“Azərbaycanca etiraz”: milliyyətçiliklə mübarizədə milli dil

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra postsovet məkanında linqvistik dekolonizasiya prosesi vüsət aldı. Daha aydın ifadə edəsi olsaq, söhbət rus dilindən imtina edib milli dilə yönəlməkdən gedir. Region ölkələrinin bir çoxunda linqvistik milliyyətçilik[1] etirazın, habelə real, yaxud illuzion daha yaxşı gələcək uğrunda mübarizənin tərkib hissəsinə çevrilib. Lakin rus dilinin kolonial təsirinin obyektiv olaraq güclü olduğu Azərbaycanda hazırda etiraz və linqvistik milliyyətçilik bir araya sığmayan təmayüllərdir.

Read in English Read in Russian

Statue in front of a residential building

Həddindən artıq şəxsi

Bu mətnin yazılma prosesi ləng və sancılıdır. Sanki sözlər yazılmaq istəmir və necə deyərlər, üzümə durur. Ağlıma gələn bütün fikirlər bayağı və mübahisəli, onları ifadə etmək üçün seçdiyim ifadələr saxta və inandırıcılıqdan uzaq görünür. Bunun səbəbi qismən, rus dili ilə bağlı, bu konteksdə, artıq çox şeyin deyilmiş olmasıdır. Lakin əsas səbəb bu mövzunun mənim üçün məhrəm mövzu olmasıdır. Hərçənd ki, mən “safqan” azərbaycanlıyam, rus dili mənim ana dilimdir. İstənilən qələm adamı kimi, mənim üçün də dil məkanı olduqca mühüm əhəmiyyətə malikdir. Yazı əhlinin adətən, ilk növbədə, onların milliyyəti, doğulduğu, yaxud yaşadığı yer ilə heç də həmişə üst-üstə düşməyən dil amilinə görə təmsil olunmaları əbəs yerə deyil. Məhz buna görə, keçmiş Avstriya-Macarıstan və indiki Çexiya ərazisində doğulmuş yəhudi Frans Kafka ilk növbədə almandilli (amma alman yox!) yazıçıdır. Əgər Kafka 1939-cu ilə qədər yaşasaydı və soydaşlarının bir çoxu kimi Holokostdan qurtulmaq üçün ABŞ-a mühacirət etsəydi, yenə də, çətin ki, alman dilindən imtina edərdi.

Söz alman dilindən düşmüşkən: bu dil nə “Kafkanın dili”, nə “Götenin dili”, nə də “Hitlerin dili” deyil. Habelə ingilis dili “Şekspirin dili”, “Heminqueyin dili”, yaxud “Trampın dili” deyil. Eyni qaydada rus dili də “Puşkinin dili”, “Putinin dili”, “böyük ədəbiyyat dili”, ya da “sovetləşmənin dili” deyil. Bu dillər müxtəlif vaxtlarda, milyonlarla fərli insan tərəfindən, müxtəlif məqsədlər üçün istifadə edilmiş dillərdir. Heç bir dil xüsusi olaraq köləlik, yaxud poetik şah əsərlər yaratmaq üçün nəzərdə tutulmayıb. Bu faktı qəbul etmək emosianal olaraq nə qədər çətin olsa da, o fakt olaraq qalmaqda davam edir.

Lakin bu qızğın müzakirə keşməkeşində mənim də söz deməyə haqqım var. Ən azından ona görə ki, mən hər kəsin qeydinə qaldığı o “kolonializm qurbanları”ndan biriyəm. Dilin dekolonizasiyası prosesi ilk növbədə mənim kimi insanlara – tarixi səbəblərə görə rus dilini ana dili kimi qəbul etmiş insanlara aiddir. Belə olmamalıydı deyə bilərsiniz, amma artıq olan olub. Mən heç vaxt rusdilli olmağıma görə təəssüflənməmişəm: dünyanın ən geniş yayılmış dillərindən birində, “anadangəlmə” səlis danışmaq qabiliyyətinə görə xiffət çəkmək axmaqlıq olardı. Siyasi kimliklə heç bir əlaqəsi olmayan dil kimliyindən utanmaq və hazırki siyasi şərtlərə görə ondan imtina etməyə çalışmaq başqalarının oynadığı geosiyasi oyunların piyadasına çevrilmək, sizin yerinizə qərar vermək haqqını başqalarına vermək deməkdir.

