Yaranmaqda olan müxalifət partiyası ReAl-ın həbsdə olan lideri elə həbsdə saxlanılaraq seçkidə iştirak imkanından məhrum edildi. Müxalifət fəaliyyəti qanunla təmin olunsa da, reallıqda hökumətin siyasətinin tənqidinə dözümlülük böyük deyil və inadkar rəqiblər dövlət zorakılıq aparatının qəzəbinə tuş gəlirlər. Müstəbid qanunun tətbiqi şəraitində hökümətin “qırmızı xəttlərini” keçən fəallar mütəmadi olaraq saxlanılırlar.
Bu məqalədə mən iddia edirəm ki, Azərbaycanın demokratiya defisitinin səbəbi ən azı qismən həm siyasi institutlar tərəfindən vətəndaş azadlıqlarının təmin edilməməsi, həm də vətəndaşların liberal demokratiyaya tələbinin zəif olmasıdır. Demokratişləmənin tələb-təklif modelinə görə (Inglehart və Velzel 2005), sabit demokratiya o halda uğurla inkişaf edə bilər ki, orada həm dövlət elitaları tərəfindən təklif edilən institusional demokratiya təminatı (çoxpartiyalı seçkilərin tətbiqi, sərbəst toplaşma və söz azadlığı kimi fundamental azadlıqlarının təminatı), həm də vətəndaşların demokratiya tələbatı (vətəndaşların azadlıqlara necə dəyər verməsi) kifayət qədər yüksək olsun. Həm tələb, həm də təklif zəif olduqda, yəni seçki prosesi hakimiyyətin qələbəsinə xidmət etdikdə, fundamental azadlıqlar məhdud olduqda və xalqın əksəriyyəti demokratik normalar və institutları qəbul etmədikdə, həmin sistem demokratik adlandırıla bilməz. Bu cəmiyyətin demokratikləşmə perspektivləri solğun görünür (bax: 1-ci cədvəl). Mövcud elmi təhlillərdə və ekspert şərhlərində demokratikləşmənin təklif tərəfi həddən ziyadə vurğulandığı halda tələb hissəsi az araşdırılmış mövzu olaraq qalır. Fəal vətəndaş iştirakı və siyasətə qoşulmaq üçün həmrəylik, etibar, dözümlülük və ictimai məsələlərə maraqdan ibarət olan vətəndaş mədəniyyəti lazımdır. Bu məqalədə təqdim olunan bir sıra sübutlar Azərbaycanda belə mədəniyyətin mövcud olmadığını göstərir. Azərbaycandakı siyasi mədəniyyətin təməl dəyərlərini təsvir etmək üçün Edvard Banfildin müharibədən sonrakı Cənubi İtaliya cəmiyyəti üçün istifadə etdiyi “amoral ailəçilik“ (1958) termini daha uyğundur. Burada vətəndaşlar kiçik ailənin maddi faydalarına üstünlük verirlər. Ailə bağları sıx olan fərdlərin siyasi fəaliyyətə qoşulmaq ehtimalı daha aşağıdır. Onların demokratiya üçün akiv təzyiq göstərməsi haqqında isə danışmağa belə dəyməz.
Demokratiya təklifinin zəifliyi: 2018-ci il aprel seçkiləri
Ex ante qeyri-müəyyənlik (gözləntilərin qeyri-müəyyənliyi), yəni rəqabət göstərməyə icazə verilmiş müxalif namizədlərin qalib gəlmə ehtimalı hər hansı bir sistemin demokratik olub olmamasını yoxlamaq üçün ilkin şərtdir (bax: Alvarez və digərləri, 1996). Bu standartdan yanaşdıqda, 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə qalibin kim olacağına dair heç bir qeyri-müəyyənlik yox idi. 2003-cü ildən hakimiyyətdə olan İlham Əliyev ğözləntilərə uyğun olaraq ölkə üzrə səslərin 86%-ni topladı. Bu, onun pezident postunda dördüncü müddətidir. Qalan 14% digər 7 namizəd arasında 0,7-3,1% arasında olmaqla paylandı. Onlardan dördü hazırda parlament üzvüdürlər və sözün geniş mənasında hazırkı hakimiyyətin tərəfdarlarıdırlar: Araz Əlizadə (Azərbaycan Sosial Demokrat Partiyası), Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Fərəc Quliyev (Milli Dirçəliş Hərəkatı Partiyası), Zahid Oruc (öz təşəbbüsü ilə namizəd). Digər üç nəfərin namizədliyi müxtəlif müxalifətəbənzər təşkilatlar irəli sürmüşdü: Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) və Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyası).
