Siyasi nəzarət güzgüsü: Azərbaycanda ətraf mühit iştirakçılığı uğrunda mübarizə

Bu məqalədə Azərbaycanda ətraf mühitin idarə edilməsində ictimaiyyətin iştirakı kimi mühüm bir məsələ araşdırılır, xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı, yəni COP29-a ev sahibliyi kontekstində ekoloji prosessual hüquqlar və siyasi repressiya arasındakı mürəkkəb əlaqəyə diqqət yetirilir. Orxus Konvensiyası kimi beynəlxalq çərçivə sənədini imzalamasına baxmayaraq, Azərbaycan hökuməti ətraf mühitlə bağlı qərarların qəbulunda ictimaiyyətin iştirakını sistematik şəkildə pozur. Jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin saxlanması və onlara qarşı davam edən repressiyalar hökumətin nəzarəti əlində saxlama və fərqli fikirlərin susdurulması strategiyası ndan, eləcə də ölkədə artan ekoloji problemlərin həllində vətəndaşları səs hüququndan məhrum etməsindən xəbər verir. Məqalədə ekoloji prosessual hüquqların məhdudlaşdırılmasının daha geniş siyasi repressiya mühitini necə bir şəkildə əks etdirdiyi ortaya qoyulur. 

Read in English

Baku Cityscape

9 dekabr 2023-cü il tarixində Azərbaycan BMT-nin İqlim Dəyişikliyi Konfransı olan COP29-a ev sahibliyi edəcək ölkə elan edildi. Bundan cəmi iyirmi gün əvvəl korrupsiya və insan hüquqları pozuntuları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil qeyri-kommersiya media qurumu “AbzasMedia”nın direktoru Ülvi Həsənli polis tərəfindən saxlanıldı. 

Əvvəlcə dörd ay müddətinə saxlanılan Həsənli 2024-cü ilin oktyabr ayına olan məlumata görə, artıq bir ildir ki, istintaq təcridxanasındadır

İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizə xüsusilə avtoritar rejimlərin hökm sürdüyü dövlətlərin siyasi gündəmlərdə əsas yer tutduğundan, ətraf mühitin idarə edilməsi və siyasi nəzarət kimi məsələlərin kəsişməsi qlobal diskursun əsas mövzusuna çevrilib. Zəngin karbohidrogen ehtiyatları və strateji geosiyasi mövqeyə malik olan Azərbaycan avtoritar rejimlərdə prosessual hüquqların pozularaq hakimiyyəti gücləndirmək üçün ətraf mühit idarəetməsindən necə bir şəkildə istifadə edildiyinə dair parlaq bir nümunədir.

Bu il noyabrın 11-22-də keçiriləcək COP29 tədbirinə hazırlıqların getdiyi bir vaxtda ölkədə vətəndaşların rifahını təhlükə altına alan siyasi repressiya və ekoloji böhranların mürəkkəb qarşılıqlı təsiri hökm sürməkdədir. Azərbaycan hökuməti müstəqil QHT-lərlə əlaqə qurmaq əvəzinə onları fəal şəkildə kənarlaşdırır və təqib edir. 2023-cü ilin noyabr ayından bəri ən azı 25 jurnalist və tənqidçi həbs edilib və hesabatlar göstərir ki, hal-hazırda Azərbaycanda siyasi məhbusların sayı “üç rəqəmli”dir1. 2023-cü ilin noyabrında media orqanları ilə başlayan həbslər silsiləsi o vaxtdan QHT rəhbərlərini, hüquq müdafiəçilərini, tədqiqatçıları və hökumət tənqidçilərini də əhatə edib və 2024-cü ilin avqustunda Bəhruz Səmədovun həbsi edilməsi ilə sülh fəallarına qarşı son repressiya dalğası ilə yekunlaşıb2 . Eyni zamanda, ölkə üzvi yanacaq sənayesinin zərərli nəticələrinin fonunda iqlim dəyişikliyi, havanın çirklənməsi və su qıtlığı kimi çoxsaylı ekoloji problemlərlə mübarizə aparmaqdadır. Son hesabatlar göstərir ki, Bakıda havanın çirklənmə səviyyəsi təhlükəsiz həddi aşmaqdadır və əhalinin təxminən 30%-nin təhlükəsiz içməli sudan istifadə imkanı yoxdur3

Fərqli görünsə də, əslində bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Belə ki, təbii sərvətlərin istismarı hökumətin gücünü artırır, bu isə fərqli fikirli şəxslərin təqibinə daha yaxşı imkan yaradır. Öz növbəsində, bu növ düşüncənin təqibi  hökumətin fəaliyyətinə tənqidi nəzarəti aradan qaldırır və nəticədə  ekoloji hüquqlar və vətəndaş azadlıqları daha rahat şəkildə pozulur. Jurnalistlərə, fəallara və hüquq müdafiəçilərinə qarşı davam edən təzyiqlər vətəndaşları susdurmaqla onları bu aktual ekoloji problemlərin həlli yollarını müdafiə etmək məsələsində səssiz qoyur. Fərqli düşüncə sıxışdırıldıqca, hökumət ekologiya sahəsində siyasətlərə nəzarəti ələ keçirir və bu da nəticədə korrupsiya və yanlış idarəetmənin çiçəklənməsinə yol açır. 