Mənim bəxtimnən, bu məsələdə mənə ən yaxın mövqelərdən birini Sorbonnanın hansısa professoru, Yesenin irsinin tədqiqatçısı (görəsən, belələri var?) deyil, Ukraynanın keçmiş Daxili İşlər Naziri, etnik erməni Arsen Avakov səsləndirib. O, özünü “rusdilli Ukrayna milliyyətçisi” adlandırır. Digər tərəfdən, bəlkə də, konkret, erməni əsilli Ukrayna millətçisinin dilindən çıxanda bu ifadə daha mötəbər səslənir, nəinki hipotetik qərbli professorun dilindən... Nə isə. Müharibədən bir il əvvəl Avakov “rus dilinin Rusiya Federasiyasının malı” və “tam sərəncam hüquqlu əmtəə nişanı” olmadığını demişdi. Avakov hər hansı dilin onun daşıyıcıları dünyasında yaşadığını və inkişaf etdiyini, rusdillilərin dünyasının isə heç bir halda Rusiya Federasiyasının sərhədləri ilə məhdudlaşmadığını, habelə Rusiyaya arzusunda olduğu bu inhisarı könüllü surətdə vermək əvəzinə onu rus dili üzərindəki inhisardan məhrum etmək lazım olduğunu əlavə etmişdi. Avakovla bağlı ümumiyyətlə hansı fikirdə olmağımdan asılı olmayaraq, bu məsələdə onunla tamamilə razıyam.

Amma hazırda söhbət mənimlə Avakovun öz rusdilliliyimizi qorumaq üçün şövqlə sərgilədiyimiz əzmkarlıqdan getmir. Hətta, fərz etsək ki, linqvistik milliyyətçilik və imperiya dilindən imtina yoluyla linqivistik dekolonizasiya sadəcə dəbdə olan cərəyan deyil, bəzi hallarda həqiqətən də konstruktiv və zəruridir, habelə məna kəsb edir, hətta o zaman belə, deyilənlər hazırki Azərbaycan üçün keçərli deyil. Çünki bu gün Azərbaycanda elə bir vəziyyət yaranıb ki, cəmiyyətin və ölkənin inkişafı mənasında milli inkişaf amalı milliyyətçiliyin heç bir növü ilə, o cümlədən linqvistik milliyyətçiliklə bir araya sığmır.

“Adam arasına çıxmaq”

Bakıdan 17 km aralıda yerləşən Suraxanı qəsəbəsinin əhalisinin əsas hissəsini tatlar təşkil edir. Tatlar qədim zamanlardan Azərbaycan coğrafiyasında yaşayan və artıq demək olar ki tamamilə assimilyasiya olunmuş irandilli xalqdır. Lakin aralarında bəziləri öz doğma dilillərini, yəni parsini unutmayıb. Məsələn, 58 yaşlı jurnalist Şahin Rzayev:

“Evdə parsi dilində danışılırdı, məktəbdə isə azərbaycanca təhsil alırdım. Amma təbii ki, bizə rus dilini də öyrədirdilər. Hərçənd, mən hələ məkdəbə başlamamışdan əvvəl də rus dilində danışa bilirdim: cizgi filmlərinə baxırdım və valideynlərim öyrədirdilər. Nəticə etibarilə, bu üç dil mənim üçün doğmadır. Mən rus dilini bilmədiklərinə görə qürrələnənləri başa düşə bilmirəm. Ümumiyyətlə, ağıllı insan nəyisə bilmədiyini, yaxud bilmək istəmədiyini car çəkməməlidir. Lakin hazırda, təəssüf ki, belə bir tendensiya var.”

