Bir Mühacirin Portreti: Almaniyadakı Azərbaycanlılar

Almaniya azərbaycanlı miqrantlar arasında populyarlığına görə Avropa ölkələri arasında liderdir. Hazırda, AFR-də ümumilikdə nə qədər azərbaycanlının yaşadığını hesablamaq çətindir. Müxtəlif ekspert hesablamalarına görə, onların sayı, təxminən, 20-30 min ətrafındadır. Hərçənd, bu çoxluq o qədər rəngarəngdir ki, onları vahid şəkildə “mühacir icması” adlandırmağa adamın dili gəlmir. Amma Almaniyadakı müasir azərbaycanlı mühacirin portretini bir qədər qurama formada da olsa, çəkməyə cəhd etmək mümkündür.

Read in English,  Read in Russian

Reading time: 17 minutes
Photo of a person with an Azerbaijani passport

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin hesabatına əsasən, 1990-2016-cı illərdə 11 mindən çox Azərbaycan vətəndaşı Almaniyada müvəqqəti yaşamaq üçün icazə alıb (müqayisə üçün: Fransa üç mindən çox insana “sığınacaq” verməklə, ikinci yerdədir).

İstənilən kütləvi miqrasiyadan söhbət açmazdan əvvəl, ilk növbədə bir sualı cavablandırmaq lazım gəlir: “Niyə?” Bütün postsovet ölkələrindən müasir miqrasiya dalğası 90-cı illərin əvvəllərində başlayıb. Lakin o zaman, əsasən, milli azlıqların və qarışıq ailələrin nümayəndələri müharibədən və dağıntılardan qaçaraq, Azərbaycanı tərk etmişdilər. Azərbaycanda siyasi və iqtisadi vəziyyət sabitləşdikdən sonra, aşağı düşən miqrasiya səviyyəsi 2010-cu illərin əvvəllərində yenidən kəskin şəkildə artdı, lakin bu dəfə tamam başqa səbəblərdən.

Son illər Azərbaycan beynəlxalq təşkilatların tərtib etdiyi “hit-paradlarda müntəzəm olaraq sonuncu yerlərdə qərarlaşır. Ölkə 2020-2021-ci illərdə “Reporters Without Borders”ın mətbuat azadlığı reytinqində 180 ölkə arasında 167-ci; “Freedom House”un vətəndaş azadlıqlarının səviyyəsi reytinqində 209 ölkə arasında 193-cü; “Transparency International”ın korrupsiya qavrama indeksində 179 ölkə arasında 129-cu yeri tutub... “Amnesty İnternational” da, öz növbəsində, ölkədə insan hüquqlarının pozulması, repressiyalar və əlaqəli məsələlər ilə bağlı bəyanlarını ildən-ilə təkrarlayır.

Mənzərəni tamamlamaq üçün buraya, demək olar ki, yalnız neft sektoruna əsaslanan inkişaf etməmiş iqtisadiyyatı, infrastrukturla bağlı saysız-hesabsız problemləri, təhsil və səhiyyə sistemlərini, eləcə də, tütün və alkoqoldan tutmuş elektrik enerjisinə qədər hər şeyin durmadan artan qiymətini də əlavə edə bilərik.

Qısası, getmək üçün nə qədər istəsəniz səbəb var.

Bununla belə, iqtisadi şərtlərdən danışarkən, bir məsələyə aydınlıq gətirmək lazımdır: sadəcə olaraq daha çox qazanmaq üçün azərbaycanlılar, bir qayda olaraq, Rusiyaya, Ukraynaya və ya Türkiyəyə üz tuturlar (təkcə Rusiyada, rəsmi olaraq, 600 minə yaxın azərbaycanlı əmək miqrantı var). Avropaya isə ya müavinətlə dolanmağa ümid edənlər, ya da ali təhsilli və kifayət qədər yüksək ixtisas səviyyəsinə malik olanlar gedir. Bu insanlar təkcə normal gəlir deyil, həm də özünüifadə imkanları axtarışındadırlar.