Bu məqalədə Azərbaycanda ekoloji prosessual hüquqlar və ictimai iştirakçılıq uğrunda mübarizə arasında əlaqəni araşdırılır və bu məsələlərin siyasi nəzarəti geniş bir şəkildə necə əks etdirdiyini göstərir. 

Azərbaycanda siyasət və ekologiyanın kəsişməsi 

Azərbaycanda vətəndaşların əsas mülki və siyasi hüquqlardan, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığından məhrum olduğunu nəzərə alsaq, siyasi ab-hava xüsusilə gərgindir. Bu hüquqlarından istifadə etməyə cəhd edənlər çox vaxt müxtəlif təqiblərə məruz qalırlar. Bu məhdudiyyətlər beynəlxalq təşkilatların hesabatlarında ardıcıl olaraq işıqlandırılmaqdadır. Freedom House təşkilatının “Dünyada Azadlıq 2024” hesabatında Azərbaycan qlobal azadlıq şkalası üzrə 100 baldan 7 balla “azad deyil” kimi qiymətləndirilib4. Bundan əlavə, Azərbaycan Transparency İnternational təşkilatının Korrupsiya Qavrama İndeksində  180 ölkə arasında 154-cü yerdə olmaqla şəffaflığa görə dünyada ən aşağı yerlərdən birini tutur. 2024-cü ildə Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycanı mətbuat azadlığı indeksinə görə5 180 ölkə arasında 164-cü yerə layiq görüb. Siyasi Məhbusların Azadlıq Birliyinə əsasən, 2024-cü ilin iyun ayına olan məlumata görə, ölkədə 303 siyasi məhbus var6.

Bu repressiya tendensiyası siyasi azadlıqların hüdudlarından kənara çıxmaqla ekoloji problemlərə də sirayət edir. Ölkənin coğrafi mövqeyi, zəif idarəetmə və üzvi yanacaq sənayesindən asılılıq artan ekoloji problemləri daha da kəskinləşməsinə səbəb olur. IQAir-in bu yaxınlarda hazırladığı hesabatda PM2.5 səviyyələrinə görə Azərbaycan 134 ölkə arasında 52-ci yerdə qərarlaşıb ki, bu da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilən təhlükəsiz hədləri7 aşmaqdadır. Daha da pisləşməkdə olan hava keyfiyyəti ilə üzləşən Bakı şəhəri isə qiymətləndirilmiş 114 şəhər arasında 45-ci yerdədir. Ümumdünya Səhiyyə Hesabatına görə, 2023-cü ildə Azərbaycan əhalisinin 28%-nin təhlükəsiz içməli sudan istifadə imkanı olmayıb ki, bu da 2022-ci il hesabatı ilə müqayisədə 12% artım deməkdir8. Ölkədə yaşıllıqların sahəsi kəskin şəkildə məhduddur; ÜST-nin tövsiyə etdiyi minimum olaraq adambaşına 9 kvadratmetr və Avropa paytaxtlarında orta hesabla adambaşına düşən 41 kvadratmetrlə müqayisədə Bakıda yaşıllıqların sahəsi adambaşına təxminən 5 kvadratmetr təşkil edir9

Paris Sazişinə əsasən, Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı hədəfləyir. Lakin Dünya Bankı və bu kimi digər təşkilatlar bu planın həddindən artıq iddialı olduğunu və ölkənin bu hədəflərə çatmaq yolunda olmadığını bildirirlər10. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qafqaz Regional Ekoloji Mərkəzi ilə birgə hazırlanan “Azərbaycanda Milli Ekosistemin Qiymətləndirməsi” adlı hesabatda da bu məqsədə nail olmaq üçün uyğunlaşma komponentinin olmadığı qeyd olunur11. İqlim Fəaliyyəti İzləyicisi (Climate Action Tracker - CAT) tərəfindən Azərbaycanın iqlim sahəsində fəaliyyəti “kritik dərəcədə qeyri-kafi” kimi qiymətləndirərək, ölkənin 2030-cu il emissiya hədəfindən imtina etdiyi, “iqlim fəaliyyətində irəliləmək əvəzinə geriyə doğru addımlaması” qeyd olunur.12

Azərbaycanın ekoloji və siyasi problemlərindən danışarkən nəzərə almaq lazımdır ki, əslində təbii sərvətlər, xüsusən də ölkənin zəngin karbohidrogen ehtiyatları bir növ ikitərəfli qılıncla çevrilmiş və vətəndaş hüquqlarının pozulmasında mühüm rol oyanmışdır. Qonşu ölkələr olan Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycandakı siyasi hərəkatlar əsasən ölkənin enerji ehtiyatlarından əldə etdiyi böyük sərvət hesabına formalaşmış totalitar rejimi xatırladan modelə uyğun olaraq təşəkkül tapıb. Enerji ehtiyatları və onların verdiyi maliyyə gücü hökumətə müxalifəti sıxışdırmaq imkanı verib13. Azərbaycan hökuməti “kürü diplomatiyası” və digər diplomatik üsullar vasitəsilə Qərb diplomatlarına təsir göstərməyə, öz legitimliyini təsdiq etməyə və insan haqlarının pozulmasına görə sanksiyalardan qorunmağa nail olub.