Ənənəvi müxalif partiyalar, xüsusən də Müsavat Partiyası, eləcə də tanınmış və nüfüzlu tarixçi Cəmil Həsənlinin rəhbərlik etdiyi Demokratik Qüvvələrin Milli Şurası seçkiləri boykot etməyə qərar verdilər. Əsas iki müxalif partiya martın 10-da Bakıda hökumətin icazəsi ilə etiraz yürüşü keçirdi. Çox güman ki, bu yürüşün keçirilməsinə icazə “narazılığın qartopu effekti ilə bütün ölkə boyu geniş miqyaslı etirazlara çevrilməsinin qarşısını almaq” məqsədilə verilmişdi” (EIU Forecast 2018, İqtisadi Araşdırma Birliyinin proqnozu). Müxalifətin kiçik miqyaslı etirazları hakim elitanın mövqeyini ciddi şəkildə sual altına qoymur və bu cür etiraz aksiyalarının ölkə boyu nümayişlərə çevrilməsi riski hazırda kiçikdir.
Yaranmaqda olan müxalifət partiyası ReAl-ın həbsdə olan lideri elə həbsdə saxlanılaraq seçkidə iştirak imkanından məhrum edildi. Müxalifət fəaliyyəti qanunla təmin olunsa da, reallıqda hökumətin siyasətinin tənqidinə dözümlülük böyük deyil və inadkar rəqiblər dövlət zorakılıq aparatının qəzəbinə tuş gəlirlər. Müstəbid qanunun tətbiqi şəraitində hökümətin “qırmızı xəttlərini” keçən fəallar mütəmadi olaraq saxlanılırlar.
Müxaliflik və fəallıq çərçivələri illər boyu daralıb və tənqidi siyasi fəaliyyətin çox baha başa gəlməsinə gətirib çıxarıb. Müxalifət qüvvələrini şərti olaraq iki qrupa ayırmaq olar: Xalq cəbhəsi hərəkatı və Elçibəyin 1990-cı illərin əvvəllərində qısa ömürlü prezidentlik dövrü ilə əlaqəli “ənənəvi” qruplar və liderləri artıq qırx yaşlarına çatmış ReAl-ın təmsil etdiyi “yeni” qruplar. Hakim elita ilə artıq onilliklər boyu uğursuz mübarizə aparan ənənəvi qruplar pərakəndə haldadır. Gənc nəslin böyük əksəriyyəti isə siyasi süstlüyə meyllidir; onların bəlkə az bir hissəsi siyasi fəallıq göstərir. Bu siyasi fəallıq getdikcə daha çox sosial mediada yer alır (Pearce 2014). ReAl gənclərin mədəni dəyərlər baxımdan yaşılı nəsildən fərqli olduğuna inanır və bu nəsillərarası fərqdən faydalanmağa çalışır. ReAl-ın liderləri Avropa üsullu parlamentarizmə, hüquqi dövlətə və azad bazar iqtisadiyyatına tədrici keçidi təbliğ edirlər (Fuller 2018). Həm ənənəvi qruplar, həm də ReAl ciddi millətçi aspektləri olan sağ mərkəzçi mövqedədirlər. Bununla belə onlar şəxsiyyət ətrafında qurulan siyasətə və ideoloji fərq qoymadan bütün mümkün ardıcılları toplamağa meyllidirlər. Maddiyatçı dəyərlərin üstün olduğu və daha yuxarı sosial təbəqəyə çıxışın dəyişmədən qeyri-meritokratik (bacarığa əsaslanmayan) patron-müştəri münasibətlərindən keçdiyi şəraitdə bu, bəlkə də anlaşılandır. İdeoloji dəyərlərə arxalanmaq bu şəraitdə siyasətçini potensial səslərdən məhrum olmaq riski ilə üz-üzə qoyur. Bu qrupların təbliğat aparmağa və geniş dəstək qazanmaq imkanı ictimai və siyasi fəaliyyət üçün azadlıqların mövcud olub olmamasından və onların liderlərinin dəyişiklik üçün ağlabatan alternativ proqram yaradıb tətbiq etmək bacarığından asılıdır.