Bu yaxınlarda Şahin anasından onun rusca öyrənməsi üçün niyə bu qədər səy göstərdiklərini soruşub. Cavab belə olub: “Adam arasına çıxa biləsən deyə.” Bu gün azərbaycandilli valideynlər öz uşaqlarını rusdilli məktəblərə, yaxud Azərbaycanda istifadə olunan adıyla “rus sektoru”na göndərəndə təxminən eyni prinsipi rəhbər tuturlar. 2023-cü ilin rəsmi statistikasına görə, Azərbaycanda dövlət məktəblərində 160 minə yaxın uşaq rus dilində təhsil alır. 10 milyon əhalisi olan ölkə üçün elə də çox deyil, lakin beş il əvvəlki göstəricidən 1,5 dəfə çoxdur. Bu heç də həmin şagirdlərin hamısının rus dilini öz ana dilləri kimi qəbul etdikləri mənasına gəlmir (eyni qaydada, ingilisdilli özəl məktəblərdə təhsil alanların ingilis dili ana dilinə çevrilmir), lakin bu rus dilində təhsilə tələbatın artdığını göstərir. Mütləq mənada azərbaycandilli olan ailələr getdikcə daha çox öz övladlarını rus sektoruna göndərirlər. Onlar rus sektorunda təhsilin daha yaxşı olduğuna, habelə rus dilini bilməyin uşaqların gələcək həyatında faydalı olacağına inanırlar.

Əslində, zamanla rus sektorundakı təhsilin keyfiyyətinin onu almaq istəyənlərin sayı ilə tərs mütənasib olduğu aydın olub: bu qədər ehtiyacı qarşılamaq üçün kifayət qədər müəllim yoxdur.

“Qızımın sinfində 48 şagird var. Müəllim dərs zamanı hər uşağa heç olmasa bir dəqiqə vaxt ayıra bilmirsə, hansı tədris keyfiyyətindən söhbət gedə bilər? Hökümət nə rus sektorunu bağlayır, nə də onu lazımi kadrlarla təmin edir. Hər şey allahın ümidinə qalıb. Ancaq rus sektorunun hələ də öz üstünlükləri var. Məsələn, orada uşaqlar Heydər Əliyevin doğum günü şərəfinə şeir deməyə məcbur edilmir, ya da azsektorda olduğu kimi milliyyətçi, militarist məşğələlərə cəlb edilmir.”

Bu fikirləri mənimlə 45 yaşlı Samirə Əhmədbəyli bölüşür.

bookshelves in the street

İkidilli milliyyətçilik

Samirə doğrudan da 8 yaşlı qızının rusdilli kimi böyüməsini istəmir. Amma bundan da çox istəmədiyi şey qızının milliyyətçi olmasıdır. Azərbaycanla onun postsovet qonşularının bir çoxu arasındakı əsas fərq məhz bundan ibarətdir.

Bəlkə də bu baxımdan ən bariz nümunə kimi Belarusiyanı göstərmək olar. Burada linqvistik milliyyətçilik, ümumi mənada milliyyətçilik kimi, avtoritarizmə qarşı etirazın qəbul edilmiş komponentidir. Azərbaycanda isə “milliyyətçilik” anlayışı və onun bütün törəmələri (“millətin birliyi”, “milli maraqlar” və s.) cəmiyyətin etiraz yönlü hissəsi üçün müstəsna olaraq mənfi mənaya malikdir. Çünki hakim rejim bu anlayışları militarist propaqanda və öz iqtidarını möhkəmləndirmək üçün istifadə edir. Və bu baxımdan ənənəvi müxalifət də iqtidardan heç də geri qalmır.

