qəbristanlıqda görünür.” (Oktay, 58 yaş, təqaüddə olan hərbi hüquqşünas)
Onlar işsizliyin demək olar ki, ümumiyyətlə mövcud olmamasını, məzun olduqdan dərhal sonra işlə təmin olunma imkanını və uzun illər növbədə durmaq hesabına olsa belə, dövlətdən pulsuz mənzil almaq ehtimalını da xoş sözlərlə xatırlayırlar. Yəni bütün hallarda söhbət indi yerli-dibli hiss olunmayan sosial və iqtisadi təminatdan gedir.
Həmsöhbətlərimizin əksəriyyəti sovet dövründə Azərbaycanın Rusiya müstəmləkəsi olduğu ilə bağlı rəsmi iddia ilə razılaşır. Lakin onlar rusları “yaxşı müstəmləkəçi” hesab edirlər və Azərbaycanın SSRİ-nin tərkibinə girməklə (müstəqilliyini itirmək hesabına) çox şey qazandığını düşünürlər. Həmsöhbətlərimizdən bəziləri bu iddialarını dəstəkləmək üçün şəhərlərin salınmasını və inkişafını, ölkənin elektrikləşdirilməsini, metronu, habelə urbanizasiyanın digər elementlərini qeyd edirlər. Lakin bu “siyahı”da sovet iqtidarı üçün böyük əhəmiyyət kəsb etmiş olan sekulyarlaşma və onunla əlaqəli qadın emansipasiyası kimi məsələlər yoxdur.
“Əlbəttə ki, biz işğal altında idik. Ancaq ruslar bizə işkəncə verməkdən başqa heç nə etməyiblər demək də düz olmaz. Onlar ölkəni inkişaf etdirdilər. Bizim üçün yaxşı təhsil, səhiyyə yaratdılar, şəhərlərimizi düzəltdilər. O biri imperiyalardakı kimi qul deyildik. Yaxşı ki müstəqillik qazandıq, amma bu o demək deyil ki, mən o dövrün daha yaxşı olduğunu, o dövr üçün darıxdığımı deməyim. Yaxşı ki, müstəqil olduq, amma gərək o dövrdə görülmüş yaxşı işləri də məhv etməyəydik.” (Bəhram, 62 yaş, orta ixtisas təhsilli)
“Əsas odur, işsizlik yox idi”
Gənc nəsil, əksər hallarda, sovet nostalgiyasını valideynlərindən miras alır. Özlərinin sovet təcrübəsi olmayan və (solçulardan fərqli olaraq) bu dövrü məqsədyönlü şəkildə öyrənməyən “apolitik” gənclərin sovet dövrü haqqında təsəvvürləri valideynlərinin, yaşlı qohumlarının və ətraflarındakı digər insanların xatirələri əsasında formalaşır. Gənclər üçün də SSRİ-nin üstünlüyünü təyin edən meyarlar eyni olaraq qalmaqdadır: iqtisadi təhlükəsizlik, sosial ədalət, kəskin sinfi fərqlərin olmaması və məşğulluq. Əgər gənc iş tapa bilmirsə və atasının, yaxud əmisinin, onun yaşında ikən belə bir problemlə qarşılaşmadığını eşidirsə, avtomatik olaraq, o zamanın indikindən daha yaxşı olduğu qənaətinə gəlir. Gənclər də, yaşlılar kimi, dövlətdən pulsuz ev ala bilmə imkanını sovet dövrünün yaxşı cəhətlərindən biri hesab edir. Əgər yaşlıların heç olmasa bir qismi bu imtiyazdan birbaşa yararlanma imkanına sahib olubsa, bu problemlərini tək başına həll etmək məcburiyyətində olan gənclər üçün, dövlətin sizə mənzil verməsi ehtimalının özü belə fantastik görünür. Müstəqil ölkədə yaşamaq imkanı isə, bu gənclərə yaşadıqları məhrumiyyətlər qarşılığında ödənilən ədalətli “kompensasiya” kimi gəlmir. Üstəlik, onların fikrincə, bu müstəillik son dərəcə şərtidir.