Bu məsələ Ukraynadakı müharibə səbəbindən daha da kəskinləşməkdədir. Avropa Rusiya enerjisindən asılılığı azaltmağı qarşısına məqsəd qoyduğu üçün Qərbin Azərbaycan qazından asılılığı daha da artıb. 2022-ci il iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış yeni enerji sazişində Azərbaycanın Avropaya qaz tədarükünü iki dəfəyə qədər artırması nəzərdə tutulur14 . Elə həmin ilin sonunda Prezident İlham Əliyev bəyan etmişdi ki, 2024-cü ildə Azərbaycanın qaz ixracının 10%-dən çox artacağı proqnozlaşdırılır ki, bunun da yarıdan çoxu Avropaya yönəldiləcək. Ümumi qaz ixracı müqavilədə nəzərdə tutulduğu kimi hələ tam artmasa da, Azərbaycan Avropanın dördüncü ən böyük qaz təchizatçısı olaraq “etibarlı enerji tərəfdaşı”15 kimi qəbul edilir. Bu zərurət geosiyasi mənzərəni dəyişdirərək, Azərbaycanı Avropa üçün həyati əhəmiyyət kəsb edən ölkəyə çevirir və bu, lazım gələrsə, ölkədə baş verməkdə olan insan haqları pozuntularına göz yumulmasına da səbəb ola biıər.

Ölkədəki ekoloji fəallığın tarixinə nəzər salsaq bu məsələ ilə bağlı əlavə məlumat əldə etmiş olarıq. Ən erkən geniş miqyaslı “ekoloji” etirazlardan biri siyasi kontekstdə, daha dəqiq desək, insanların Dağlıq Qarabağ hakimiyyətinin alüminium zavodu tikmək məqsədi ilə Topxana meşəsində ağacları qırmasına qarşı ayağa qalxması zamanı baş vermişdi. Bu etiraz aksiyası daha sonra Sovet İttifaqının dağıldığı bir vaxtda bölgədə etnik münaqişənin alovlanması üçün həlledici bir zəmin oldu. Bir çox alimlər tərəfindən bu nümayişlərin həqiqətən də ekoloji narahatlıqlar səbəbindən baş verdiyi və ya siyasi fonda formalaşan reaksiyalar tərəfindən idarə olunduğu uzun müddət müzakirə edildi16. Bu tarixi kontekst Azərbaycanda ekologizm və siyasi nəzarət arasında daha geniş dinamikanı anlamaq üçün zəmin yaradır.

Bu dəfə hökumətin yaxından dəstəklədiyi oxşar tendensiya 21-ci əsrdə də davam etdi. 2022-ci ilin dekabrında Azərbaycan vətəndaşları ekoloji narahatlıq adı altında Laçın dəhlizini bağlayaraq ermənilərin Qarabağda qeyri-qanuni qızıl hasilatı fəaliyyətinə etiraz etdilər. Hökumət vaxtaşırı müxalifətin və fəalların Bakının mərkəzində etiraz aksiyası keçirməsinə icazə verməyərək, “nəqliyyatın hərəkətinə mane olmaq”, “vətəndaşların sərbəst hərəkət hüququnu pozmaq” kimi səbəblər göstərsə də, ermənilərlə Qarabağ arasında yeganə yolu bağlayan aksiyaya icazə vermişdi. Fərqli düşüncəyə bu selektiv yanaşma açıq şəkildə Azərbaycan hökuməti tərəfindən həqiqi ekoloji etirazların zorakılıqla dağıdıldığını, Laçın dəhizində baş verən etiraz aksiyasının dəhlizin bağlanmasına haqq qazandırmaq üçün siyasi bir alət kimi təşkil edildiyini və dövlət tərəfindən səfərbər edilmiş aktyorların özlərini ekoloji fəallar kimi təqdim etdiyini göstərir17.  