“Rejim, faktiki olaraq, “milliyyətçilik”, “milli birlik” və bu kimi anlayışları özününküləşdirib. Ona görə də, bu gün Azərbaycanda dissident olmaq başqa şeylərlə yanaşı istənilən növ milliyyətçiliyə, o cümlədən linqvistik milliyyətçiliyə qarşı çıxmaq deməkdir.” – deyə, tarixçi Altay Göyüşov izah edir.

Öz növbəsində, Azərbaycandakı rusdillilərin də qatı milliyyətçilik və hakimiyyətə (ki, əsas etibarilə o da rusdillilərin əlindədir) sədaqətlə problemləri yoxdur.

İkinci Qarabağ Müharibəsinə qədər rusdillilərin vətəni veclərinə almayan “beşinci kolon” olduğuna dair fikir hakim olsa da, 2020-ci ilin sentyabrında bu fikirin heç də həqiqəti əks etdirmədiyi aydın oldu. Rusdilillərin sosial şəbəkələrdə, Qarabağla bağlı bütün məsələlərdə  nümayiş etdirdikləri qətiyyət və hərbi vətənpərvərlik heç də azərbaycandilli kəsimdən geri qalmır. Hətta rusdillilərin informasiya müharibəsinin avanqardına çevrildiklərini demək mümkündür. Çünki onlar daha geniş əcnəbi auditoriyalara çıxa, ermənilərlə mübahisəyə girə, bir-birilərinə kimin haqsız olduğunu sübut edə və bunu edərkən rus dilinin zəngin vulqarizm arsenalından istifadə edə bilirlər.

“Məncə, onların bir çoxu üçün bu ayda-ildə bir dəfə ələ düşən, özünü cəmiyyətin bir hissəsi kimi hiss etmək fürsəti idi. Həm özlərinə, həm də başqalarına onlardan biri olduğunu, rusdilli olsa da əsl azərbaycanlı olduğunu sübut etmə fürsəti.” – deyə, 31 yaşlı fotoqraf Orxan Sultanov Qarabağda hərbi əməliyyatların bərpasından sonra artan vətənpərvərlik səviyyəsi ilə bağlı öz müşahidələrini bölüşür. Orxanın o vaxta qədər tamamilə apolitik olan rusdilli dostları da həmin vətənpərvərlik selinə qapılmışdılar.

Yeri gəlmişkən, rusdilli media da demək olar ki, tamamilə hakimiyyətyönlüdür və öz sinəsini informasiya müharibəsindən, o cümlədən milli maraqların müdafiəsindən geri çəkmir.

Lakin Pedaqoji Universitetin müəllimi Şəlalə Məmmədova sadəcə media və sosial şəbəkələrə əsaslanmaqla nəticə çıxarmağın doğru olmayacağı qənaətindədir. Onun şəxsi müşahidələrinə görə, rusdilli azərbaycanlıların əksəriyyəti, xüsusən də ermənilərin Bakıda hələ də yaşadığı dövrdə yaşamış yaşlı və orta nəsil heç vaxt münaqişənin hərbi yolla həllini dəstəkləməyib və ermənifobiyaya meylli olmayıb. Onların bu kimi düşüncələrini açıq-aşkar bölüşmək istəməməsi isə başqa müzakirənin mövzusudur:

“Hamı bilir ki, Azərbaycanda ictimai məkan nəzarətdədir və hakimiyyətin rəsmi mövqeyinə zidd mövqe sərgiləmək təhlükəlidir. Məhz buna görə sosial şəbəkələrdə, adətən, ura-patriotizm və prezidentə təşəkkür nümayişləri ilə qarşılaşırıq. Bu, həm rusdilli, həm də azərbaycandilli istifadəçilər üçün keçərlidir. Ölkədə mövcud olan senzuranı və özünüsenzuranı nəzərə alsaq, cəmiyyətin əsl əhval-ruhiyyəsi ilə bağlı sadəcə təxminlər irəli sürə bilərik.”

Beləliklə, Azərbaycanda milliyyətçilik və avtoritarizm ikidillidir. Onunla münasibətdə dil faktoru heç bir rol oynamır, dost-düşmən bölgüsü ideoloji prinsiplərə əsaslanır.