Siyasi mühacirlər: xəyali, həqiqi, gizli

2021-ci ilin ilk səkkiz ayı ərzində 636 Azərbaycan vətəndaşı AFR-ə siyasi sığınacaq üçün müraciət edib. Pandemiyadan əvvəl isə, bu say dəfələrlə çox olub. Amma istənilən halda, bu rəqəmlərlə Azərbaycandan siyasi miqrasiyanın real səviyyəsini qiymətləndirmək mümkün deyil. Almaniyadan və ya digər Avropa ölkələrindən siyasi sığınacaq istəyənlərin xeyli hissəsini siyasətlə heç bir əlaqəsi olmayan və beləliklə, təqib olunmayan insanlar təşkil edir. CISR Berlin Müstəqil Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Sergey Rumyantsevin fikrincə, bu insanların mühacirət üçün iqtisadi səbəbləri ola bilər. Eyni zamanda, bəziləri kifayət qədər firavan həyat yaşasalar belə, sadəcə olaraq,  Azərbaycanda özləri və övladları üçün aydın gələcək görmədiklərindən gedirlər:

“Bu, təkcə azərbaycanlı miqrantlara aid deyil. Almaniya məhz siyasi qaçqınları qəbul etdiyi üçün tamamilə fərqli səbəblərdən mühacirət edənlər də özlərini bu cür qələmə verirlər. Əvvəlcədən insanları təlimatlandıraraq, müəyyən ödəniş müqabilində,  az-çox sınanmış yollarla göndərən qeyri-rəsmi şəbəkələr fəaliyyət göstərir. Əgər oyunun qaydalarını yaxşı qavrasanız, əslində, heç bir status əldə etmək hüququnuz olmadan belə, bu və ya digər Aİ ölkəsində illərlə qala bilərsiniz" - deyə Rumyantsev izah edir.

Əlbəttə, real siyasi mühacirlər də var. Bunlar, əsasən, vətənlərindəki təhlükəsizlik orqanları ilə soyuq münasibət qurmağa “nail olmuş”, ya da, hətta, bir neçə il “yatmış” jurnalistlər, siyasi fəallar və müxalifət partiyalarının üzvləridir. Yeri gəlmişkən, iki belə müxalifətçi 2021-ci ilin yayında Almaniyadan deportasiya olunub. Artıq oktyabrda onların hər ikisi Azərbaycanda narkotik alverində (!) ittiham olunaraq həbs ediliblər.

Eyni zamanda, formal olaraq siyasi mühacir olmayanların çoxu sığınacaq istəməyib və Almaniyaya başqa yollarla gediblər. Əslində, onları qürbətə ya müxalif fikirləri, ya da sadəcə (nə qədər mücərrəd səslənsə də) azadlıq axtarışı  aparıb.

Özünə qarşı bütün ittihamları qəti şəkildə rədd edən Azərbaycan hakimiyyəti Almaniyanı da öz tərəfinə çəkməyə çalışır. 2020-ci ilin yazında Almaniya Bundestaqı deputatlarının rüşvət alması ilə bağlı qalmaqal yaranmışdı. O vaxt hakim Xristian Demokrat İttifaqından olan ən azı iki deputatın Azərbaycan hökumətindən onun lehinə lobbiçilik etmək və Avropa Şurası Parlament Assambleyası səviyyəsində bu ölkənin müsbət imicini yaratmaq üçün rüşvət aldığı məlum olmuşdu. Həmin satın alınmış deputatlar rejimə quyruq bulayan loyal azərbaycanlı müdavimlərin  Bundestaqda peyda olmasına şərait yaratdılar.

2013-2014-cü illəri Azərbaycandan siyasi mühacirət baxımından dönüş nöqtəsi hesab etmək olar. O zaman orduda baş verən əsgər ölümlərinə qarşı yönəlmiş bir neçə etiraz aksiyasından sonra hakimiyyət ipləri ciddi şəkildə sıxdı: repressiyaları şiddətləndirdi, bir çox tanınmış müxalifətçi və jurnalist bir-birinin ardınca həbs olundu, eləcə də, müstəqil media və xaricdən maliyyələşən QHT-lərin nəfəsini effektiv şəkildə təngidən qanunlar qəbul edildi.

2015-ci il devalvasiyasından sonra “azadlıq, bərabərlik və qardaşlığı” ümumiyyətlə vecinə almayanların də vəlvələyə düşdü. Bu da son damla oldu.

..Almaniyadakı azərbaycanlı mühacirlər ölkənin hər yerinə səpələniblər. Əlbəttə, Berlin və Köln kimi böyük şəhərlərdə onlarla daha çox qarşılaşa bilərsiniz. Ancaq bəziləri əvvəllər varlığından belə xəbərsiz olduqları yerlərdə yaşayırlar.