“Atam deyir, o vaxt ruslar idi əsas. İndi güya bizik ki? Kimdən istəsən soruş, burda işləyən xaricilər bizdən 5-10 qat çox maaş alırlar. (...) O vaxt ruslar olub, indi də türklərdi, amerikanlardı, ingilislərdi. Amma o vaxt heç olmasa bizim payımızı da verirlərmiş.” (Qoşqar, 29 yaş, ixtisasca müəllim, hazırda bir özəl şirkətin satış departamentində işləyir)
Gənclər sosial-iqtisadi baxımdan bəxtlərinin valideynləri ilə müqayisədə daha az gətirdiyinə inanırlar. Bu mənada, əgər sovet dövrü ilə bağlı xatirələr yuxarı yaş qrupundan olanların “xoşbəxt keçmişi”nin məkanıdırsa, gənclər üçün bu “borca götürülmüş xatirələr” məhrum olduqları “xoşbəxt indiki”nin məkanıdır.
“Evdə neçə dəfə atamla bu mövzuda sözümüz çəp gəlib. Atam o dözrü tərifləyəndə hər dəfə deyirəm ki, bəs niyə qoydunuz dağılsın? Əslində, heç kim sovet hakimiyyətini müdafiə etməyib. Hamı sevinib ki, yaxşıdır dağılır, müstəqil oluruq. Bir-iki il keçəndən sonra ağılları başlarına gəlib, onda da gec olub. İndi də mən fikirləşirəm ki, yaşlı nəsil şikayətlənməyə haqqı yoxdur.” (Arzu, 32 yaş, tibb kolleci məzunu, işləmir)
“Əxlaqi çöküş”
Eyni zamanda, yaşlı nəsil SSRİ-nin dağılmasını onunla çox az əlaqəli olan və ya ümumiyyətlə əlaqəli olmayan hadisələr və cərəyanlarla əlaqələndirməyə meyillidir. Məsələn, onlar “əxlaqın əldən getməsi”ndən, Bakıda “siqaret çəkən”, “açıq-saçıq geyinən” qızların peyda olmasından gileylənirlər. Özlüyündə, SSRİ-də çox ciddi sosial nəzarətin və zahiri görkəmlə bağlı uyulması demək olar ki, zəruri olan tələblərin mövcud olması doğru olsa da, bu tələblər və normaların dəyişkən olduğu, zamana görə fərqlilik sərgilədiyi də danılmaz həqiqətdir. Belə ki, SSRİ-də 50-ci illlərdə keçərli olmuş tələblərin 70-ci illərdə məqbul hesab olunan normalardan olduqca fərqli olduğunu danmaq olmaz. Digər tərəfdən, bütün ittifaq üçün keçərli olan normalar da mövcud olmamışdır. Hətta, qonşu Gürcüstanda belə, insanlar Azərbaycanla müqayisədə, bu mənada daha azad idilər. Ancaq yenə də, bütün bunlar bəzi həmsöhbətlərimizi SSRİ-nin çöküşünün ənənəvi Azərbaycan ailəsinin süqutu ilə üst-üstə düşdüyünü iddia etməkdən çəkindirmir.
“Məncə, sovet İttifaqının dağılmasından sonra verdiyimiz ən böyük itki ailə dəyərlərimizin itirilməsidir. İndiki gənclik ailə qurmaq istəmir. Öü də, bunun tək səbəbi imkanın olmaması deyil. Hətta yaxşı pul qazananlar da [sovet dövründəkindən] gec evlənirlər. Ailə öz əhəmiyyətini itirib.” (Firuzə, 62 yaş)
Məhz postsovet dövründə, 90-cı illərdən başlayaraq Azərbaycanda erkən nikahların sayının (regionun digər bəzi ölkələrində olduğu kimi) artmasını nəzərə aldıqda, bu iddia kifayət qədər paradoksal səslənir. Bu günə qədər, erkən nigah probelmini həll etmək istiqamətində göstərilmiş bütün cəhdlər isə, uğursuzluqla nəticələnib.
Daha çox heyrət doğuran məqamalardan biri də, yaşlı nəslin sovet dövrünün son dərəcə bariz görünən mənfi təcrübələrində belə necəsə müsbət, üstün cəhət tapmasıdır. Bu qəbildən olan nostalgiya obyektlərinə ən yaxşı nümunə senzura ola bilər. Onlar televiziyada hökm sürən istedadsız “ulduzlar”dan, axmaq şoulardan və s. narazıdırlar və bunları “əxlaqi çöküş”ün, habelə, ümumi mədəni səviyyənin aşağı düşməsinin səbəbi kimi görürlər.