Azərbaycan və Ermənistan arasındakı münaqişə həm də regiona təsir edən ümumi ekoloji problemlərin həlli istiqamətində səylərə mane olur. Hökumətlərarası münasibətlərin zəif olması səbəbindən meşələrin qırılması, torpaqların deqradasiyası, resursların istismarı və çirklənmə kimi ümumi problemləri kollektiv şəkildə həll etmək çətin görünür18. Münaqişə Araz çayının çirklənməsi və su qıtlığı, Qarabağda ekoloji problemlərlə bağlı məsələlərin həllini daha da çətinləşdirir. Bundan əlavə, son on ildə Xəzər dənizində suyun səviyyəsinin kəskin şəkildə, yəni 114 santimetrə qədər azalmasına baxmayaraq, Azərbaycanın və digər Xəzəryanı dövlətlərin bu su hövzəsi ilə bağlı əməkdaşlıq edə bilməməsi Xəzər dənizinin ekologiyası ilə bağlı problemlərin həlli istiqamətində tədbirlərin görülməsinə mane olur19.

Ətraf mühit məsələlərində ictimaiyyətin iştirakı 

Azərbaycanda ekoloji fəallıq müstəvisi kəskin şəkildə məhduddur. Ətraf mühitin mühafizəsi üzrə fəallar sayca azlıq təşkil edir və ekologiya sahəsində ixtisaslaşmış QHT-lərin və ya ekoloji problemlərin həlli ilə məşğul olan müstəqil insan hüquqları müdafiəçilərinin sayı barmaqla sayıla bilən qədərdir. Bu, ilk növbədə ekoloji təbliğatla məşğul olmağa çalışan QHT-lərin və vətəndaşların üzləşdiyi sistematik təqib və repressiyalarla bağlıdır. Fəallıq sferasından kənarda ekoloji problemlər yarananda sadə vətəndaşlar öz narahatlıqlarını dilə gətirə bilmirlər. Hökumətin vətəndaş cəmiyyəti üzərində ciddi nəzarəti və repressiv taktikası qorxu və sükut mühiti yaradır. Vətəndaşlar həbs təhlükəsi, təqib və digər təqib formaları üzündən bir çox hallarda öz sözlərini deməkdən çəkinirlər.

Təsadüfi deyil ki, Gədəbəy rayonunun Söyüdlü kəndində qızıl hasilatının dayandırılması ilə nəticələnən etirazlardan sonra şirkət bu dəfə nə vətəndaş cəmiyyəti, nə də yerli vətəndaşlar tərəfindən heç bir reaksiya ilə qarşılaşmadan bu ilin avqustunda fəaliyyətini bərpa etdi. Çünki bu məsələ ilə bağlı səsini ucalda biləcək yerli sakinlər təhdidlərə məruz qalmış, və ya həbs olunmuş, ya da ciddi repressiyalara məruz qalmışdılar. Bu isə istənilən potensial müxalifətin effektiv şəkildə susdurulması deməkdir. 

a.    Qeyri-hökumət təşkilatları 

Vətəndaş cəmiyyəti və QHT-lər ekoloji problemlərin həllində mühüm rola malikdir. Bununla belə, bu təşkilatlar çoxsaylı ümumi və konkret çətinliklər səbəbindən bu işi çox çətinliklə yerinə yetirirlər. 

Əvvəla, QHT-lərin səmərəli fəaliyyət göstərməsi üçün müstəqil mühit əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. 2014-cü ildə vətəndaş cəmiyyətinə qarşı sərt repressiyalardan sonra müstəqil vətəndaş cəmiyyəti mühiti demək olar ki, olaraq dağıdıldı. Nüfuzlu hüquq müdafiəçiləri həbs olundu, xarici QHT-lər ölkədən çıxarıldı, QHT-lərin fəaliyyətini və maliyyələşməsini ciddi şəkildə məhdudlaşdıran yeni məhdudlaşdırıcı qanunlar qəbul edildi. Nəticədə, müstəqil QHT-lərin qeydiyyatı demək olar ki, qeyri-mümkümdür. Mövcud QHT-lər isə hər hansı qrant əldə etmək üçün Ədliyyə Nazirliyindən icazə almalıdırlar.

Nəticə isə Azərbaycanda ekologiya sahəsində qeydiyyatdan keçmiş müstəqil QHT-lərin qətiyyən mövcud olmamasıdır. Müstəqil fəaliyyət göstərənlərin isə rəsmi qeydiyyatı yoxdur və bu səbəbdən də qanuni olaraq qrant və ya oxşar maliyyə vəsaitlərini qəbul edə bilmirlər. Bunun əvəzində isə vətəndaş cəmiyyəti adı altında fəaliyyət göstərən, lakin çox vaxt həqiqi müstəqillikdən məhrum və hökumət tərəfindən təşkil edilmiş qeyri-hökumət təşkilatları (Government organized non-governmental organizations - GONGO) üstünlük təşkil edir.
Vəziyyət 2023-2024-cü illərdə QHT-lərə qarşı təzyiqlərin son dalğasından sonra daha da pisləşib. Bu dalğa ilk növbədə ekoloji fəalları (çox az saylı) hədəf almasa da, həbs edilmiş şəxslərin bir çoxu ekoloji fəaliyyətlə də məşğul idilər. Məsələn, AbzasMedia komandası ekoloji məsələlərlə bağlı geniş araşdırmaları, o cümlədən Söyüdlü işi ilə bağlı apardığı araşdırması ilə tanınır; hüquq müdafiəçisi Anar Məmmədli COP29 Ədalət Mühiti Təşəbbüsünün üzvü idi; Dr. Qubad İbadoğlu neft və qaz sənayesi ilə bağlı geniş araşdırma apararaq, Azərbaycan Dövlət Neft Fondunda (SOFAZ) korrupsiya faktlarını araşdırıb. Bu şəxslər ekoloji fəallar kimi tanınmasalar da, onların səyləri danılmaz şəkildə ekoloji problemlərlə bağlıdır. Onların həbsi ictimaiyyətin ətraf mühit məsələlərində iştirakını ciddi şəkildə əngəlləməklə birmənalı olaraq ekoloji gündəmə təsir göstərmişdir20