Leypsiq

Afgan with his family, wife and daughter

Oktyabrda burada dan yeri gec sökülür və sabahın alaqaranlığında Leypsiq qaş-qabaqlı görünür. O, soyuqdur, qaradinməzdir və səninlə qarşılaşmağından heç də məmnun deyil. Ancaq gün ağardıqca və günəş şüası dəqiqə əqrəbi kimi köhnə kilsədəki saat siferblatının üzərində sürüşdükcə, şəhərin üzündə bir növ təbəssüm yaranır.

- Pəncərənizdən gözəl mənzərə açılır.

- Gözəl, amma səs-küylü. Bu kilsənin zəngləri hər on beş dəqiqədən bir çalır.

Tezliklə mətbəx onun sözlərini təsdiqləyirmişcəsinə ağır zəng səsləri ilə dolur. Jurnalist və keçmiş siyasi məhbus Əfqan Muxtarlı 2020-ci ilin yazından Leypsiqdə yaşayır. Bu müddət ərzində o, bükülmüş tütün çəkməyi, yeniyetməlik dövründən bəri ilk dəfə velosiped sükanı arxasına keçib və artıq dükan-bazarda pis-yaxşı almanca danışmağa başlayıb. Amma o, hələ ki, buraya uyğunlaşa bilmədiyini və özünü mühacirətdən daha çox sürgündə hiss etdiyini deyir. Əslində, vəziyyət qismən məhz bu cürdür: axı o, Almaniyaya köçməyib, bura gətirilib.

Hakimiyyətin ən yüksək dairələrinin korrupsiya əməlləri ilə bağlı jurnalist araşdırmaları ilə tanınan Əfqan Muxtarlı 2014-cü ildə öz təhlükəsizliyinə görə ailəsi ilə birlikdə Tbilisiyə köçüb. 2017-ci ildə oradan qaçırılaraq Bakıya aparılıb, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq insan haqları təşkilatları bir neçə il onu xilas etməyə çalışsalar da, buna yalnız 2020-ci ilin martında nail olublar. Əfqan Muxtarlı azad olunduqdan sonra həbsxanadan birbaşa hava limanına aparılaraq Almaniyaya göndərilib. Həyat yoldaşı və qızı isə artıq onu burada gözləyirdilər. Hər şey ailə qovuşması kimi görünürdü. Jurnalist özü isə, Azərbaycan hakimiyyətinin onu, sadəcə olaraq, bir daha görmək istəmədiyini və yalnız bu şərtlə azad etməyə razılaşdığını düşür.

“Ancaq mən qayıdacağam. Axı mən Azərbaycan vətəndaşıyam, heç siyasi mühacir statusum belə yoxdur. Hansı əsasla məni ölkəyə buraxmaya bilərlər?”

Əfqanın həyat yoldaşı, jurnalist Leyla Mustafayeva isə əksinə, bir də heç yerə köçmək məcburiyyətində qalmayacağına ümid edir.

“Düzünü desəm, yorulmuşam. Əvvəl Gürcüstana köçdük, sonra Əfqan həbsdə olanda mən balaca uşaqla bura gəlməli, oturum almaq, müvəqqəti mənzilləri dolaşmalı oldum... Qızım üçün bütün bunlar stressdir, onun haqqında düşünmək lazımdır. Burada özümü yaxşı hiss edirəm, dili öyrənmişəm, dostlar tapmışm. Artıq kök atmaq istəyirəm”.

Muxtarlı özü isə əksinə, ünsiyyət çatışmazlığından əziyyət çəkir. Tiflisdə çoxlu azərbaycanlı “dissident” yaşayırdı və onlarla çevrə kimi bir şey yaratmışdılar. Üstəlik, müntəzəm olaraq Bakıdan da gələnlər olurdu. Leypsiqdə  isə, tək qalıb. Buna baxmayaraq, o, başqa şəhərlərdən olan siyasi mühacirlərlə əməkdaşlıq etməkdədir. Onlar son il yarım ərzində iyirmi aksiya təşkil edə biliblər, hazırda isə öz media layihələri üzərində işləyirlər.

“Buranın təbiətini bəyənirəm. Leypsiq xoşuma gəlir: mədəni, demokratik şəhərdir. Ümumiyyətlə, bura əlbəttə, rahatdır. Amma insan rahatlıqdan da usana bilir. Üstəlik, axı hazıra nazır,başqalarının yaratdığı rahatlıq hesabına yaşamaq da düzgün deyil. Axı biz Qafqazda da eyni şəraiti yarada bilərik.”

Berlin (Fridrixshayn)

Loğman Karl Marks Xiyabanı ilə Paris Kommunası küçəsinin kəsişməsində yaşayır. Yaxşı, tam kəsişmədə deyil, yaxınlıqda. Və bu necə də simvolikdir.