“[Əvvəllər] televiziyada, ya da mətbuatda ziyanlı heç nə olmurdu. Bir [bədii] şura var idi, o ziyanlı şeylərin efirə getməsinə icazə vermirdi. İndi biz senzuranı tənqid edirik. Amma mən elə bilirəm, bəzi məsələlərdə həqiqətən də senzura lazımdır”. (Oqtay, 58 yaş)
Daha təəcüblüsü gənc nəslin bəzi nümayəndələrinin də bu fikirlə razılaşmasıdır. O qədər də təəccüblü olmayan digər məqam isə gənclərin, əksər hallarda, müasir Azərbaycan televiziyasına valideynlərindən də pis münasibət bəsləmələridir. sovet televiziyası yayımlarından yalnız cizgi filmlərini xatırlayacaq yaşda olsalar da, onlar, o zamankı proqramların keyfiyyətinin daha yaxşı olduğundan son dərəcə əmindirlər və bu keyfiyyətə məhz ciddi nəzarət sayəsində nail olunduğunu istisna etmirlər.
Qəribə görünsə də, hər iki yaş qrupundan olan respondentlərin, əslində, Azərbaycan televiziyasında hələ də ciddi dövlət senzurasının mövcud olduğunun və onun sərtliyi baxımından sovet senzurasından o qədər də geri qalmadığının fərqinə olmadıqları müşahidə olunur. Hərçənd, hazırki senzura, müəyyən məsələlərdə hədəflərinə və beləliklə təzahürlərinə görə sələfindən fərqlənir.
“O şəhər artıq yoxdur”
Həmsöhbətlərimizin əksəriyyətinin dilə gətirdiyi, birbaşa Bakının nostalgik siması ilə əlqələndirilən, son dərəcə həssa digər bir məqam isə SSRİ-nin dağılmasından sonra rayonlardakı işsizlik ucbatından paytaxta axışan rayon sakinləri və Birinci Qarabağ müharibəsi nəticəsində evlərini itirərək Bakıya sığınmaq məcburiyyətində qalan köçkünlərlə bağlıdır. Hər iki yaş qrupundan olan “əsl” bakılılar (hətta, özləri “gəlmələr”in birinci nəslindən olanlar belə) bunu şəhərin simasını korlayan və onu getdikcə daha çox “əyalət”ə çevirən dönüş nöqtəsi hesab edirlər.
“İndi insanlar küçəyə tüpürür, ictimai nəqliyyatda qışqırır, sürücülər də yeri gəldi-gəmədi siqnal verirlər. Əvvəllər belə deyildi. Çünki şəhər mədəniyyəti var idi. Əyalətlərdən gələnlər təbii ki, var idi, lakin onlar əsasən tələbələr idi, şəhər mədəniyyətinə öyrəşmişdi. İndi gələnlər öyrəşmir. Birdən çox adam gəldi, şəhər də buna (...) dözə bilmədi”. (Azad, 56 yaş, orta təhsilli, müxtəlif sahələrdə çalışıb, o cümlədən kiçik bizneslə məşğul olub)
Düzdür, bu haqda danışarkən respondentlər “yeni gələnlər”ə düşmənçilik bəsləmədiklərini və olanlara görə onları qınamadıqlarını təkrar-təkrar vurğulayırlar. Günahı isə, öz növbəsində, SSRİ-nin dağılması ilə əlaqədar baş verən siyasi və iqtisadi kataklizmlərdə görürlər.
Digər tərəfdən, Bakının simasının korlanmasında günahın çoxu tikinti sektoruna nəzarət etməli olan məmurların boynuna düşür. Respondentlərin fikrincə, məhz onların və onların acgözlüklərinin sayəsində Bakıda gözəl tarixi tikililər sökülür, yaşıllıqlar qırılır, yerlərində isə hansısa eybəcər, zövqsüz bina peyda olur, şəhərsalma normalarına əməl olunmur. Yeni binaları inşa edənlər bütün şəhərsalma standartlarını pozur, nə estetik, nə də infrastruktur baxımından heç bir normanı nəzərə alımırlar.