Bütün bunlara baxmayaraq, Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən bir neçə ekoloji fəal və QHT mövcuddur.

Bu reallığın üç əsas səbəbi var: ekoloji problemlərin prioritetləşdirilməməsi, ekoloji biliklərin kifayət qədər olmaması və maliyyə məhdudiyyətləri. Azərbaycanda QHT kontekstini ümumi araşdırdıqda məlum olur ki, burada QHT-lərin əksəriyyəti insan haqları, media və gender problemləri sahəsində fəaliyyət göstərir ki, bu mövzular da indiki şəraitdə daha aktual hesab olunur. Təbii ki, şəxsi azadlıqlar təhlükə altında olanda ətraf mühitin mühafizəsi ilə bağlı narahatlıqlar arxa plana keçir. Beləliklə, insan hüquqları ilə bağlı məsələlərin daha çox aktuallaşdığı bir şəraitdə ekoloji problemlərin həlli daha az əhəmiyyət kəsb etməyə başlayır. 

Bundan başqa, mövcud olan azsaylı ekoloji QHT-lər bir çox hallarda ekoloji məsələlərlə bağlı məlumatlılığın kifayət qədər olmaması kimi problemlə üzləşirlər. Ölkədə müstəqil akademik mühitin olmaması belə bir məlumatlılığın təşəkkül tapmasına mane olur. Məsələn, Gədəbəydə Söyüdlü hadisəsi zamanı müstəqil QHT-lər və hüquq müdafiəçiləri göldə sianidlə çirklənmənin aşkar edilməsi ilə bağlı maneələrlə qarşılaşdılar. Belə ki, araşdırma aparmaq istəyənlər bu sahədə müvafiq biliklərə malik deyildilər, biliyi olanlar isə bu işin doğura biləcəyi siyasi nəticədən qorxurdular. 

Qrant qanunvericiliyinin yaratdığı maneələrlə yanaşı, vətəndaş cəmiyyəti ciddi maliyyə məhdudiyyətləri ilə də üzləşməkdədir. Donor təşkilatlar çox vaxt ekoloji təşəbbüslərə heç bir maliyyə vəsaiti ayırmadan və ya minimum məbləğdə vəsait ayıraraq ekoloji məsələlərdən daha aktual hesab olunan məsələləri prioritetləşdirirlər. Beynəlxalq təşkilatların qrant siyasətinin təhlili göstərir ki, Cənubi Qafqazda ekoloji problemlərlə bağlı ən az maliyyə dəstəyini Azərbaycandakı vətəndaş cəmiyyəti alır21. Nəticədə vətəndaş cəmiyyəti öz ekoloji fəaliyyətini qeyri-mütəşəkkil şəkildə, təsadüfi maliyyələşməyə arxalanaraq həyata keçirir.

GONGO-lar

Azərbaycanda GONGO-ların üstünlük təşkil etməsi ölkənin vətəndaş cəmiyyəti mühitində ciddi bir problemin olmasından xəbər verir. Bu təşkilatlar çox vaxt real problemləri həll etməkdənsə, “yaşıl beyinyuma” metodundan istifadə etməyə üstünlük verirlər. Ağacəkmə aksiyaları və çimərliklərin təmizlənməsi kimi təşkil etdikləri fəaliyyətlər uzunmüddətli ekoloji fayda əldə etməyə deyil, görüntü yaratmağa hədəflənir. “Yaşıl beyinyuma” metodundan bu şəkildə istifadə hökumətə hər hansı bir əhəmiyyətli dəyişikliyə nail olmadan ətraf mühitin mühafizəsi sahəsində fəallıq görüntüsü yaratmağa imkan verir.  