- Gözəl təsadüfdür.

- Bir solçu Berlinin başqa harasında yaşaya bilər ki... 

Longman and Musama, azerbaijani migrants, living in berlin

Loğman Azərbaycanda marksist təşkilatın üzvü kimi sol aktivizmi ilə məşğul olub. Amma elə həmin 2014-cü ildən sonra aktiv olmaq problemə çevrilib. Havadan təhlükə qoxusu sezilməyə başlayıb. Hərçənd, o vaxta qədər solçulara yönəlmiş bir təhdid olmasa da (düzü, heç kim onları ciddi qəbul etmirdi) həvəs, tədricən sönməyə başlayıb. Loğman o vaxta qədər Tibb Universitetini bitirmiş, hərbi xidmətini başa vurmuş, bir neçə il uğursuzcasına iş axtarmış və nəhayət, getmək vaxtı olduğunu anlamışdı.

“Heç vaxt mühacirətə getmək fikrim olmayıb. Amma Azərbaycanda siyasi ab-hava getdikcə daha repressiv hal alırdı. Mən isə işsiz idim. Elə eyni dövrdə tələbə yoldaşlarım işləmək üçün ard-arda Almaniyaya gedirdilər. Beləliklə, 2015-ci ildə alman dilini öyrənməyə başladım və 2016-cı ildə, bir də gözümü açdım ki, Bavariyada, Ansbax şəhərciyindəyəm.”

Loğman və sevgilisi Məsumə onlara, ara-sıra, Azərbaycana qayıtmağı belə düşündürən pandemiya və karantinlə əlaqəli ekzistensial-miqrant böhranının öhdəsindən gələrək, 2021-ci ilin yanvarında Berlinə köçüblər. İndi Loğman bir klinikanın psixiatriya və psixoterapiya şöbəsində işləyir və eyni zamanda, Humboldt Universitetində öz ixtisasını artırır.  İxtisasca pianist olan Məsumə isə hələ ki, iş axtarışındadır.

“Bakıda musiqi akademiyasında işləyirdim. Qəpik-quruş qazanırdım, amma heç nəyi dəyişmək niyyətində deyildim. Mən bura ancaq Loğmanın sayəsində, 2018-ci iləd gəlmişəm. Uzunmüddətli alman dili kurslarına yazıldım ki, ölkədə qalmağım üçün rəsmi səbəb olsun. İndi, məsələn, musiqi məktəbində işə düzəlməyə ümid edirəm.  Amma bu sahə hələ də karantinin təsirindən ayılmayıb.”

Onlar, hər il bir-iki həftəliyinə Bakıya – başqa vaxt çox da yadlarına düşməyən (bəlkə, yadlarından çıxmayan?) şəhərə baş çəkirlər. Bakıda onların dostları və rəfiqələri qalıb. Doğrudan, qalıbmı? Loğmanın yoldaşları da onun kimi hər tərəfə səpələniblər, Məsumənin rəfiqələrinin ailəsi, uşaqları var. Beləliklə, əslində onları indi Bakıda ancaq valideynlər və xatirələr gözləyir.

“Sadəcə ortaq məqsədlər və siyasi baxışlarla bağlı olduğum dostlarım üçün nostalgik duyğular bəsləyirəm. Bizim çevrədəki o ab-hava üçün darıxıram. Onların yeri görünür. Almaniyada hələ ki, bu cür “əqidə qardaşları”mı tapa bilməmişəm. Ancaq bəlkə də, mənimki Berlində gətirəcək. Axı, burada hər iki nəfərdən biri yaşıl, hər üç nəfərdən biri solçudur.”

Loğman bu nostalgiya ilə mübarizə aparmaq üçün bir müddət özünü Azərbaycan informasiya məkanından təcrid etmək, Azərbaycanla bağlı xəbərləri izləməmək, diqqətini tamailə Almaniya üzərində cəmləşdirmək qərarına gəlib.

“Amma tezliklə darıxdım. Maraqlarımın, istəklərimin bir hissəsinin həmişə Azərbaycanla bağlı olacağını anladım və bu cəhdlərimdən əl çəkdim. Yəqin ki, bu, bütün mühacirlərin “lənətidir” – insan əbədi olaraq iki ölkə, iki reallıq arasında qalır.”