“Azərbaycanca etiraz”

Müstəqil qrup və təşkilatların, o cümlədən Altay Göyüşovun rəhbərlik etdiyi Bakı Araşdırmalar İnstitutunun (Baku Research Institute, BRI) iştirakçısı olduğu cari “Azərbaycandilli etiraz” dekolonizasiya dedikdə heç də linqvistik dekolonizasiyanı nəzərdə tutmur. Onlar Azərbaycan dilinin cəmiyyətin gələcək inkişafı üçün əhəmiyyətini dərk etməklə, onun hər hansı başqa dillə qarşı-qarşıya qoyulmasına, qüdsiləşdirilməsinə və vətəndaş mövqeyi ilə eyniləşdirilməsinə qarşı çıxırlar. Onların fikrincə, indi Azərbaycan dili və onun vasitəsilə bütövlükdə cəmiyyət üçün edilə biləcək ən yaxşı iş, müvafiq ideyaları təbliğ edən, o cümlədən millətçiliyin tənqidini və bəzi milli miflərin ifşasını ehtiva edən azərbaycandilli məzmun yaratmaqdır. Məsələn, 2023-cü ilin yayında Egalite nəşriyyatı britaniyalı tarixçi Erik Hobsbaumun “1780-ci ildən bəri millətlər və milliyyətçilik” (Nations and Nationalism, 1991) adlı kitabını tərcümə və nəşr etmişdir. Bakı Araşdırmalar İnstituru isə, mütəmadi olaraq, əvvəllər azərbaycandilli mühitdə demək olar ki, heç vaxt toxunulmamış mövzularda orjinal və tərcümə akademik məqalələr dərc edir.

Amma yüksək keyfiyyətli azərbaycandilli məzmunun, xüsusən də elmi materialların yoxluğundan şikayətlənən təkcə marjinal dissidentlər deyil. Ölkənin ən məşhur naşiri Şahbaz Xuduoğlunun sözlərinə görə, 32 illik müstəqillik dövründə nə Azərbaycan dilində normal təhsil sistemi yaradılıb, nə də keyfiyyətli dərsliklər yazılıb. Gənclər yalnız xarici dil – yəni ingilis, rus, yaxud türk dilini – bildikləri təqdirdə müvafiq elmi biliklərə yiyələnə bilərlər. Bütün bunları isə, nə qədər istəsək də Rusiyanın, Qərbin, Türkiyənin, masonların, kinli yadplanetlilərin məkrli siyasətlərinin boynuna ata bilmərik. Bu, Azərbaycanın daxili problemidir, daha doğrusu, daha böyük və mürəkkəb problemin tərkib hissəsidir.

Hətta, tərcümə olunmuş bədii ədəbiyyatın keyfiyyəti də - bu ədəbiyyatı nəşr edən Şahbaz Xuduoğlunun öz sözlərinə görə -oxucuları adətən razı salmır . Bu problem peşəkar bədii tərcüməçilərin azlığından və bədii tərcümə isntitutunun yerli-dibli mövcud olmamasından qaynaqlanır.  

“Uşaqlıq və yeniyetməlik illərimdə, hətta bizim kənd kitabxanamızın rəfləri tərcümə ədəbiyyatı ilə dolub-daşırdı. Tərcümənin keyfiyyəti isə çox yaxşı idi. 90-cı illərin əvvəllərində Azərbaycan kiril əlifbasından latın əlifbasına keçəndə isə bu kitablar, sözün əsl mənasında zibilliyə atıldı,” – deyə, Şahin Rzayev xatırlayır.