Konstitusiyaya bir il əvvəl qəbul edilmiş bir sıra dəyişikliklər prezident hakimiyyətini gücləndirdi. Bu dəyişikliklər prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə qaldırdı. Yeni 103-cü maddə ilə təsis olunmuş birinci vitse-pezident və iki vitse-prezident vəzifəsinə təyinatı prezidentə həvalə edildi. Bundan başqa, varislik strukturu da dəyişdi, belə ki, prezident istefa verdikdə və ya vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətlərinin əvvəlki kimi baş nazirə deyil, vəzifə növbəsində ikinci şəxs olan birinci vitse-prezidentə keçir.
Qəbul edilmiş dəyişikliklər nə birinci vitse-prezidentin konkret səlahiyyətlərini müəyyən edir, nə də onun baş nazir postu ilə münasibətini tənzimləyir. Nazirlər kabinetinə rəhbərlik edən baş nazir formal olaraq parlament tərəfindən təsdiq edilsə də etimadsızlıq göstərmək səlahiyyətinin olmaması qanunverici hakimiyyətin baş nazirə nəzarətini ciddi məhdudlaşdırır. Birinci vitse-prezident vəzifəsi icraedici hakimiyyətin onsuz da şişirdilmiş və qurumların səlahiyyətləri bir-birini təkrarlayan piramida strukturuna prezident (prezident aparatı işçi qurumu ilə) və baş nazir (üstəgəl Nazirlər Kabineti) ilə yanaşı yeni (üçüncü) daha bir qat artırır. Bəziləri bu dəyişiklikləri baş nazir postunun (və Nazirlər Kabineti qurumunun) tədricən aradan qaldırılması və onun hakimiyyətinin sonradan vitse-prezidentlik institutuna keçidin başlanğıcı kimi qiymətləndirirdilər, belə ki mövcud vəziyyətdə baş nazir postu digər qurumları təkrar edir və lazımsız hala gəlir.
2017-ci ilin fevral ayında prezident öz xanımı və hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Mehriban Əliyevanı birinci vitse-prezident təyin etdi. Apreldə yenidən prezident seçildikdən sonra verdiyi fərmanla Əliyev özünün xarici siyasət məsələləri üzrə müşaviri Novruz Məmmədovu baş nazir postuna gətirdi. O, bu vəzifədə səksən yaşlı Artur Rəsizadəni əvəz etdi. Yeni kabinetin tərkibində gənc nəsildən olan bir sıra nazirlər də daxil oldu.
ATƏT/DTİHB-in rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyasının yekun rəyinə görə 2018-ci il seçkilərində “əsl rəqabət yox idi” (ATƏT/DTİHB-in yekun hesabatı, iyul, 2018-ci il). Cinayət Məcəlləsinə 2016-cı ilin noyabrənda əlavə edilmiş 148-1 maddəsi internetdə anonim böhtan və təhqiri cinayət tərkibi kimi müəyyən etdi (Avropa Şurası, 2017). Hakimiyyəti tənqid edən bir sıra xəbər internet səhifələri, o cümlədən Azadlıq Radiosu və BBC bloklandı.