Berlin (Mitte)

Black cat and a photography of a child

Qara "ingilis pişiyi" Mayra ətrafdakı hər şeyə elə bir xudpəsəndliklə baxır ki, insan o dəqiqə özünü yığışdırır. Onun qonağa göstərə biləcəyi ən böyük lütf sığal üçün icazə ola bilər.

- Yəqin ki, biz məhz Mayranı götürəndə özümüzü burada öz evimizdəki kimi hiss etməyə başladıq. Yəni, getmək məcburiyytində olacağından və heyvanı qoymağa yer tapmayacağından qorxmadan bir pişiyə sahib olmaq imkanı olanda.

Bu, yalnız onların Almaniyadakı altıncı ilində baş verib. Ümumiyyətlə, Sevil və Sergey cütlüyü iki qızları ilə on bir ildir ki, burada yaşayırlar. O vaxt, 2010-cu ildə onlar özləri də hara getdiklərini tam bilmədən yola çıxmışdılar. Əvvəlcədən qarşıya qoyulan məqsədlə deyil, məhz təsadüf nəticəsində özlərini Almaniyada tapmışdılar.

“2010-cu ilə qədər biz müxtəlif təqaüdlərlə xaricdə yaşamaq təcrübəsi toplamışdıq və Bakını tərk etmək, uşaqların başqa ölkədə yaşamasına şərait yaratmaq, xarici dil öyrənmək istəyirdik. O vaxta qədər artıq xeyli qohumumuz və dostumuz getmişdi. Beləliklə, tədricən ətrafımızda mənən yaxın insanların çatışmazlığından qaynaqlanan boşluq yaranmışdı.”

Onların bəxti gətirir: hər ikisi eyni vaxtda Almaniyada təhsil və tədqiqat üçün təqaüd qazanırlar. O vaxt elə biliblər ki, bu müvəqqətidir və onlar bir-iki ildən sonra Bakıya qayıdacaqlar. Ancaq Almaniya onları düşündüklərindən daha uzun müddət “qonaq edir”. İndi, Sevil buranın onların hicrət marşrutunun son stansiyası olduğuna inanmaq istəyir. Hərçənd, onun hələ də daimi yaşayış üçün icazəsi yoxdur.

“Son illərdə Almaniyada yaşayış icazəsi almaq xeyli çətinləşib. Baxmayaraq ki, mən doktoru diplomumu Almaniyada almışam və ixtisasım üzrə işləyirəm, hələ də daimi yaşayış üçün icazə ala bilmirəm. Sergey, həmçinin, sosial elmlər sahəsində işləyir. Bu sahə isə mürəkkəb və qeyri-sabitdir. Təcrübəmizin, eləcə də, yaxşı bildiyimiz və anladığımız postsovet ölkələri üzərinə ixtisaslaşmış olmağımızın bizə köməyi dəyir.”

Onlar Mittedə - şəhərin mərkəzi rayonunda yaşayırlar. Berlin soyuq noyabr alatoranına qərq olmazdan əvvəlki son aydın və demək olar ki, isti günlərini yaşayır. Mətbəxdən payızsayağı pörtülmüş balqabaq iyi gəlir. Rusiyaya tez-tez baş tutan iş səfərlərindən rus dilində kitablarla qayıdırlar. Bakıya səfərlər də daha nadir hallarda da olsa baş tutur: qohumları və hələ də orada qalmış tək-tük dost-tanışı görmək üçün. Hərçənd, ildən-ilə onlarla yollarının ayrıldığını, dünya görüşlərinin haçalandığını daha çox hiss edirlər.

“Yerli bürokratiyaya və müəyyən gündəlik qayda-qanunlara öyrəşmək xeyli vaxtımızı aldı. Ancaq sonda, hər şeyə öyrəşə bildik. Bir də, deyəsən, buradakı orta təhsil uşaqları gələcəkdə universitetə qəbul imtahanları üçün hazırlamaq məqsədi daşımır. Valideyn olaraq, bu bizə qəribə görünür. Amma yəqin ki, problem Almaniya təhsil sisteminin “yarıtmazlığında” deyil, bizdə və gözləntilərimizdədir.”

Onların böyük qızı özünü sənət sahəsində sınamaq niyyətindədir. Kiçik qızları gimnaziyaya gedir və misirli rəfiqəsinə rusca öyrədir. Sevil isə, idiş dilini öyrənməyə başlamaq barədə düşünür. Bu dili öyrənməyin heç bir praktiki faydası yoxdur, amma nəzərə alsaq ki, alman dili biliyi əsasında onu öyrənmək asan olacaq, niyə də cəhd etməyəsən.