Türk izi

Azərbaycanda latın əlifbasına keçid müstəqillik əldə edildikdən sonra, 1992-ci ildə başlayıb və 10 ilə yaxın vaxt alıb. Bu dövrdə məktəbə gedən uşaqlar yazıb-oxumağı latın əlifbası ilə öyrənsələr də, bu əlifba ilə yazılmış kitablar hələ çap olunmamışdı. Bu nəsil kiril əlifbası ilə oxumağı bacarsa da, ədəbiyyatın, xüsusilə akademik ədəbiyyatın və ümumiyyətlə istənilən növ məzmunun qıtlığı ilə üzləşirdi. Yenə də, nəsə oxumaq, izləmək, dinləmək istəyənlər öz intellektual ehtiyaclarını türkcə ilə qarşılamağı öyrənib və beləliklə, türkdilli informasiya məkanında böyüyüblər.

Nəticədə, bu nəslin bəzi nümayəndələri türk pop mədəniyyətinin izindən getdi, bəziləri pantürkizmə yönəldi, bəziləri isə solçu türk şairi Nazim Hikmətin, habelə Fuko və ya Marksın türk dilinə tərcümə olunmuş əsərlərindən təsirləndi. İkinci kateqoriyaya aid olanlar hazırki Azərbaycan reallığında özünü suda balıq kimi hiss edir. Axı müasir Azərbaycan milliyyətçiliyi məhz “türk” milliyyətçiliyidir. Hakimiyyət və hətta ondan da çox müxalifət də hər fürsətdə azərbaycanlılarla türklərin qardaş olduğunu, bizim “bir qandan” olduğumuzu, habelə yadlara və düşmənlərə qarşı birlikdə mübarizə aparmalı olduğumuzu xatırladır. Üçüncü kateqoriyaya aid olanlar isə solçu (yaxud o qədər də solçu olmayan) anti-milliyyətçi oldular.

Hazırda türk dili azərbaycanlıların gündəlik danışıq dilinə təsir etməkdə davam edir. Lakin dillər qohum və xeyli bənzər olduqlarına görə türk sözlərindən istifadə edənlər özləri də bunun fərqlində olmurlar. Xarici Dillər Universitetinin dekanı, italyan dilindən tərcüməçi Bənövşə Məmmədova tələbələrinin bir çoxunun türk sözlərindən, onların azərbaycanca olmadığının fərqinə varmadan, istifadə etdiyini qeyd edir.

Etibarsız valyuta

“Azərbaycanda ədəbiyyat, teatr  bu və bu kimi bir çox başqa sahələr inkişaf etmiş dünya ilə əlaqəsi kəsilmiş adacıqlar kimi mövcuddur. İstedadlı gənclər çoxdur, lakin onlar bilik və dəyərlər baxımından dünyadan geri qalırlar. Çünki bu bilik və dəyərləri əldə etmək üçün azərbaycandilli mənbələr mövcud deyil. Bizdən bütün bunları xarici dilləri kifayət qədər yaxşı bilməyən gənclər üçün əlçatan hala gətirmək tələb olunur.” – Altay Göyüşov belə hesab edir.

Son illərdə getdikcə daha çox gənc (demək olar ki, iqtisadi və ya intellektual imkanı əl verən hər kəs) bakalavr, yaxud magistr təhsili almaq üçün xaricə gedir: Avropaya, ABŞ-a, yaxud heç olmasa Türkiyəyə. Onların əhəmiyyətli bir hissəsi öz xarici diplomlarının imkanlarından faydalanmağın daha yaxşı yollarını tapır və Azərbaycana qayıtmır.

Lakin ölkə daxilində də yaxşı iş tapmaq üçün xarici dilləri, ən azı rus dilini bilmək tələb olunur. Hərçənd, heç bu da sizin iş tapa biləcəyinizə zəmanət vermir. Ailə üzvləriniz və ya dostlarınızın əlinin yaxşı yerlərə çatması sizin yolunuzu daha asanlıqla aça bilər.

Bütün bunların işığında Azərbaycan dili “etibarsız valyuta” olaraq qalmaqda davam edir, onunla özünüzə yaxşı gələcək “satın almaq”, yaxud “adam arasına çıxmaq” çətindir. Bu, bəlkə də, ən azı Azərbaycanın sərhədləri daxilində azərbaycan dilinin hərtərəfli inkişafının qarşısını alan əsas maneədir.