Prezident İlham Əliyevin vəzifədə dördüncü müddəti nisbətən aşağı neft qiymətləri, neft hasilatında geriləmə və neftdən gələn gəlirlərin azalması dövrünə təsadüf edir. Bu isə Azərbaycan hökümətini çətin maliyyə (fiskal) vəziyyətilə üzləşməsinə səbəb olabilər. İllər boyu ictimai müqaviləni təmin edən neft gəlirlərinin əvəzinə dövlət yeni maliyyə mənbələri axtarmalı olacaq. Qeyri-neft sektorunu təşviq etmək və xarici investisiyaları cəlb etmək üçünsə dövlət ciddi islahatlar keçirməyə məcbur olacaq. Biz artıq xidmət sektorunda, xüsusən turizm, qida, daşınmaz əmlakın inkişafı və tikinti sahələrində tədricən bu istiqamətdə addımlar atıldığının şahidi oluruq. Bu cür iqtisadi islahatların siyasi liberallaşma ilə müşayiət olunub olunmayacağını isə zaman göstərəcək.
Demokratiyaya zəif tələb
Müasirləşmə nəzəriyyələrinin müəllifləri iddia edirdilər ki, demokratiya ancaq fərdi müstəqillik və siyasi azadlıqların yüksək mədəni dəyər hesab olunduğu cəmiyyətlərdə mövcud ola bilər. Inglehart və Velzelə görə (2005: 114), “nəsildən nəsilə fərqli dəyərlərin üstünlüyə sahib olması cəmiyyətin təməl şərtlərindəki tarixi dəyişiklikləri əks etdirir”. Bu şərtlər isə öz növbəsində sosial-iqtisadi dəyişikliklərə bağlıdır. Azərbaycan kimi neftdən asılı ölkələrdə neft gəlirlərinin artması özünü ifadə, fərdi müstəqillik və seçim azadlığı kimi emansipastiv dəyərlərin güclənməsini elə də təşviq etmir. Əksinə, neftdən asılı iqtisadiyyat patron-müştəri münasibətlərinə təkan verir və sıx nepotist şəbəkələri canlandırır. Bu şəbəkələrdə isə siyasi dəstək maddi sərvətlər müqabilində gəstərilir, dövlət qulluğunda vəzifələr isə şəxsi və ailə əlaqələri hesabına əldə edilir.
Daha dərin səviyyədə siyasi dəyərlər ailə, eləcə də qonşuluq və məktəb kimi institutlar vasitəsilə ötürülür. Azərbaycanlılar möhkəm ailə bağlarına malikdirlər və ailəni ən çox etibar olunan ictimai institut sayırlar. 2012-ci ildə keçirilən sorğuda Azərbaycanlıların 97%-i öz ailə üzvlərinə “böyük etibar” göstərdiklərini bildirmişdilər (Liles 2012). Sosial təminat sisteminin formal olaraq oturuşmadığı Azərbaycan kimi ölkələrdə ailələrə etibarın böyük olması anlaşılandır, belə ki kömək üçün ilk ünvan ailədir. Digər tərəfdən, Edvard Banfildin Cənubi İtaliya misalında müşahidə etdiyi kimi, sıx ailə bağları itaət və konformizmi təşviq edir, eləcə də vətəndaş mədəniyyətinə meyllərin qarşısını alaraq ictimai və ya icma təşkilatlarında iştirakdan çəkindirir.
Amoral ailəçilikdən fərqli olaraq əsl demokratik cəmiyyətlərdə vətəndaşlıq dəyərləri insanların davranışının ayrılmaz bir hissəsidir. Sorğuya görə Azərbaycanda vətəndaş məsuliyyəti həddən artıq aşağı səviyyədədir. Velzelin məcmu göstəriciləri əsasında hazırlanmış Ümumdünya Dəyərlər Sorğusunun nəticələrindən istifadə edərək mən Azərbaycanda demokratiyaya tələbin aşağı olduğunu göstərirəm. “Digərlərinin diktəsindən azad həyata” verilən dəyəri ölçən Emansipativ Dəyərlər İndeksində (ən aşağı 0 - ən yuxarı 1 arasında) Azərbaycan 0.34 göstəricisi ilə Səudiyyə Ərəbistanı, Bangladeş və İran kimi ölklərin sırasında yer tutur (ən yüksək göstərici İsveçdədir – 0,73). Emansipativ dəyərlərin digər ən mühüm komponentlərindən olan gender bərabərliyi sahəsində isə Azərbaycan qərb cəmiyyətlərinən birmənalı geri qalır və Qafqazdakı qonşularına nisbətən daha patriarxal cəmiyyətdir. İş yerləri məhdud olanda işə düzəlməyə kimin daha çox haqqı olduğu barədə suala cavab verən Azərbaycanlıların 79 faizi kişilərə üstünlük verilməsini dəstəkələmiş, ancaq 9%-i bunun əksini bildirmişdir (Ermənistanda 56%, Gürcüstanda 46%, Almaniyada ilə cəmi 16% bu fikirlə razılaşmış, Ermənistanda 34%, Gürcüstanda 44%, Almaniyada isə 60% bunun əksini söyləmişdilər) (bax: 2-ci cədvəl).