“Berlin müxtəlifliyi və dominant mədəniyyətin yoxluğu ilə gözəldir. Burada hər kəs, o cümlədən mühacir özünə uyğun sosial çevrə, məşğuliyyət, ab-hava tapa bilər. Üstləik,  burada yaşla bağlı çərçivələrdən də qurtula bilərsiniz. Yəni, burada sənin yaşın necə yaşamalı olduğunu təyin etmir”.

Biberax

Təpələrdən süzülən islaq, ağımtıl duman ilk baxışdan Allahın unutduğu ürəksıxıcı məkan kimi görünən kiçik şəhərin küçələrini bürüyür. İkinci və üçüncü baxışdan sonra da bu təəssürat dəyişmir. Burada mobil internet belə fasilələrlə tutur.

- Düzünü deyin, burda darıxmırsınız ki?

- Yox. Mən özüm kiçik qəsəbədə böyümüşəm, əksinə, məni böyük şəhərlər yorur.

Qaib 4 ildir ki, ailəsi ilə birlikdə Almaniyanın cənubundakı Biberaxda yaşayır və yerli psixiatriya klinikasında işləyir (ilk baxışdan, sanki Azərbaycanda heç psixiatır qalmayıb və bütün psixiatrlar Almaniyaya üz tutublarmış kimi görünə bilər, ancaq bu mənzərə təsadüfən alındı). Amma Loğmandan fərqli olaraq, bu həkim vətəndə olarkən də işlə bağlı çətinlik çəkməyib.

“Həm həyat yoldaşımın, həm də mənim yaxşı işimiz var idi. Ancaq gələcəklə bağlı narahat idik. Xüsusilə, uşaqların təhsili və həyat yoldaşımla mənim gələcək pensiyazmızın aqibəti bizi narahat edirdi. Bu baxımdan heç bir təminatımız, gələcəyə inamımız yox idi. Ona görə də təminatın olduğu yerə köçmək qərarına gəldik.”

Hər ikisi praktik və riski sevməyən insanlar olan Qaib və həyat yoldaşı mövcud variantları diqqətlə nəzərdən keçiriblər. Onlar Kanada və Almaniya arasında seçim etməli olublar və sonda ikincisinə üstünlük veriblər. Bu seçimi etmələrinə təsir edən həlledici amil isə, Almaniyada həkimlərə olan mövcud tələbat və daha əvvəl köçmüş tanışlarının müsbət rəyləri olub.

“Hər şey yaxşı alındı, mən məmnunam. Rahatam, stress yoxdur, burada özümü yad kimi hiss etmirəm. Bu il köçdükdən sonra ilk dəfə Bakıya getdim. Tələbə yoldaşlarımla görüşmək çox xoş idi, amma əmin oldum ki, bəzi insanlardan başqa heç nə və heç kim üçün darıxmamışam.”

Onlar hələ ki, yeni dostlar tapa bilməyiblər. Daha doğrusu, sadəcə uşaqların yeni dostları var. Valideynlərin ünsiyyət dairəsi isə həmkarları və bir neçə rusdilli mühacir ailəsi ilə məhdudlaşır. Əylənmək üçün Ştutqarta və Münhenə gedirlər, tətildə isə avtomobillə İtaliya və ya İsveçrəyə səyahət edirlər. Ümumiyyətlə, Aİ daxilində səyahət imkanlarının əlçatan olması buradakı azərbaycanlı mühacirləri məmnun edən “bonus”lardan biridir.

“Burada covid kimi problemlər yarananda yükün bütün cəmiyyət, eləcə də, hökumət tərəfindən bərabər şəkildə paylaşılması mənim xoşuma gəlir.. Həmçinin, hər yerdə, hətta ən kiçik yaşayış məntəqəsində belə normal infrastrukturun olması bəyəniləsi haldır.”

Almaniyanın formal olaraq müsəlman, faktiki olaraq isə sekulyar Azərbaycandan daha dindar ölkə olması Qaibin xoşuna gəlmir. Bunu kəşf etmək xoşagəlməz təcrübə olub. Amma zaman keçdikcə aydın olub ki, əgər heç kim sizi öz dininə çəkməyə çalışmırsa, bununla da yaşamaq mümkündür.