“Plan yoxdur, hər şey əcaibdir, rənglər belə qəribədir. Hətta gözəl köhnə binaları bərpa etmək adı altında yenidən rəngləyirlər, üstünə nəsə örtürlər, başlarına oyun açırlar. [Soruşduğunuz] ən böyük mədəni itki elə Bakının özüdür. Bu şəhəri bu günə salan kimdirsə, ən zövqsüz, mədəniyyətsiz insan da elə o özüdür.”. (Camal, 57 yaş, müəllim)
Xüsusən, rusdilli bakılılar üçün tramvay “köhnə Bakı”nın qeyri-rəsmi simvoluna çevrilib. Bu nəqliyyat növü Azərbaycanın paytaxtından 90-cı illərdə yoxa çıxıb və o vaxtdan cəmiyyətin bir hissəsi üçün ümidsiz nostalgiya predmeti halına gəlib. Cəmiyyətin digər bir qismi (yeri gəlmişkən, yenə rusdillilər) bu tramvay nostalgiyasının öz sentimentallığı ilə son dərəcə bezdirici olduğunu düşünür və beləliklə, zaman keçdikcə “Bakı tramvayı” bir növ “mem”ə çevrilir. Hərçənd, tramvayın özlüyündə rahat, yaxşı nəqliyyat vasitəsi olduğu və üstəlik, sovet hakimiyyəti ilə heç bir birbaşa əlaqəsi olmadığı məsələsində hamı fəmfikirdir. Ancaq bütün bunlar heç bir təsir gücü olmayan danışıqdan başqa bir şey deyil, çünki aidiyyatı qurumların heç bir şəkildə tramvayı Bakıya qaytarmaq fikri yoxdur.
Bununla belə, Bakıdakı müsir şəhərsalma təcrübələrini hədəfə alan tənqidləri satəcə sovet nostalgiyasının təzahürü kimi nəzərdən keçirmək doğru olmazdı. İşsizlik və ya sosial təbəqələşmə problemlərindən fərqli olaraq, bu mövzu açıq şəkildə, bütün səviyyələrdə müzakirə olunur. Bu cür tənqidlər, həmçinin, SSRİ-yə zərrə qədər rəğbət məsləməyən və başqa problemlərə qarşı son dərəcə laqeyd olan şəxslərin dilindən də sələnir. Bu halda, sovet dövrü ilə paralellər quqrulmasının səbəbi isə, Bakının məhz SSRİ dövründə, sözün həqiqi mənasında, böyük şəhərə çevrilməsidir.
Yaddaşın dili
Gündəlik həyatda sovet adət-ənənələri azərbaycanlıların dilində və həyat tərzində bir qədər üstüörtülü şəkildə mövcudluğunu davam etdirməkdədir. Azərbaycan xəritəsindən çoxdan silinmiş sovet toponimlərindən həm yaşlı nəsil (bu başa düşüləndir), həm də gənclər (çoxları, çətin ki, ümumiyyətlə bu toponimlərin mənasını bilir) gündəlik olaraq istifadə edir. “Karl Marks dairəsi”, “Baksovet”, “Fəhlə prospekti”, “26-lar” – Bakıdakı bütün bu məkanlar, adətdən, artıq çoxdan dəyişdirilmiş, köhnə sovet adları ilə adlandırılmaqdadır. Üstəlik, bu yerlərdən bəzilərinin adları nəinki dəyişib, hətta köhnə adlarının ifadə etdiyi məna da əvvəlkindən kəskin şəkildə fərqli olan yeni çalar qazanıb. Məsələn, Azərbaycanda heç kəsin Karl Marksdan şikayəti olmasa da, sovet dövründə qəhrəman sayılan 26 Bakı komissarı bu gün rəsmən quldur və Azərbaycan xalqının düşməni elan edilib. 2017-ci ildə, böyük qalmaqalın ardınca əvvəllər 26 Bakı komissarına qoyulmuş abidənin yaxınlığında yerləşən “26” kafesinin (məhz adına görə) bağlanmasını xatırlamaq maraqlı olacaq.
Bəzi həmsöhbətlərimiz, vaxtilə yerli neft işçilərinin şərəfinə adlandırılmış Fəhlə prospektinnin adının Nobel prospekti (xarici neft kapitalistinin şərəfinə) olaraq dəyişdirilməsinin onlara xüsusilə ədalətsiz və simvolik təsir bağışladığını vurğulayırlar. Yaxın keçmişdə bu prospekt daha bir ad dəyişikliyinə məruz qalıb və hazırda o, 8 Noyabr (İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun Şuşa şəhərini ələ keçirdiyi və rəsmi şəkildə Zəfər bayramı elan olunmuş tarix) adlandırılır.