Hər hansı ictimai hərəkatda, o cümlədən petisiyalar və dinc nümayişlərdə iştirakı ölçən İctimai Hərəkat Fəaliyyəti İndeksinın 0-1 arası şkalasında Azərbaycanın göstəricisi 0,4 olmaqla Misir və Malayziyadan sonra ən aşağı yerlərdən birini tutur.
Vətəndaş Aktivliyi İndeksində Azərbaycan 0.04 göstəricisi ilə Rusiya və Türkiyə ilə eyni sırada yer alır. Daha spesifik olan Siyasi Aktivlik İndeksində Azərbaycanın göstəricisi 0.06 olmaqla Latviya və Rusiyanınkına bərabərdir. Rəyi soruşulanların özlərinin siyasi iştirakı haqqında verdiyi məlumata görə bu iştirakın ən aşağı səviyyəsi Özbəkistandadır (0.01). Bu isə keçmiş SSRİ məkanında formal təşkilatlarda üzvlüyün ümumilikdə aşağı göstəricilərinə uyğundur. Vətəndaş iştirakının aşağı səviyyəsi kollektiv problemlərin həlli və arzuolunan sosial-iqtisadi nəticələr üçün cəmiyyətin imkanlarını məhdudlaşdırır. Güclü siyasi iştirak və yüksək vətəndaş fəallığı demokratikləşmənin ilkin şərtlərindəndir.
Vətəndaş fəallığının aşağı və siyasi süstlüyün yuxarı olmasına baxmayaraq Azərbaycan vətəndaşları ümumilikdə demokratiyaya müsbət yanaşırlar (və ya 2011-ci ildə göstərirdilər). Bununla belə, onların “demokratiya” sözünə hansı məna verdiyini bilmirik. Ölkələrinin demokratik idarə olunması arzusunu ölçən Demokratiya İstəyi İndeksinə görə 0.73 əmsalı toplayan azərbaycanlılar ümumilikdə demokratiya tərəfdarıdırlar. Bununla belə, yeni araşdırmaya görə burada demokratiyaya dəstək ciddi azalaraq 60%-dən 28%-ə düşmüşdür. Buna səbəb kimi neft qiymətlərinin düşməsi (2015-ci il) və hökumətin vətəndaş cəmiyyətinə nəzarəti gücləndirməsi göstərilə bilər (bax: Sadıqov və Quliyev, 2018). Sorğuda qorxu və özünü senzura amilini tam istisna etmək mümkün olmasa da, bu empirik göstərici onu deməyə əsas verir ki, Azərbaycanda əhalinin demokratiyaya dəstəyi fərdlərin sosial statusundan asılıdır. Neft qiyməti düşən zaman demokratiyaya dəstəyin əsasən daha yaxşı təhsilli şəhər əhalisindən gəldyini güman etmək olar. Demokratiyanı dəstəkləyən baxışlar kəskin zəifləsə də, qeyri-demokratik alternativlərə dəstəyin (məsələn, hərbi diktatura) aşağı səviyyədə qalması nikbinliyə əsas verir (2010 və 2016-cı illərdə 10-11%).