Azərbaycan və Almaniyada baş verən hadisələri “göz ucu ilə” müşahidə edən Qaib nə birincisi ilə, nə də ikincisi ilə o qədər də maraqlanmır və etiraf edir ki, onun heç vaxt aydın vətəndaş mövqeyi olmayıb. Hərçənd,  o, Bakıda satirik şeirlər yazıb (və ictimai-siyasi məsələlər də onun şeiriyyatının mövzularında biri olub), hətta öz şeirləri ilə insanlar qarşısında çıxış da edib. Köçdükdən sonrakı ilk ildə onun şeirlərində az qala lirik qürbət motivləri peyda olub, sonra isə bu motivlər yoxa çıxıb.

“Bir-birimizi itiririk paytaxtlarda,

tim-bildinqlərdə, treninqlərdə, mitinqlərdə

və yuxularda

Pivə və smuzi naminə

Bir-birimizi tapırıq otellərdə (breakfast inclusive)

Mənzillərdə və hostellərdə,

kiçik şəhərlərdə.”

Münhen. Sözardı

Səslərdən toxunmuş rütubətli şənbə səhəri. Küçə kafesinin artırmasında yağış damcılarının taqqıltısı, sağa-sola gəzişən izdihamın gurultusu, pivə stəkanlarının cingiltisi, küçə musiqiçisinin ifasında “Xaç atası”nın qəmgin və bir qədər yersiz melodiyası, qonşu masada şampan tıxacnın sakit pıqqıltısı (pis yaşamırlar - səhər tezdən şampan içirlər)...

- Amma adımı çəkmə, oldu? Bir də ki, axı mən mənzərəni əks etdirmək üçün yaxşı nümunə deyiləm.

- Bu mənim hekayəmdir və kimin yaxşı nümunə olub-olmadığını mən daha aydın görürəm.

- Yaxşı. Mən Azərbaycanda doğulsam da başqa ölkədə böyümüşəm və Bakıda cəmi beş il yaşamışam.

- Bəs burada...

“... atıq on bir ilə yaxındır. Birinci ildə Bakı üçün darıxırsan, ikinci il bura öyrəşirsən. Üçüncü ildə isə, ora gedəndə mədəni şok keçirirsən.

İstəsəniz, hər il nə qədər azərbaycanlı gəncin (və elə də gənc olmayan insanın) Almaniya universitetlərinə daxil olması barədə məlumatı asanlıqla tapa bilərsiniz. Belələri heç də az deyil. Buradakı təhsil yüksək keyfiyyətli və ucuzdur (o da əgər tamamilə pulsuz deyilsə). Onların neçəsinin bakalavr, magistr və ya fəlsəfə doktoru dərəcəsi aldıqdan sonra Azərbaycana qayıtdığını öyrənmək isə, daha çətindir. Sonradan “ilişib qalmaq ” ümidi ilə oxumağa getmək, iş tapmaq və qalmaq hər hansı ambisiyası və ağlı olan gənclər üçün ən uyğun yoldur. Həkimlər və ya proqramçılar buna asanlıqla nail olurlar. Humanitar peşələrin nümayəndələri üçün şərtlər daha çətindir. Amma necə deyərlər, az heç yoxdan yaxşıdır.

- Bura gələndə həmişəlik qalmaq fikrim yox idi. Oxuyub qayıtmaq istəyirdim. Və necə deyərlər, vətənimin işıqlı gələcəyi naminə mübarizə aparmaq...

- Bəs sonra?

- Sonra, bura xoşuma gəldi.

Mühüm sahələr üzrə mütəxəssislərin Azərbaycanı tərk etməsinə “beyin köçü”ndən başqa ad tapmaq çətindir. Hərçənd, bu termin artıq uzun müddətdir ki istifadə olunmur - görünür, dəbdən düşüb.

- Təbii ki, az-çox istedadlı və perspektivli gənclərin davamlı olaraq ölkəni tərk etməsi Azərbaycan cəmiyyətinə mənfi təsir göstərməyə bilməz. Bəs bu insanlar öz Avropa diplomları, elmi dərəcələri və orada öyrəndikləri iş əxlaqı ilə bağlı təsəvvürləri ilə Azərbaycanda nə edə bilərlər? Bütün bunlar Azərbaycanda heç kimə lazım deyil. Azərbaycan hakimiyyətinə isə, mənə elə gəlir, onların geri qayıtmaması ancaq sərf edə bilər. Bu insanların gətirə biləcəyi əsaslı dəyişikliklər hakimiyyət üçün maraqlı deyil.