Sovet həyatından qalma ifadə və məsəllər həm rus həm də (nisbətən daha az olsa da) Azərbaycan dilində, gündəlik nitqdə, tez-tez ironik tonda istifadə olunur. Həmçinin, əhalinin azərbaycandilli hissəsi sovet dövrünün (müasir filmlərdən qat-qat üstün hesab etdikləri) Azərbaycan filmlərindən gütürülmüş ifadələrdən tez-tez istifadə edirlər. SSRİ-nin dağılmasından sonra Azərbaycan kinematoqrafiyası koma vəziyyətinə düşdüyü, və hələ də o vəziyyətdən tam çıxa bilmədiyi üçün, insanların sitat gətirmək istəyəcək qədər çox sevdikləri məşhur müasir film, demək olar ki yoxdur. Azərbaycanlıların “kommunal ölkə”də yaşadıqları müddətdə ruslardan götürdükləri bəzi xurafatlar da inadla onların gündəlik həyatında qalmaqda davam etməkdədir. Məsələn, bir çox azərbaycanlılar (hətta, rus dilini ümumiyyətlə bilməyənlər belə) may ayında toy etməkdən yayınmağa çalışırlar. Bu ənənə, yəqi ki, “əziyyətini ömür boyu çəkmək”lə (“маяться всю жизнь”) hədələyən rus məsəlinin təsiri altına formalaşıb. Azərbaycan dilində “маяться” sözü yoxdur, amma nigaha son dərəcə ciddi yanaşan azərbaycanlılar, hər ehtimala qarşı, özlərini sığortalamağa çalışırlar.
Geri yol yoxdur, elə isə başqa yerə
Respondentlərlə söhbət etdikdə, onların cavablarını təhlil etdikdə, eləcə də, öz müşahidələrimiz əsasında, Azərbaycanda sovet dövrünə münasibətin (rəsmi ritorikanı və cəmiyyətin şüurlu, kiçik solçu kəsiminin fikirlərini nəzərə almasaq) ideologiya və siyasi sistemlə heç bir əlaqəsinin olmadığı qənaətinə gəlirik. sovet dövrünün bu komponentləri onu qiymətləndirərkən ümumiyyətlə nəzərə alınmır. Yaşlı nəslin öz gəncliyini və gənclərin öz uşaqlıq dövrlərini (heç də təəcüblü və gözlənilməz olmayan) ideallaşdırmasını nəzərə almasaq, o dövr heç bir halda xüsusi idealizasiya obyektinə çevrilmir.
Azərbaycandakı sovet nostalgiyası sosial nostalgiyadır, onun təməlində keçmişə qayıtmaq istəyi deyil, indiki zamandan narazılıq dayanır. Yaşlı nəsil arasında bu, digər şeylərlə yanaşı, onlara dağıdılmış sosial institutları əvəz etmək üçün hələ də layiqli heç nəyin təklif olunmamasının nəticəsi olan məyusluq və ikrahdan qaynaqlanır. İndiki vəziyyətdən narazı olan gənclər isə sovet keçmişinə işlərin başqa cür (daha yaxşı) ola biləcəyinin ən yaxın və əlçatan nümunəsi kimi baxırlar. SSRİ-nin bu və ya digər formada bərpasını ağıllarından belə keçirməyən, belə bir variantın qeyri-mümkünlüyünü dərk edən hər iki yaş qrupundan olan insanlar, bu günlərinin rahatlığı və gələcəklərinin heç olmasa bir az nikbinlik vəd etməsi qarşılığında geriyə boylanmaqdan məmnuniyyətlə imtina edərdilər.
Amma Azərbaycan nümunəsində geriyə baxmağın alternativi uzağa baxmaqdır: həyat keyfiyyəti ilə göz qamaşdıran “birinci dünya” ölkələrinə, Avropaya və ABŞ-a doğru. Çoxları məmnuniyyətlə bu varianta üstünlük verib, üzlərini keçmişdən uzağa doğru çevirirlər, çünki SSRİ-dən fərqli olaraq, Avropa, ABŞ və ya Kanadaya getmək, heç olmasa, mümkündür.
Məqalənin məzmununa görə yalnız müəlliflər məsuliyyət daşıyır və burada ifadə edilən fikirlər heç bir şəkildə “Heinrich Böll Fondu Cənubi Qafqaz Regionu - Tbilisi Ofisi”nin görüşləri kimi təqdim edilə bilməz..