Nəticə
2018-ci il aprel seçkiləri demokratiyaya dəstəyin zəif olduğunu göstərdi. Seçki meydanı hakimiyyətdə olan perezidentin xeyrinə köklənmişdi. Müxalifət partiyalarına rəqabət göstərməyə icazə verilsə də, onların qalib gəlmək şansları çox aşağı idi və bu onların seçkini boykot etməsinə səsəb oldu. Rəqabət üçün daha məhsuldar şərait olsa idi, müxalifət partiyaları qalib gələ biləcəkdilərmi? Bunu bilmirik. Məlum olan budur ki, vətəndaş iştirakının zəifliyi və özünü ifadə dəyərlərinə meylin aşağı olması liberal demokratiya üçün əlverişsiz siyasi mədəniyyət formalaşdırır. Bu isə bütün dünyada demokratiyadan sanki geri çəkildiyi bir mühitdə Azərbaycandakı müxalif qrupların demokratiyaya dəstəyi mobilizə etməsini çətinləşdirəcək.
Yuxarıda göstərilən siyasi mədəniyyət xüsusiyyətlərini nəzərə alsaq seçicilərin əksəriyyətinin seçkinin nəticələrini ümumilikdə tanıması təəccüb doğurmur. Konformist yanaşmanın üstünlüyü Azərbaycandakı demokratiya yönümlü qüvvələrin üzləşdiyi daha böyük bir problemi göstərir: passiv vətəndaşlar, ictimai iştirakın aşağı səviyyəsi və öz ailəsini hər bir kəsdən üstün tutmaq dəyərinin dərinə oturuşması.
Siyasətçilər üçün bu həm xoş, həm də bəd xəbərdir.
Bəd xəbər odur ki, mədəniyyətdə dəyişiklik uzun müddətli prosesdir və onun özünü göstərməsi bir neçə nəsil davam edə bilər. Ekzistensial kontekstdə dəyişiklik olmadan mədəniyyətdə dəyişiklik ağalabatan görünmür. Azərbaycan siyasi-iqtisadi kontekstində neft iqtisadiyyatını səciyyələndirən renta meyilli davranış və dövlət bürokratiyasının neopatrimonial təbiəti ilə səciyyələnir (fərdi loyallıq və asılılqlar formal bürokratik strukturların dərinliklərinə nüfuz edir). Bu iqtisadiyyat sosial-iqtisadi dəyişikliklərin qarşısını alır. Mədəniyyətdə dəyişmə üçün daha şaxəli iqtisadi bünövrə lazımdır ki, bu da hələ yaranmalıdır. Bir növ xoş xəbər isə odur ki, azərbaycanlı tələbələrin Qərb təhsili və peşə etikasının təsirini görməsi məhdud əhatədə olsa da, özünü ifadə dəyərləri kimi demokratik təmayüllərin inkişafı və sosial kapitalın toplanması üçün bir potensial kanal ola bilər. Əlbətdə, bu oyrənmə effekti yekcins deyil. Məsələn, bir sıra Qərb təhsilli məzunlar geri qayıdaraq dövlət və özəl sektordan iş təkliflərini qəbul edir və mövcud patronaj strukturlarını, sadiqlik və konformizmi gücləndirməyə və əbədiləşdirməyə xidmət edirlər. Digər tərəfdən isə, Qərb təhsilli şəxslər arasında azadlıq dəyərlərini mənimsəmiş və həm iş yerində, həm də geniş mənada cəmiyyətdə demokratik inkişafa dəstək olmağa çalışanlar da var.
Mənbələr
Alvarez, M., Cheibub, J.A., Limongi, F., Przeworski, A. “Classifying Political Regimes”. Studies in Comparative International Development 31 :2 (1996): 3-36. (Alvarez M, Çeybub J.A., Limongi F, Prjevorski A, “Siyasi rejimlərin təsnifatı”. Beynəlxalq inkişafın müqayisəli araşdırmaları).
Banfield, E. The Moral Basis of a Backward Society. Free Press, New York, 1958. (Banfild E., Geriqalmış cəmiyyətin mənəvi dayaqları).