“Bu insanlar” –

“Gün işığı çatışmazlığı”ndan əziyyət çəkən miqrant yoldaşlarına Vitamin D təyin edə biməkdən ötrü “təbabət almancası”nı öyrənmiş həkimlər;

İqtisadiyyatı süd dişi kimi laxlayan ölkədən gəlmiş iqtisadçılar;

Yad qanunvericiliyin labirintlərində yolunu tapmağa çalışan, amma eyni zamanda,  Azərbaycan Cinayət Məcəlləsində 221.2.2 maddəsinin “hakimiyyət nümayəndəsinə müqavimət göstərmək”lə bağlı olduğunu və bu maddə ilə, adətən, icazəsiz aksiyalarda iştirak edənlərin ittiham olunduğunu yaxşı xatırlayan hüquqşünaslar;

Lev Tolstoy və Tomas Mann yaradıclığı ilə bağlı, “həyatda” çox da lazım olmayan bilikləri ilə filoloqlar;

Lap cəhənnəmdə də iş tapmağa qadir olan İT mütəxəssisləri

– bütün "bu insanlar" yeni məkanda yeni həyat qurmaqdadırlar. Onlar nostalgiyadan çox da əziyyət çəkmirlər, lakin bir-birləri ilə ünsiyyət qurarkən  mütləq artıq doğmalığını itirmiş, amma hələ tam yad da olmamış ölkədə və bölgədə baş verənləri müzakirə edirlər.

Aralarında vətəndə ikən bu və ya digər şəkildə ictimai-siyasi fəaliyyətlə məşğul olanlar indi də uzaqdan fəaliyyətlərini davam etdirirlər. Ya da ən azından, mövcud vəziyyətin, baş verən hadisələrin şərhi, tənqidi və təhlili şəklində olsa belə, buna cəhd edirlər. Nəzərə alsaq ki, Azərbaycanda çoxdandır real siyasi fəallıq, onsuz da, yoxdur, üstəlik, yaxın gələcək də işıqlı görünmür, ənənəvi müxalifətin fəaliyyəti isə bütövlükdə sosial şəbəkələrdəki yazılarla məhdudlaşır, mühacir “uzaqdan fəallığını”, prinsipcə, effektiv adlandırımaq belə mümkündür. Ən azı ona görə ki, ingilis və ya rus dillərində yazılmış obyektiv və savadlı yazılar, məqalələr daha geniş auditoriyaya çatır. Bu və ya digər şəkildə, necəsə ölkənin həyatında iştirak etmək, bu barədə danışmaq ehtiyacı, nəticə etibarilə, yox olmur. Bəzən, fiziki olaraq başqa yerdə olduqda və bütün keçmiş təcrübənizi yenidən düşünməyə və sistemləşdirməyə başladıqda bu ehtiyac daha da şiddətlənir.

- Mən əvvəl necə postsovet adamı idimsə, indi də eləyəm. Almaniyada keçirdiyim 11 il məni alman etmədi. Mən hələ də özümü, necə deyərlər, üzünü də görmədiyim dağılmış Sovet İttifaqı ilə identikləşdirirəm.

Bəs “bu insanlar” özlərini siyasi mühacir hesab edirlərmi? Yox. Ən azı ona görə ki, bu terminin özü onlar üçün mənfi məna çalarları daşıyır, fərqli fikir və müxalifliklə deyil, opportunizmlə əlaqələndirilir:

“Məhz rejimin qurbanı kimi mühacirətə gedənlərin bir çoxu indi həmin rejimi tərifləyir. Görünür, onları “əfv edəcək” hakimiyyət tərəfindən sığallanmaq üçün geri qayıtmağa hazırdırlar. Azərbaycanda yaşayarkən rejimi, cəmiyyətin nöqsanlarını səmimi şəkildə tənqid edənlər burada da fəaliyyətlərini davam etdirirlər. Onlar nə sığınacaq istəyiblər,  nə də tənqidi çıxışlarının üzərində karyera inşa ediblər: buraya sadəcə öz bilik və bacarıqları hesabına gəliblər. Bu cür insanlar üçün siyasi mühacirlər sırasında yer almaq, bir növ, alçaldıcıdır. Onlar üçün bu ad sanki, hakimiyyətdən qorxduqları və ya bura gəlib çıxa bilməklərini ona borclu olduqları mənasına gəlir.”

"Məqalənin məzmununa görə yalnız müəllif məsuliyyət daşıyır və burada ifadə edilən fikirlər heç bir şəkildə “Heinrich Böll Fondu  Cənubi Qafqaz Regionu - Tbilisi Ofisi”nin görüşləri kimi təqdim edilə bilməz."