Hökumət tərəfindən təşkil edilmiş qeyri-hökumət təşkilatları arasında ən görkəmlisi Prezident İlham Əliyevin qızı Leyla Əliyevanın təsis etdiyi və sədri olduğu Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq (IDEA) İctimai Birliyidir. Dövlət tərəfindən təşkil edildiyini nəzərə alsaq, ölkədə ekologiya sahəsində ən böyük GONGO olan bu təşkilatın mövcud rejimin ekoloji siyasətini tənqid etməsini gözləmək real deyil. Digər diqqətəlayiq nümunə isə Toplan Evsiz İtlərə Qayğı Mərkəzidir. Qeyri-hökumət təşkilatı olmasa da, bu, Prezidentin xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi, Leyla Əliyevanın isə vitse-prezidenti olduğu Heydər Əliyev Fondu ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə layihədir. Təşkilatın missiyasının heyvanların rifahı olmasının bəyan edilməsinə baxmayaraq, bu layihə bəyan edilmiş məqsədləri ilə kəskin şəkildə ziddiyyət təşkil edən ciddi tənqidlərlə üzləşməkdədir. Fəallar iddia edirdilər ki, Toplan sahibsiz itləri Bakının mərkəzindən şəhərin kənarlarına aparıb ki, orada da onların aqibəti güllələnərək öldürülmək olub22. Itlərin güllələnməsi iddiası təsdiqlənməsə də, sosial mediada paylaşılan videolarda Toplan işçilərinin itlərə işgəncə verdiyi görünür. İctimaiyyətin etirazına cavab olaraq Toplan itləri işgəncəyə məruz qoyan şəxsləri işdən qovmuşdu23. Heyvan haqları müdafiəçiləri bu məsələ ilə bağlı məlumat toplamağa cəhd edəndə onların etirazları vəhşicəsinə dağıdılmışdı. Onlara sahibsiz itlərin harada olması barədə məlumat verilməmiş, bir çox fəal isə polis tərəfindən saxlanılmış, cərimələnmiş və zorakılığa məruz qalmışdı24. Bundan əlavə, bəzi şəxslər hətta Toplan tərəfindən irəli sürülən böhtan ittihamları ilə üzləşmişdilər25.

Azərbaycanda GONGO-ların üstünlük təşkil etməsi nəinki vətəndaş cəmiyyətinə xələl gətirir, həm də ölkənin aktual ekoloji problemlərini həll edə bilməyən ekoloji aktivizm görüntüsünü qoruyub saxlayır. 

b.    Vətəndaşların və geniş kütlənin iştirakı 

Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik ölkə olsa da, geniş yayılmış korrupsiya halları, şəffaflığın olmaması və iqtisadi bərabərsizlik səbəbindən əhali ümumi olaraq yüksək həyat standartına malik deyil. Əksinə, bu sənayenin mənfi təsirləri cəmiyyətin daha zəif təbəqələrinə doğru ötürülür26. Karbohidrogen ehtiyatlarının maliyyə aktivləri və ya yüksək sosial status kimi faydaları hakimiyyətdə olanlar tərəfindən mənimsənilir, havanın və suyun çirklənməsinin və torpağın deqradasiyasının mənfi təsirləri isə qeyri-mütənasib olaraq əhalinin daha zəif kütləsi tərəfindən hiss edilir. Xam neftin çirkləndirdiyi çaylar27, neftin yaşayış məntəqələrinə sızması, vətəndaşların evlərini dağıtması28, neft quyularının evlərin yaxınlığında heç bir qorunma olmadan yerləşməsi29, havanı çirkləndirən və ətraf mühitə təhlükə yaradan neft çuxurlarına30 rast gəlmək adi hala çevrilib. Bundan əlavə, təbii sərvətlər və ətraf mühit sadəcə istirahət və estetik həzz mənbəyi deyil; əhalinin əhəmiyyətli bir hissəsi üçün onlar mövcudluq üçün zəruri olan dolanışıq hüququnu31 təşkil edir. Su, otlaqlar və meşələr kimi ehtiyatlar onların gündəlik yaşayışı üçün həyati əhəmiyyət kəsb edir. Məsələn, kənd təsərrüfatında işçi qüvvəsinin 36 faizi çalışır ki, bu da əhalinin böyük bir hissəsinin rifahını və iqtisadi sabitliyini təmin etmək üçün bu resursların qorunmasının nə dərəcədə vacib olduğunu göstərir32 . 