Council of Europe. Analysis of Azerbaijani Legislation on Freedom of Expression, Analytical Report, November 2017, (Avropa Şurası, İfadə azadlığı sahəsində Azərbaycan qanunvericiliyi, analitik hesabat). https://rm.coe.int/azerbaijan-analysis-of-legislation-on-freedom-of-expression-december-2/16808ae03d
EIU (Economist Intelligence Unit). “Anti-government protests in Baku”, March 14, 2018, (Iqtisadi Araşdırma Birliyi. “Bakıda hökümət əleyhinə etirazlar”), 14 mart, 2018-ci il. http://country.eiu.com/Azerbaijan/ArticleList/Updates/Politics ; qısa URL: https://tinyurl.com/yahg48co
Fuller, L. “Released Azerbaijani Opposition Figure Announces Return to Active Politics”, CivilNet.Am, 18 September 2018, (Fuller L., “Həbsdən azad edilən azərbaycanlı müxalifətçi aktiv siyasətə qayıdır”). https://www.civilnet.am/news/2018/09/19/Released-Azerbaijani-Opposition-Figure-Announces-Return-to-Active-Politics/345063
Inglehart, R., and Welzel, C. Modernization, Cultural Change, and Democracy: The Human Development Sequence. Cambridge University Press, 2005. (Inglehart R . və Velzel C., Modernləşmə, mədəni dəyişikliklər və demokratiya: İnsan İnkişafı məcmuəsi), Kembric Universiteti nəşriyyatı, 2005.
Liles, T. “Trust and Agency in Azerbaijan: Personal Relationships versus Civic Institutions”, CRRC Blog, November 13, 2012, (Liles T, “Azərbaycanda sosial etimad və fəaliyyət qabiliyyəti: şəxsi münasibətlər vətəndaş institutlarına qarşı”). http://crrc-caucasus.blogspot.com/2012/11/trust-and-agency-in-azerbaijan-personal.html
ODIHR/OSCE, International Election Observation Mission, Republic of Azerbaijan – Early Presidential Election, 11 April 2018, Final Report: (ATƏT/DTİHB-inAzərbaycanda erkən prezident seçkiləri haqqında yekun hesabatı, iyul, 2018-ci il). https://www.osce.org/odihr/elections/azerbaijan/388580?download=true
Pearce, K. “Two Can Play at That Game: Social Media Opportunities in Azerbaijan for Government and Opposition”, Demokratizatsiya 22: 1 (2014): 39-66. (Pearce K. “Bu oyunda iki tərəf oynaya bilər: Azərbaycanda hökumət və müxalifət üçün sosial media imkanları”, Demokratizasiya) 22:1 (2014): 39-66.
Sadigov, T. and Guliyev, F. “Eroding Support for Democracy in Azerbaijan? Context and Pitfalls in Survey Research.” Caucasus Survey 6:2 (2018): 87-112. (Sadıqov T və Guliyev F., “Azərbaycanda demokratiyaya azalan dəstək? Sorğu araşdırmalarında kontekst və çatışmazlıqlar. Cauasus Survey 6:2 (2018): 87-112.
Welzel, C. Freedom Rising. Cambridge University Press, 2013 (Online Appendix) (Velzel C., Azadlığın yüksəlişi, Kembric Universiteti nəşriyyatı, 2013, onlayn əlavə). https://www.cambridge.org/files/8613/8054/8416/FreedomRising_OA.pdf
World Values Survey, Dataset “WVS Wave 1 to 6 Key Aggregates”, 2018 [last accessed October 7, 2018] (Ümümdünya Dəyərlər Sorğusu, Məlumat bazası “ÜDS 1-6 arası nəşrlərin açar göstəriciləri, son giriş 7 oktyabr, 2018). http://www.worldvaluessurvey.org/WVSEventsShow.jsp?ID=367
2-ci cədvəl. İşlə təminatda gender bərabərliyi, %
Sualın mətni:
“Siz bu deyimlə razısınızmı, buna qarşısınızmı və ya neytralsınız?
“İş yerləri az olanda işə düzəlməyə qadınlardan çox kişilərin haqqı çatır”