Sosioloq Samirə Ələkbərli indi “dünya dili” adlandırılan demək olar ki, bütün dillərin ilk növbədə kolonial dil olduqlarına görə bu mövqeyə gələ bildiklərini xatırladır:

“İngiliscə, fransızca, ispanca... Bütün bu dillər həmin ölkələrin müstəmləkəçilik siyasəti ilə bütün dünyaya yayılıb. Həmin müstəmləkəçilik təcrübəsi bu ölkələrə inkişaf üçün kifayət qədər qaynaq toplamağa, dillərini başqaları üçün cəlbedici hala gətirməyə imkan verib. Elə sosial-iqtisadi şərait yaradılıb ki, imperiya dilini öyrənmək əlverişli olub. İndi, linqvistik dekolonizasiya prosesində bu vacib əhəmiyyətli sosial-iqtisadi amili nəzərdən qaçırmaq olmaz.”

***

...Bu mətnin yazılma prosesi uzun və sancılı idi və sözlər sanki yazılmaq istəməyərək üzümə qayıdırdı. Bu müddət ərzində Dağlıq Qarabağda “antiterror əməliyyatı” baş tutmağa macal tapdı və sosial şəbəkələrdə Ermənistan-Azərbaycan mübahisələri yenidən alovlandı. Hər iki tərəfdən insanlar mübahisə edir, söyüş söyür, bir-birilərini bütün mümkün günahlarda ittiham edir və yenə də əsasən rus dilində ünsiyyət qururlar. Rus dili onların əksəriyyəti üçün hələ də özlərini ən  rahat hiss etdikləri lingua franca olaraq qalmaqda davam edir. O dil ki, çox da uzaq olmayan keçmişdə beynəlmiləl sovet Bakısında ünsiyyət üçün istifadə olunurdu. Bəlkə, SSRİ-nin dağılmasından sonra onu tamamilə unutsaydılar daha yaxşı olardı?... Bu əlbəttə ki, ironiyadır. Və əlbəttə, bir gün bunun da baş verəcəyini başa düşürəm: onlar bu dili unudacaqlar və çox güman ki, üstündən 10-15 il keçəndən sonra yeni erməni və azərbaycanlı nəsilləri artıq ancaq ingiliscə dostluq edib və söyüş söyəcəklər. Əlbəttə, əgər bir-biriləri dost ola bilsələr. Və əlbəttə, əgər o vaxta qədər ingilis dilini də “gözdən salan” heç nə baş verməsə...

P.S. Babil qülləsi əfsanəsini xatırlıyırsan? Bəlkə hər şey başqa cür olub? Bəlkə insanları bölən, onları fərqli dillərdə danışmağa məcbur edən və fərqli istiqamətlərə səpələyən tanrı olmayıb? Bəlkə onlar özləri o dövrdə ortaq olan dili çəkişmələr və qarşılıqlı ittihamlar üçün istifadə etməyə başlayıblar? Və tanrı bu rüsvayçılığa son qoymaq üçün tədbir görməyə məcbur olub... Və o vaxtdan bəri insanlar əsrlərdir öz itirilmiş ortaq dillərini axtarırlar.

The content of the publication is the sole responsibility of the author and can in no way be taken to reflect the views of the Heinrich Boell Foundation Tbilisi Office - South Caucasus Region.

 

[1] Bu mətndə “linqvistik milliyyətçilik” ifadəsi pejorativ mənada istifadə olunmur və qətiyyən heç bir qəsdi mənfi konnotasiya ehtiva etmir. Əksinə, bu termin neytral mənada, milli dilin milli öz müqəddəratını təyin etmənin mühüm tərkib hissəsi olduğunu vurğulayan bir sıra ideya və anlayışları təmsil etmək üçün istifadə olunur.