Bu və buna bənzər səbəblərdən ətraf mühit məsələlərində ictimaiyyətin iştirakı Azərbaycan xalqının rifahı üçün vacibdir. Bununla belə, əhali ekoloji proseslərdə iştirak etməkdə xüsusi olaraq maraqlı deyil. Ekoloji hüquqları müdafiə edən bir təşkilat bizə müsahibəsində bildirib ki, çoxlu sayda ekoloji şikayətlər hazırlansa da, adi vətəndaşlar tərəfindən dövlət qurumlarına heç bir şikayət verilməyib. Bu maraqsızlığın kökü dövlət siyasətinə gedib çıxır. Belə ki, ölkənin təhsil proqramlarında ekoloji maarifləndirmə ilə bağlı hərtərəfli təşəbbüslər yer almayıb, ictimaiyyət, o cümlədən QHT-lər tərəfindən ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi qadağan edilir və ya bu kimi tədbir keçirməyə cəhd edənlər isə ciddi məhdudiyyətlərlə üzləşirlər. 2023-cü ilin mayında baş vermiş faciəvi hadisəni buna missal gətirmək olar. Bakının Maştağa kəndində 10 yaşlı iki uşaq su, mazut və məişət tullantıları ilə dolu quyuya düşərək boğulub. İnsidentdən sonra yerli bələdiyyə günahı Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) üzərinə atmış, o da öz növbəsində quyunun mülkiyyətçiliyini inkar edərək bələdiyyəni günahlandırmışdı33. Bu, ciddi bir hadisə olsa da, ictimaiyyətin ciddi reaksiyasına səbəb ola bilmədi. Etirazlar baş versəydi belə, onların müsbət nəticələrə səbəb olub olmayacağı da mübahisəli məsələdir. Bununla belə, hər hansı bir kollektiv fəaliyyətin olmaması əhali arasında geniş yayılmış ümidsizlik hissinin göstəricisidir.

Saatlı və Söyüdlü işləri

İnsanlar ekoloji məsələlərlə maraqlananda və qanun pozuntularına etiraz edəndə, nə baş verir? Təəssüf ki, Azərbaycanda baş verən son hadisələr dövlət repressiyasının narahatedici modelini ortaya qoyur.

Human Rights Watch təşkilatının 2023-cü il Dünya Hesabatına əsasən, həmin il Azərbaycanda ekoloji problemlərlə bağlı iki kütləvi hərəkat zorakılıqla yatırılıb34. Bunlar Saatlı və Söyüdlü kəndlərində baş verən ekoloji etirazlardır. Saatlıda keçirilən etiraz aksiyası su qıtlığına qarşı, Söyüdlüdəki isə yaxınlıqdakı qızıl mədəninin zəhərli tullantılarının atılması üçün istifadə edilən süni gölün yaradılmasına qarşı yönəlmişdi. Hər iki halda dinc etirazçılara qarşı çoxsaylı polis qüvvələri tərəfindən gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub.
 

Elderly women confront riot police in Soyudlu village, Gadabay, protesting against the construction of a new artificial lake to hold waste from a nearby gold mine (photo: OC Media)
Gədəbəyin Söyüdlü kəndində yaşlı qadınlar yaxınlıqdakı qızıl mədəninin tullantılarının axıdılması üçün yeni süni gölün tikintisinə etiraz edərək polislə üz-üzə gəlib (foto: OC Media) 

Saatlıda üç nəfər, o cümlədən 15 yaşlı yeniyetmə ağır bədən xəsarətləri alıb, 8 nəfər tutulub, onlardan 3-ü inzibati qaydada həbs edilib35. Söyüdlüdə yaşlı qadınlar da daxil olmaqla çoxlu sayda insan yaralanıb, 11 nəfər saxlanılıb, onlardan səkkizi inzibati həbs cəzası alıb, üçü isə narkotik maddələrlə bağlı cinayətlərdə ittiham olunub36. Hazırda bu nümayişlərdə iştirak edənlər hələ də təcridxanalarda saxlanılmaqdadır.

Hökumətin vətəndaşlara qarşı güc tətbiq etməsi onların konkret tələblərə məhəl qoymadığı mənasına gəlmir. Əslində, hər iki halda hökumətin bu narahatlıqları konstruktiv şəkildə həll etmək imkanı var idi. Bu isədaha geniş bir strategiyadan xəbər verir. Hökumət güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirməklə, fərdlərin özlərini təhlükədə hiss etdiyi və gələcəkdə bu cür etiraz aksiyaları keçirməkdən çəkinəcəyi bir mühit yaratmağa çalışır. Məqsəd onun gücünə qarşı çıxa biləcək və ya mənfi tərəflərini ifşa edə biləcək kütləvi hərəkatların yaranmasının qarşısını almaqdır.

Etirazların bəzi müsbət nəticələr verdiyisonrakı hadisələrdən da aydın görünür. Məsələn, Söyüdlü kəndində baş verən hadisə ciddi rezonans doğurdu. Ölkə başçısı ictimaiyyət qarşısında çıxışı zamanı bu məsələyə toxundu, Nazirlər Kabineti tərəfindən vəziyyəti araşdırmaq üçün Işçi Qrupu yaradıldı37 , araşdırmalar nəticəsində göldə sianid aşkar edildi və şirkətin fəaliyyəti bir il müddətinə dayandırıldı38.

Bu hadisənin geniş rezonans doğurmasına baxmayaraq, hökumətin cavabı etirazların yatırılmasına yönəldi. Belə ki,etiraz iştirakçılarına qarşı pis rəftar və həbslərlə yanaşı, ümumi ictimai nəzarətə mane olmaq üçün daha geniş strategiyalar tətbiq olundu: Aksiyadan sonra üç jurnalistin telefonu əlindən alındı, biri polis bölməsinə çağırıldı, digəri isə qohumlarının işdən çıxarılması ilə hədələndi39. Başqa bir jurnalist aksiyanın dağıdılmasında iştirak edən polislərin fotoşəkillərini öz Facebook səhifəsindən silməyə məcbur etmək üçün işgəncələrə məruz qoyuldu40. Hadisə yerinə girişin qarşısını almaq üçün kənd və göl mühasirəyə alındı və əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edildi41. Bunlar nəinki hökumətin fərqli fikirləri boğmağa hər an hazır oduğunu, həm də ölkədə ictimai iştiraka həqiqətən də icazə verilmədiyini göstərir. Təsadüfi deyil ki, Söyüdlü hadisəsindən sonra Prezident nəinki məsələnin həll olunacağına söz verdi, o, həm də vətəndaşları sərt tənqid etdi:

“Yeganə olaraq burada özünü ləyaqətlə aparan Azərbaycan polisi idi. Onu hər kəs bilməlidir. 
Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olarr”42.

Təbii ki, polisin uşaqlara, yaşlı qadınlara qarşı zorakılığını  özünü ləyaqətlə aparmaq kimi şərh etmək asan deyil. Lakin bu kimi çıxış və təzyiqlərin nəticəsi göz qabağındadır. Bu ilin avqustunda Azərbaycan hökuməti Söyüdlü kəndində qızıl hasilatının bərpasına icazə verdi43. Lakin nə yerli əhali, nə də vətəndaş cəmiyyəti bu dəfə həmin əraziyə daxil olmağa və ya araşdırma aparmağa cəhd etmədi, çünki keçən il buna cəhd edənlərin başına nələrin gəldiyini hamı yaxşı xatırlayırdı.

Azərbaycanda ekoloji etirazlara dövlətin verdiyi reaksiya vətəndaş fəallığı ilə siyasi nəzarət arasındakı ziddiyyəti açıq şəkildə nümayiş etdirir. Dinc etirazlar hədsiz güclə yatırıldıqda, bu, nəinki kütləvi fəallığın yaranmasına mane olur, həm də əhali arasında çarəsizlik hissini gücləndirir, fərdləri öz hüquqlarını müdafiə etməkdən və ətraf mühiti qorumaqdan çəkindirir. 

Nəticə 

Bu məqalədə Azərbaycanda ekoloji prosessual hüquqlar və siyasi nəzarət arasında mürəkkəb qarşılıqlı əlaqə araşdırılaraq göstərilir ki, Azərbaycanda ekoloji problemlər təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz. Ekoloji problemləri effektiv şəkildə həll etmək üçün bu səylərin mahiyyətcə daha geniş siyasi dinamika ilə əlaqəli olduğunu başa düşmək lazımdır. Ətraf mühitlə bağlı məsələlərdə ictimaiyyətin iştirakı uğrunda mübarizəyə eyni dərəcədə əsaslı siyasi xarakter daşıyan amillər də mane olur. Ətraf mühitlə bağlı məsələlərdə ictimai marağın olmaması, mövcud QHT-lər tərəfindən bu məsələlərin prioritet hesab edilməməsi və ətraf mühitin mühafizəsi üzrə fəalların sayının məhdud olması daha geniş siyasi mühitin göstəriciləridir. Saatlı və Söyüdlüdə etirazların yatırılmasının timsalında kütləvi hərəkatlara dövlətin zorakı reaksiyası müxalif düşüncəni boğmaq və nəzarəti qoruyub saxlamaq üçün daha geniş strategiyanın mövcudluğunu və bununla da ətraf mühitlə bağlı qərarların qəbulunda ictimaiyyətin iştirakının məhdudlaşdırılmasını göstərir.

İctimaiyyətin cəlb edilməsi mədəniyyətinin təşviqi təkcə ekoloji problemlərin həlli üçün deyil, həm də ölkə daxilində demokratik azadlıqların və hesabatlılığın gücləndirilməsi üçün çox vacibdir. Azərbaycan kəsişən yolların üzərində yerləşdiyindən beynəlxalq ictimaiyyət ayıq-sayıq olmalı və vətəndaş məkanının və ekoloji hüquqlarının qorunmasını müdafiə etməlidir. COP29 beynəlxalq ictimaiyyətin ətraf mühit və insan hüquqlarına dair öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Azərbaycan hökumətinə təzyiq göstərməsi üçün mühüm fürsət olmalıdır. Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına beynəlxalq nəzarət və dəstək şəffaflığı və hesabatlılığı təşviq etmək üçün vacibdir.

Yalnız ekoloji ədaləti insan hüquqları və demokratik idarəçilik uğrunda daha geniş mübarizə ilə birləşdirməklə əsaslı tərəqqiyə nail olmaq olar.

The content of the publication is the sole responsibility of the author and can in no way be taken to reflect the views of the Heinrich Boell Foundation Tbilisi Office - South Caucasus Region.

Footnotes